Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Zamin Hacı: ZAMAN “AVTOŞLUĞU”

Mirzə Xəzər 10 İyn 2010

no comments

Zamin12

Dünən Nazirlər Kabinetinin qərarı çıxıb, 12 iyunla 14 iyunun yerini dəyişəcəklər. Nəyə görə, sadəcə, 15 iyun yapokratların qurtuluş günüdür, həmin gün qeyri-iş günüdür və həftənin ikinci gününə düşəcək. Ona görə də bu şənbə ilə gələn həftənin bazar ertəsi yerini dəyişməyə məcbur olacaqdır. Zamana barmaq edəcək qədər qüdrətli respublikamızın olması ilə qürur duyuruq. Bu saat bizim hakimiyyət istəsə tarixin təkərini döndərib, fələyi lap iki təkər üstünə qaldırıb xalqımızı eradan bir milyon il öncəyə qaytara bilər. Zaman üzrə “avtoşluq” eləmək bunların köhnə xasiyyətidir, məsələn, rəsmi sənədlərə görə dövlət müstəqilliyimizin tarixi 1918-ci ildən başlayır, ancaq YAP-ın xronologiyasına əsasən istiqlala 1969-cu ildə qovuşmuşuq, özü də istiqlal mücadiləmizin avanqardında nə az, nə çox - KQB generalı dururmuş. Əgər bu xəbər axirətə çatıbsa heç şübhəsiz Yura Andropov orada özünü qır qazanına atıb çoxdan intihar etməlidir.

Hər şey eləmək olar ölkəmizdə. İstəsən fevralı noyabrın, avqustu dekabrın yerinə dürtərsən. Bazar gününün qulağından yapışıb çəpiş kimi mələdə-mələdə gətirib çərşənbə eləyərsən. Burada əsas məsələ rəhbərin fərman və sərəncam verməsidir. Əgər zati-aliləri göstəriş versə, iyulun 10-dan, yəni lap elə bu gündən ölkəmizdə qış girər. Çətin iş deyil ki? Neftin pulundan xərcləyib süni qar da yağdırarlar.
Bu baxımdan, Seçki Məcəlləsinə dəyişiklik layihəsinə görə müxalifətin narahatlığı başa düşülən deyil.


Yəqin xəbəriniz vardır, bugünlərdə YAP deputatxanaya layihə dürtübdür, həmin kağıza görə ölkəmizdə seçki kampaniyasının müddəti 75 gündən 60 günə salınır, qeydə alınan namizədlərə dövlətin 200 manat yardımı isə ümumiyyətlə ləğv olunur. Müxalifət də buna etiraz edir, deyirlər bu dəyişikliklər hakimiyyətin qorxusunu göstərir.
Doğrusu, 200 manat yardım elə qəpik-quruşdur ki, bunu heç müzakirə eləməyə ehtiyac yoxdur. Vermirlər, cəhənnəmə versinlər. Kampaniya vaxtının qısaldılmasına gələndə, qabaqlar bizdə bu vaxt 120 gün idi, sonra 75 oldu, indi də lap ləğv edilsin - nə dəyişəcək? Guya burada seçki haçan məcəllə-filan üzrə keçirilib? Ümumiyyətlə, bizdə seçki olmur axı! Təyinat olur, Prezident Administrasiyasından gələn siyahı üzrə adamları vəzifələrə təyin edirlər. Heç xalqın da çox vecinə deyil, bir növ adətkərdə olubdur və bu saat xalq iqtidar-müxalifət arasında məcəllə mübahisələrini eşidib öz-özünə fikirləşir ki, görəsən, bunlar nəyin üstündə dalaşırlar, bu məcəllə yeməli şeydir, yoxsa alt paltarının bir növüdür, daha da qısalsa ayıb olacaq və sairə...


Möhtərəm yoldaşlar və bəylər, o cümlədən xanımlar və cənablar. Heç özünüzü yormayın. Mənim fikirlərimi də ümidsizlik yaratmaq cəhdi saymayın. İndiyə qədər o qədər boş ümidlərə aldanmışıq, daha yeri yoxdur. Bu il də seçki-zad olmayacaq. Çünki xalq yuxudan ayılana oxşamır. Dürtmələyib ayıldanda da gərnəşib o biri üzünə çevrilir, təzədən yatır. Ona görə də seçki kampaniyasının qısaldılmasına narahat olmağa qəti ehtiyac yoxdur. Biz yalnız nədən narahat ola bilərdik? İstəyirsinizsə onu yazaram. Bax, bu daha ciddi məsələdir.
Bizdə seçki proseslərini hakimiyyət polis dəyənəkləri, sümükqıran itlər hesabına idarə edir, yenə yazıram, məcəllə-filan boş şeydir. Əgər deputatxana polis dəyənəyinin ucunu daha metr yarım uzatmaq qərarı versə, yaxud sümükqıran itlərə beyinsümürən köpəklər əlavə olunsa, lap elə mitinqləri dağıtmaq üçün Hindistandan fil gətirsələr buna görə narahat olmağa dəyərdi...

Sabah ayın neçəsidir, bilən varmı?


“Yeni Müsavat” qəzeti

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: ZALIM ŞAHIN MƏMLƏKƏTİ

Sonrakı məqalə: Məlahət Ağacanqızı: Mətbuata mükafat və cəza

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5166

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin