Seymur Həziyev: Ac Eynulladan tox Əliyevə mesaj
Eynulla Fətullayev dünəndən acdı. Əliyevlər rejimi isə on doqquz ildir ki, doymur. Yəni acdırlar. Eynulla qidadan imtina edib, mədəsi acdır, özünə yazıq. Əliyevlər hakimiyyətdən yapışıblar, gözləri doymur, millətə yazıq. Eynulla Ilham Əliyevi danışdırmaq istəyir. Onun Avropa insan haqları məhkəməsinin baş redaktor haqqındaki qərarına rəyini bilmək istəyir. Ilham Əliyevin rəyi şübhəsiz bizə aydındır. Elə Eynullaya da. Onun rəyi olmasaydı, kim indiyə kimi ölkənin üç qəzetçisindən birini həbsdə saxlaya bilərdi? Yoxsa bu ölkədə Ilham Əliyevin rəyindən kənar məhkəmə var? Amma Eynulla düz eləyir, Ilham Əliyev şəxsən danışmalıdı və deməlidir ki, Eynulla Fətullayev mənim sistemim üçün qorxulu adamlardandı. Onu mən həbs eləmişəm və azadlığa buraxmaq kimi bir fikrim də yoxdur. Qoy Avropada gündə yüz qərar versinlər. Mənim heç eynimə də deyil... Ilham Əliyev bu sözləri deməlidir. Onu buna məcbur etmək lazımdır... Amma o susduqca daha dərin bataqlığa batır. Çünki, heç olmasa, deməlidir ki, heç mənim Eynullanın həbsindən xəbərim yoxdu. Məncə bu onun ən özünəməxsus və məntiqli rəyi ola bilər. Fakt budur ki, Eynulla narkoman olmamışdan əvvəl terrorçu olub. Ilham Əliyev isə hələ də diktator olaraq qalır. Bu ölkədə dəyişməyən adam Ilham Əliyev, dəyişməyən dəyər isə diktaturadır. Elmar Hüseynovun qətli ilə bağlı ən tutarlı fikirlərinə diqqət ayrılmayan Eynulla ölkədə bir yazı ilə xaos yaradacaq adam imiş. Bu sistem elə hər şeyi bu məntiqi sıra ilə anlayır. Ya da bizi də özündən sayıb belə anlatmaq istəyir.
Ac Eynulla Fətullayev tox Ilham Əliyevdən xəbər gözləyir. Toxun acdan xəbər olmasa da, acın toxdan bir məlumatı olar. Ac bilir ki, toxun gözü doymalıdır. Mədə problemi yoxdur. Cəlaləddin Rumi deyirdi ki, uzaq yoldan gəlirsənsə, çarığın danışsın. Qarnın acdırsa, Allah doyursun. Gözün acdırsa, gördüklərinə yazıq. Bəli, bu hakimiyyətin gördüklərinə yazıq. Hər gördüyünü qamarlamaq xisləti belələrinin qoynuna çox günah yığar. Amma gözü könlü tox ikən başqaları üçün həyatını, azadlğını fəda edən insanların mərtəbəsi
hara, Ilham Əliyevin BBC-də, “Vaşinqton Post”da bəhs edilən və onu heç bir mənada doyurmayan mülklərinin ona verdiyi yüksəklik imkanları hara.
Bu sətirləri yazanda ağlımnan keçdi ki, Eynullaya münasibətim necə olub? Bir o qədər də xoş deyildi. Bunun faciəvi bir səbəbi də yoxdur. Amma bizim iki çəkici bir zindana vurmağımız hər şeyi dəyişib. Bunu özüm də hiss eləməmişəm... Bu bir döyüş hazırlığıdı... təhlükə eyni yerdəndi.
Yeri gəlmişkən hakimiyyət qara camaata belə bir tezis sırıyıb ki, indiki hakimiyyət talayıb doyub, amma kim onları əvəz eləsə ac olacaq, yenidən talan edəcək. Qardaşlarım, sağınıza, solunuza baxın, görün onlar doyublarmı? Doysalar arayışlar pulsuz olar... Həkimlər, müəllimlər rüşvət almaz... Ramiz Mehdiyev bu yaşında təqaüdə çıxar. Ilham Əliyevin yaxınları gəlirlərin yenidən bölüşdürülməsi üzrə daxili müharibə aparmazlar. Yəni aclıq insanın mədəsində olmur, gözündə olur. Məncə, hər şey aydındır. Acın toxdan xəbər gözləməsinə gəlincə, onu deyə bilərəm ki, Eynulla öncədən qalib gəlib.
“Azadlıq” qəzeti
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: KÖRPƏLƏR BİLMƏZ... (şeirlər)
Sonrakı məqalə: “AZADLIQ” BLOKUNUN MİTİNQ CƏHDİ. XƏSARƏT ALAN VAR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5162
