“AZADLIQ” BLOKUNUN MİTİNQ CƏHDİ. XƏSARƏT ALAN VAR
foto: musavat.com
Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu “Azadlıq” bloku iyunun 5-i Bakıda mitinq keçirməyə cəhd göstərib. Aksiyaçılar əvvəlcədən elan olunmuş məkana - “Nərimanov” kinoteatrının qarşısına deyil, paytaxt meriyasının binası qarşısına toplaşmaq istəyiblər.
“Media forum” saytı xəbər verir ki, metronun “İçərişəhər” stansiyasından çıxıb Bakı Şəhər İcra Hakimiyyətinin binasına sarı yürüş etmək istəyən 50-yə yaxın aksiyaçı polisin müqaviməti ilə üzləşib. Saxlanılanlar var. AXCP üzvü Vaqif Xalıqov xəsarət alıb, burnu zədələnib.
Aksiyanı beynəlxalq təşkilatların - Avropa Şurasının, ATƏT-in təmsilçiləri də izləyir. Əraziyə paytaxt polisinin və Çevik Polis Alayının qüvvələri cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun iyunun 5-də mitinq keçirməklə bağlı müraciətinə iyunun 2-də cavab verib. Meriya aksiyanı Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüzdəki meydançada keçirməyi məsləhət görüb.
Meriyaya müraciətdə aksiyanın şəhərin mərkəzi meydanlarında keçirilməsinə şərait yaradılmasını istədiyindən “Azadlıq” bloku iyunun 5-i saat 15.00-da “Nərimanov” kinoteatrının qarşısına sanksiyalaşdırılmamış aksiya təyin etmişdi.
"Media forum"
Əvvəlki məqalə: Seymur Həziyev: Ac Eynulladan tox Əliyevə mesaj
Sonrakı məqalə: Salam Mirzə Xəzər bəy
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5163
