Məlahət Ağacanqızı: KÖRPƏLƏR BİLMƏZ... (şeirlər)
Məlahət Ağacanqızı
KÖRPƏLƏR BİLMƏZ... (şeirlər)
Kişilər istədikləri vaxt
sevmədikləri qadını
atıb gedə bilərlər-
qadınlar ata bilməz:
qohumlar qoymaz...
Atalar istədikləri vaxt
bezdikləri evi
qoyub gedə bilərlər-
analar gedə bilməz:
körpələr qoymaz...
Qadınlara
sevmədikləri ər
asılmadan ölmək üçün
ömürlük dar ağacıdır-
qohumlar görməz...
Analara
bezdikləri ev
üç-dörd otaqlı,
mətbəxi olan,
işığı yanan
məzar içidir -
körpələr bilməz...
ƏN ƏZİZ KÖRPƏM
Sənin üçün darıxdım,
çox darıxdım...
Sənli xatirələri
bələdim körpə kimi
götürdüm qucağıma-
döşlərimdən
ağ süd yerinə
qaralan qanımı
içdi Sənli xatirələr...
Bal kimi xatirələr-
zəhərə dönən,
qaralan qanımı
şipşirin,
ağ südə çevirdi...
Sənli xatirələr-
yeni doğulan körpə kimi
qanımı və məni
dəyişdi...
Sənli xatirələr-
heç vaxt
məni tərk etməyən,
həyatı sevdirən,
göylərə aparan,
qanadlı,
məsum,
ən əziz körpəm...
BƏDƏN VƏ ÜRƏK
Ürəyin peşəsi
dərd çəkmək imiş-
ürək dərd çəkirsə
yaşayır demək...
Bədənin istəyi
yada düşmədi,
bədənin arzusu-
bir sığal görmək...
Ürək döyünmək üçün
dərdləri seçdi,
bədən yaşamaq üçün
sevəydi gərək...
Bədənin içində
ürək dərd çəkdi,
bədənin içində
ürək ağladı...
Ürəyin nə vecinə
bədən qocaldı,
ürəyin nə vecinə
ömür qısaldı...
Ürəyim bədənimi
yoldan çıxartdı-
bədənim ürəyimin
dərdini sevdi,
bədənimi ürəyimin
DƏRDi öldürdü...
BƏNÖVŞƏM
Ürəyimizə buludları tökdülər,
yaz günümüzü payız günü etdilər.
Sevdiyimizi bizdən ayrı saldılar,
gəl ağlayaq bu taleyə, bənövşəm...
O donundan, o rəngindən geyərəm,
mavi rəngi həsrət rəngi bilərəm.
Gəlib sənin kol evində qalaram,
yar gözlərik birgə orda ,bənövşəm...
Səndən başqa hər bir güldən bezmişəm-
mən onları gözə girən,
əldə gəzən görmüşəm...
Sənin yanına bir diləyə gəlmişəm-
məzarımda Sən bitəsən, bənövşəm...
Əvvəlki məqalə: CUMHURİYYƏT BAYRAMI QEYD EDİLDİ
Sonrakı məqalə: Seymur Həziyev: Ac Eynulladan tox Əliyevə mesaj
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5159
