CUMHURİYYƏT BAYRAMI QEYD EDİLDİ
foto: "Yeni Musavat"
"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar".
Bəli Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə qovuşacaq. Bu gün Novxanıya axışan cumhuriyyət aşiqləri şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 92- ci illiyini qeyd etdilər.
Səhər saatları olmasına baxmayaraq Novxanıdakı M.Ə. Rəsulzadə parkında izdihamlı vəziyyət yaranmışdı. Ölkəmizdəki bir çox gənclər təşkilatı parkı ziyarət edib, ulu öndərin heykəli önünə tər qərənfillər qoydular. Daha sonra anım məraiminə qatılan Müsavat partiyasının başqanı İsa Qəmbər parka toplaşan kütlə qarşısında çıxış etdi.
foto: "Yeni Musavat"
Müsavat başqanı çıxışında bildirdi ki, Xalq Cumhuriyyətinin memarları olduqca ağır bir şəraitdə respublika qurublar: “Ulu öndər Məmməd Əmin Rəsulzadə və cumhuriyyətin digər memarları sübut etdilər ki, vətən ona rəhbərlik etmək üçün deyil, vətən onu qoruyub saxlamaq, inkişaf etdirmək üçündür. Onların zamanında Azərbaycann ərazi bütövlüyü qorunurdu. Ona görə də biz Rəsulzadənin və onun silahdaşlarının bizə əmanət etdiyi istiqlalımızı, müstəqilliyimizi qorumaqla yanaşı demokratiya ilə ölkəmizin müstəqilliyini gücləndirməliyik”.
Anım mərasiminə toplaşanlar daha sonra ulu öndərin kənd qəbirstanlığında uyuyan yaxınlarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxudular.
Fərahim İLQAROĞLU source: "Yeni Musavat" http://www.musavat.com/new/Son_xəbər/77662-CUMHURİYYƏT_BAYRAMI_QEYD_EDİLDİ_(FOTOLAR)
Əvvəlki məqalə: 28 MAY MİLLİ BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ OXUCULAR!
Sonrakı məqalə: Məlahət Ağacanqızı: KÖRPƏLƏR BİLMƏZ... (şeirlər)
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5158

