Məlahət Ağacanqızı: TƏBİƏT uçmağa çağırır BİZi!
Məlahət Ağacanqızı
Telekanallarımız “qadınların kritik günləri” deyib, gün- güzərana dəxli olmayan məhsulları canfəşanlıqla o qədər reklam etdilər ki, Ana təbiətin kritik günləri başladı. Amma sarsaq reklamlar və çal-çağır gecə-gündüz davam edir. Ölkənin kritik durumuna göz yumub susanlar, arxa çevirənlər çoxdur: şairlər, yazıçılar, aşıqlar, müğənnilər...”Yıxılıb ekrana Zəlimxan qağa”mız haradadır? Nə əcəb sazlı–sözlü dəstəsini başına yığıb Kürü vəsf etmir? Kür fəxri ad, orden - medal, təqaüd verə bilmədiyinə görəmi təriflənmir? Bəlkə general Kür “SU çevrilişi” etdiyinə görə xalq şairlərinin diqqətini çəkmədi? Bəlkə Kür, Araz, Mil, Muğan... deyəni MTN-ə çağırıb sorğu - sual ediləcəklərindən qorxurlar? Axı cəsur Kür hökumətin üzünə tüpürmək üçün bəndləri vurub dağıdır. Ana TƏBİƏTin qüruru, hissləri ilə oynayanın altı islanar. Təbiətin texnikadan, rüşvətdən, haqsızlıqdan zəhləsi gedir .Ana təbiətin dahi övladı Kür demir ki, ona poema-dastan həsr olunsun, heykəli-büstü qoyulsun. Diyor ki, bundan sonra Zəlimxan qağa sazı köksünə basıb dınqıldatmasın, ayıbdır. Bilal Əliyev bir ağız “yaşa, Kürüm, yaşa...”oxusun. Niyə rəqqasələri, müğənniləri Kürün hüzuruna aparmırlar, amma səhərdən –axşama kimi prezidentin qabağında oynadırlar? Prezident bir yaltaq mahnıya, şeirə görə onlara ev, torpaq, medal bağışladığı üçünmü onu “çox istəyirlər?” Kür belə -belə analoqu olmayan iyrəncliklərdən bezib cuşa gəldi, qəzəbləndi, yüzlərlə evi, torpağı yararsız hala saldı, minlərlə insanı evsiz-eşiksiz qoydu. Məmurlar hisli-paslı müğənniləri parıldatmaq üçün Kürün boğazından kəsib onu lil, çamur içində qoyanda bilmirdilər ki, qisas qiyamətə qalmaz? Bu dəqiqə ölkədə Baş Ali Komandan cənab Kür Mil Muğanovdur...
Bir vaxtlar “təbiət ilhama çağırır məni” deyən şairlərin varisləri xalqı o qədər İLHAMlandırdı ki, artıq təbiət elliklə uçmağa çağır bizi. Bəli, biz artıq ZİYASIZlar ucbatından “yenə öz sürünü nizamla düzüb, yay kimi dartınıb, ox kimi süzüb” uçuruma baş alıb gedən ceyranlarıq, sel sularında üzən balıqlarıq. İnsan olmağımızdan iyrənib, quşa, balığa dönmək istəyən vətəndaşlarıq...
Düzdür, cənab Su bir çox yerləri ağına-qarasına, dilinə-dininə baxmadan vurub dağıdıb. Rusiyanın da bəzi şəhərlərini su basıb. Nə olsun! Heç veclərinə də deyil. Araq butulkalarını və” zakuska” larını götürüb su içində üzən evlərinin damında oturub “çastuşka” oxuyurlar. Millət isə onlara baxıb rep deyir : “nə qədər ki, Əliyev var, nə qədər ki, neft var –rus mujiki kef elə...” Qoy “mujiklər, serlər” kef eləsin, “şotu” Azərbaycan hökuməti ödəsin, KİŞİlər isə zindanlarda, qürbət diyarlarda, dərdli köşə yazmaqla
çürüsünlər. Biz elliklə DƏRDə peyvənd olunmuşuq. Xəstəliklər, problemlər bizə vız gəlir. Camaatımız çətinliyə düşəndə, aclıq çəkəndə daha da dahiləşir, müdrikləşir: Yasamalda yaşayan bir tanış evinin üstündəki havanı satıb kef edir. “Hava sotu” ndan əldə etdiyi para ilə ev-eşiyini təmir edib və torpaq sahəsi də alıb. Söküb-tikmə işlərinin “baş memarı” Hacıbala Abutalıbov yəqin ki, bu “kəşf”dən xəbər tutan kimi “evrika” deyib havaya tullanacaq. Amma Bakının da su altında qalmasına az qalıb. Artıq Qız
qalasının ən son qatında iki ayaq, bir ayaq üstə dayanmaq üçün milyonçular merə beh veriblər. Bəzi məmurlar bədən quruluşlarına görə çox xərcə düşüblər. Bakını su basanda AĞAları kiçik uçaqlar, helekopterlər Qız qalasının təpəsindən götürüb uzaqlara- adalara , QULları isə mələklər lap uzaqlara-göylərə aparacaq...
Uşaq vaxtı yuvalarına yem daşıyan, qışa azuqə tədarükü görən zəhmətkeş qarışqaları saatlarla müşahidə etməkdən böyük zövq alırdım. Qonşunun mənimlə yaşıd olan oğlu isə əlinə çəkic alıb qarışqaları əzərdi, üstlərinə qaynar su tökərdi. Mən ağlayardım, o isə gülərdi... Tam əminliklə deyə bilərəm: Azərbaycan məmurları uşaqlıqda balaca qızları ağlatmaq üçün yuvasına yem daşıyan qarışqaları çəkiclə əziblər, üstlərinə qaynar su töküblər...
Nənələrimiz arsızlara “ bu da lap eşşək kimi ... şaddır” deyərdilər. Ölkədə it yiyəsini tanımır, aləm qarışıb bir-birinə, amma bəziləri görməmişlər seçki dairələrindən şaddırlar. İstəyirlər ki, su içində üzən yaş seçici gələcək deputatının quru(lmuş) üzünü, adını tanısın. Eh, yəqin onlar da uşaqlıqda ağır çəkici, qaynar çayniki əllərindən qoymayıblar...
Əvvəlki məqalə: “MƏNİ SOYUNDURUB ÜÇ GÜN AYAQLARIMDAN ASIBLAR”
Sonrakı məqalə: 28 MAY MİLLİ BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ OXUCULAR!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5147
