Məlahət Ağacanqızı: “NİDAQ LİZA”-“ƏZİLƏN QADIN”
Məlahət Ağacanqızı
Hökumətin “ujas” tamaşalarına vərdiş edən vətəndaşlarımız astroloqdan, ekstrasensdən çox bilir. Millət göydəki ulduzlara baxmadan da ölkənin uçurumun kənarında olduğunu görür.Camaat çox əla bilir ki, kim Qarabağa erməniləri sel kimi buraxıb, ”daşqınlar” törətdi. Kimlər insanları illərlə qurduqları yurd-yuvasından ayaqyalın, başıaçıq didərgin saldı. Qarabağda qalan ev-eşikləri ermənilər yox,vəzifədə olan Azərbaycan məmurları(mollaları) yağmaladı. İndi də kibrit qutusu kimi bir-birinin üstünə yığılan ,asqıranda
dağılmaq təhlükəsi olan,salonlarda toz basan mebelləri,qab-qacağı,pal-paltarı,xülasə, zir-zibili satmaq üçün camaatın üstünə su buraxıblar. Dünyada baş verən təbii fəlakətlərin Azərbaycana dəxli yoxdur.Təbiəti günahkar sayanlar utansınlar!Eşşək-milləti aldadanlardır! Xırdalan bataqlığı üzərində tikilən həbsxana evlərə 5-6 rayonun əhalisini yerləşdirmək olar.Elə ona görə də hələlik 5-6 rayonu “su basıb”. Qırmızı üzlü yorğan-döşəklə dolu yük maşınları üzü Bakıya tərəf şütüyəndə məmurlarımız sevindiyindən başı üstə
dayanır. Camaatımız normadan artıq təzə yorğan-döşək salmağı çox sevir,ona görə də ölkəmizdə normadan artıq qaranlıq işlər olur. Nəyimiz olmasa da,yumşaq yorğan-döşəkdən ,yastıqdan boluq.Hara getsək yorğan-döşəyimizi qoltuğumuza vurub özümüzlə aparırıq. Biz onsuz da bir millət kimi yumşaq döşəyə dönmüşük, döşək nəyimizə lazımdır?Kimin qarnında sancısı olur,kürəyi qaşınır,ağnamaq üçün könlündən Azərbaycan boyda DÖŞƏK keçir... I Qaçqın Köçü Zəngəzur və Göyçədən,II Qaçqın Köçü Qarabağdan yorğan-döşək daşıyanda rəhbərlərimiz
yarıyuxulu idilər.İndi isə elə yatıblar ki,artıq III Qaçqın Köçü Mil –Muğan düzlərindən üzü Bakıya tərəf yol gəlir.Bakı camaatı qaçqın köçlərini görüb dilxor olmasınlar: IV Əliyev hakimiyyətində Bakı əhli qırmızı yorğan-döşək dolu maşınlarını Xəzər sularına tərəf sürəcəklər.Yuxunuz şirin,yeriniz quru olsun, ölülər!
Məşhur “Mona Liza”əsərində modelin üzündə olan sirli təbəssüm haqqında müxtəlif fikirlər deyilib,məlumatlar yazılıb. Maraqlı məlumatlardan biri odur ki,qadının üzündə olan müəmmalı təbəssüm bətnində olan körpəsinə görədir. Leonardo da Vinçinin anasının azərbaycanlı olduğu haqqında xəbərlər yayılanda bir damcı da şübhə etmədən inandım.Çünki bir maraqlı faktı da mən bilirəm: “Mona Liza” nı tərsinə yazanda“azil anom”oxunur.Əslində isə rəssam“əzilən anam”yazmaq istəyib.Yəqin anası oğluna qul kimi satıldığını danışandan sonra dahi rəssam dünyadan intiqam almaq üçün məşhur “Mona Liza”nı çəkib.Əsrlərdir “Cakonda” dünya üçün sirli tapmacaya çevrilib. Bətnində sevdiyi adamın körpəsi olduğuna görə sevinən,amma onu Vətəndən uzaqda dünyaya gətirəcəyinə görə kədərlənən qadın ancaq qul kimi satılan azərbaycanlı ola bilər.Azərbaycanın milyonçu məmurları da son vaxtlar sirli təbəssümlə gülümsəyirlər: Kəmaləddin Heydərovun,Hacıbala Abutalıbovun,Misir Mərdanovun...üzündəki təbəssüm “Mona Liza” əsərini kölgədə qoyub. Onların üzlərinə təbəssüm yayan beyinlərində olan var-dövlətlərinin say-hesabıdır. Qadınlar körpə qığıltısını necə sevirsə,Azərbaycan məmurları da para xışıltısını elə sevir.Görməmişlər süni mayalanma yolu ilə qazandıqları var-dövlətlərini gecələr beşiyə qoyub yelləyir, laylalar, oxşamalar oxuyurlar:” Para dadı,bal dadı,para adamı aldadı.Beşikdəkinə mən qurban,bankdakı da bal dadı”.
Bir rəssam dostum inadla mübahisə edir ki,guya ən sirli təbəssüm Dmitri Medvedevin üzündə özünə yer eləyib. Amma insafən,prezidentlərdən ən dərin,yaddaqalan,dünyaya fora verən təbəssüm İlham Əliyevə aiddir. Sirli təbəssüm heç vaxt prezidentmizin üzündən əskik olmur.Ölkənin ən kritik anlarında da qəşəng-qəşəng gülümsəməyi, camaata təbəssüm bəxş etməyi, dərdləri unutdurmağı bacarır.Mən də İlham Əliyevə minnətdaram! Prezidentimizdən DƏRDə,problemlərə gülməyi öyrəndim: sayta yerləşdirilən qaşqabaqlı, qəmli şəkli
təbəssüm dolu şəkillə əvəzləmək hər ölkənin dərdli vətəndaşına qismət olmaz.
P.S.Kaş qadasını aldığım Leonardo qağam sağ olaydı,başımı çiyninə qoyub çəkinmədən dərdlərimdən danışardım, yəqin ki, o da “Nidaq Liza”(Əzilən Qadın) adlı əsərini çəkmək haqda düşünərdi...
Əvvəlki məqalə: ÜÇ BEYNƏLXALQ TƏŞKİLAT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BİRGƏ BƏYANAT VERİB
Sonrakı məqalə: “MƏNİ SOYUNDURUB ÜÇ GÜN AYAQLARIMDAN ASIBLAR”
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5145
