Etibar Əliyev: İTİRDİYİMİZ MƏKTƏB
Məktəb həyatı haqda qayğı bütün bəşər tarixindən keçir, cəmiyyətin özünün həyatı isə bütün dövrlərdə məktəb haqda fikirlərlə zəngin olub. İnsan və cəmiyyət özlərinin ən böyük arzu və ümidlərini məktəblə bağlayır. İnsanlar məktəbin həyatı ilə yaşayır, ən saf idealların burada həyata keçəcəyinə ümid bəsləyir. Məktəbdə bizə keçmişimiz bəlli olur, bu günümüz yaradılır və gələcəyimizə yol çəkilir. Bu keçmişimizin, indimizin necəliyi əsas etibarilə bizim hansı məktəb qurmağımızla müəyyənləşdirilir.
Məktəbin üzərinə belə mühüm vəzifə qoymaqla cəmiyyət keçmiş, bu gün və gələcək qarşısında məsuliyyət daşımış olur. Əgər məktəb öz sosial vəzifəsini yerinə yetirərsə, gələcək ona dərin minnətdarlıq hissi ilə yanaşar. Lakin əgər məktəb bu ümidləri boğarsa, o, təlatümlər və amansız tənqid obyektinə çevrilə bilər. Məktəbə laqeydlik keçmişə və gələcəyə laqeydlik deməkdir. Məktəb həyatına etinasız yanaşan cəmiyyət və dövlət özünün heç ortabab gələcəyinin olmasına da ümid bəsləyə bilməz.
Ömrümüzün böyük hissəsini məktəb həyatı, məktəb haqda fikir və qayğılar tutur. Məktəb həyatımızın ahəngini təyin edir. Məktəb həyatının nəbzinin vurmasında biz cəmiyyətin vəziyyətinin necə olduğunu sezirik. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur, xəstə məktəbdən isə bu viruslar gələcək nəsillərə keçir. Xəstə valideyn hər şeydən əvvəl öz övladını yoluxdurmamaq haqda düşündüyü kimi xəstə cəmiyyət də hər şeydən öncə məktəbi dövrün sosial xəstəliklərindən
qorumaq barəsində düşünməlidir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur.
Bütün bu fikirlər əlifbadan tutmuş bütün elmlərin əsasını bizə öyrətmiş məktəb üçün hələ azdır. Hanı əmək təlimi, idman, nəğmə dərsi keçdiyimiz, laboratoriyalarında reaksiyalar apardığımız, teatr dərnəklərində rollar oynadığımız, ekskursiyalarında iştirak etdiyimiz məktəblər? Bütün bunlar uşaq və yeniyetmə həyatının gözəlliyi idi. Bunların əhəmiyyətini öz üzərində hiss etməyən insan varmı? Varsa, onu yeni nəsillərin əlindən niyə aldınız?
Artıq uşaqlar onlara lazım olan fənləri öyrənmək üçün məktəbə yox, hazırlıq kursları və repetitor yanına tələsir. Dərs vaxtı demək olar ki, hər gün əllərində test kitabçaları olan yüzlərlə şagirdə rast gəlirik. Sual olunur: məktəblər uşaqları qəbul imtahanlarını verməyə nədən hazırlaya bilmir? Belə çıxır ki, bacarmır? Belədirsə, bunu niyə etiraf etmirsiniz?
Dünyanın heç yerində ali məktəbə qəbul imtahanları uşaqları məktəbdən didərgin salmayıb. Heç yerdə kurslar adı ilə alternativ məktəblər yaradılmır. Bütün əlavə öyrətmə metodları məktəbdə həyata keçirilməlidir. Təhsilə ən rasional yanaşma təhsil prosesinin darıxdırıcı olmasının qarşısının alınmasıdır. Məktəb həyatı uşaqlar və müəllimlər üçün darıxdırıcı mühitə çevrilib. Dərsliklərdə çoxsaylı səhvlər tapan, məktəbə pul daşıyan uşaqların təhsilə münasibəti necə ola bilər? Əməkhaqqı kommunal xərclərə və çörəyə çatmayan
müəllimdən nə tələb etmək olar?
Valideynlər uşaqlarının məktəbə gəlməməsi üçün direktorlarla bazarlıq edir. Bilirlər ki, məktəb divarları arasında verilən təhsillə heç texnikumlara da daxil olmaq mümkün deyil. İslahat proqramları, “Təhsil haqqında” Qanun, ayrılan milyonlarla manat vəsait - bunların inkişafa təsiri yoxdur. Dövlətin məktəb təhsilinə ayırdığı 100 milyonlarla manat vəsaitin heç bir effekti olmur. Bunu təftiş edən kimsə yoxdur. Hər tində bir hazırlıq kursu yaradılır. Onların təbliğatı aparılır. Məktəbin təbliğatını aparan kimsə
yoxdur.
Xarici dövlətlər bizim uşaqlardan özləri üçün mütəxəssis hazırlaya bilir. Biz bunu bacarmırıq. Onlar bunu qurduqları məktəblərdə edir. Biz isə məktəb adı gələndə dərindən ah çəkirik. Müstəqillik əldə etdiyimiz dövrlərdə qazandıqlarımızla yanaşı itirdiyimiz çox şeylər olub. Bunların içində ən faciəvi olanı torpaqlarımızın işğalı və orta məktəbin itirilməsidir. Qəribə paradoks yaranıb: inkişafda analoqu olmayan bir dövlətin vətəndaşı uşağını pulsuz oxutmaq üçün məktəb tapa bilmir. Adam hələ də inanmaq istəmir.
Məgər hakimiyyət ölkənin ən strateji sahəsini bir neçə nəfərin şəxsi ambisiyasına qurban verib?
Minlərlə yazı və tədqiqatların, aparılan sorğuların heç bir əhəmiyyəti yoxdur. Məgər təhsil də siyasi məsələdir? Milləti sevməyin yeganə yolu onun övladlarına keyfiyyətli təhsil almaq üçün bərabər imkanlar yaratmaqdır. Axırıncı manatını repetitora, məktəbə, təhsil haqqına xərcləyən Azərbaycan insanının övladı vətənpərvər ola bilməz.
“Yeni Müsavat” qəzeti
Əvvəlki məqalə: Erling Borgenə DAK adından qılınc hədiyyə verildi
Sonrakı məqalə: ÜÇ BEYNƏLXALQ TƏŞKİLAT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BİRGƏ BƏYANAT VERİB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5143
