Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Aynur İmanova: TARİXİN YOL DAŞI

Mirzə Xəzər 14 May 2010

no comments

 

 

 

 

aynur21


Dünyanın daşı…

 

 

 

Aynur İmanova («Mediaforum.az» saytı)

 

 


Yola daş döşəməyin 2500 ildən çox yaşı var. Tarixə Roma yolları adı ilə daxil olan döşəmə yollar bu vaxtacan qorunub saxlanıb. Həm də yalnız abidə kimi yox, istifadəyə də yarayır.

 

 

 

Vaxtilə Roma yolları mühüm strateji əhəmiyyətə malik olub, imperiyanın müxtəlif bölgələrini birləşdirib. Hərbi dəstələrin və çaparların hərəkəti üçün salınan və Romaya aparan çay daşlarından ibarət Attiyeva yolu (bizim eradan əvvəl 4-3-cü əsrlərə aiddir) sonra bütün İtaliyanı əhatə edib. Hazırda bu daşlı yollar çağdaş İtaliyada Roma imperiyası peyzajının ayrılmaz hissəsidir və o, şəhər arxitekturasında bədii, gözəl memarlıq abidəsi kimi özünəməxsus yer tutur.

 

 

 


Bizim eranın 10-cu əsrindən dünyanın ən iri şəhərlərinin küçələrini çay daşlarıyla döşəmək dəb düşür. İstənilən qədim şəhərin istənilən qədim məhəlləsində belə yollara rast gələrsən. Çay daşları döşənmiş yollar su buraxmır, orada gölməçə yaranmır. Bu isə gediş-gəliş rahatlığı deməkdir.

 

 

 


Azərbaycanın daşı…

aynur5

 

 

 

Azərbaycanda da belə memarlıq nümunələri var…

 

 


Tanınmış rəssam, həmçinin tarix bilicisi Mirteymur Məmmədov “Media forum” saytına açıqlamasında deyir ki, çay daşlarından istifadəyə görə Azərbaycanın (sözsüz ki, söhbət şimali Azərbaycandan gedir) əsas üç bölgəsi daha məşhurdur:

 

 

 

- Gəncə-Şəmkir;

- Şəki-Oğuz;

- Qarabağ-Şuşa.

 

 


Bu bölgələrdə çay daşından daha çox şəxsi evlər, saraylar, qalalar tikilərmiş. Bu zaman xüsusi but (yonulmamış tikinti daşı) texnikasından istifadə edilərmiş.

 

 

 

 


Bu texnikanın müxtəlif növləri məlumdur. Daha geniş yayılanı müəyyən ara məsafəsi qoymaqla iki paralel taxta çəpər çəkib arasına əhəng, qum və sair tikinti materiallarında qarışmış çay daşları tökmək olub. Digər növ belədir ki, bir qədər iri, təxminən eyni ölçülərə malik çay daşlarını sıra ilə düzüb, arasını xüsusi qarışıqla doldurub, sonra növbəti sıranı tikərlərmiş.

 

 

 


M.Məmmədovun sözlərinə görə, Bakı və onun ətraf kəndləri daha çox çay daşlarından salınan yollarla fərqlənir. Onun sözlərinə görə, əsasən neft çıxan kəndlərdə belə yollar salınarmış. Neft daşıyan arabaların rahat hərəkət etməsi, onların yağmurlu vaxtlarda palçığa batıb qalmaması üçün eni 2-2,5 metr olan yol salınarmış. Belə yolların salınmasında sahibkarlar heç də fəhlələrinin rahatlığını düşünməyiblər, işin sürətli getməsində, xam neftin bazara daha tez daşınmasının təmin edilməsində maraqlı imişlər…

 

 

 

 

Rəssam qeyd edir ki, tarixən yollara iki cür daş formasının döşənməsi bəllidir. Bunlardan birincisi çay daşlarıdır: “Belə daşlar əsasən su axarlarından, çaylardan toplanarmış. Daş axar suların altında qalaraq gün işığında, havada cilalanaraq maili, oval forma alır. Bu, milyon illərin nəticəsində meydana gəlir. Qədim zamanlarda insan belə daşların üzünün hamar, həm də həddindən artıq möhkəm olduğunu nəzərə alaraq və rahat olsun deyə onları yollara döşəməyə başlayıb. Hələ qədim dövrlərdə qapalı su hövzələrinin tikintisi üçün bu tikinti materiallarından istifadə edilib. Möhkəmliyinə görə körpülərin tikintisində əvəzedilməz olub”.

 

 

 


M.Məmmədov çay daşlarından salınmış yollara nümunə olaraq Sabunçu rayonu ərazisindəki mədən yollarını, Masazır gölünün yanından Novxanı kəndinə gedən yolu, Binəqədi kəndi ərazisində, Yanardağa gedən yolu və Ramana qəsəbəsinin giriş küçəsini misal çəkir. Həmin yollar hazırda bərbad vəziyyətdədir. Rəssam bildirir ki, bu yolların tarixi 18-ci əsrin 70-90-cı illərinə gedib çıxır: “Masazır gölünün yanından Novxanıya gedən yolun balaca bir hissəsi indilərə qədər qalırdı. Təxminən 200 metr hissəsi. Onu da asfaltladılar”.

 

 

 

Rəssam deyir ki, çay daşlarından istifadə etməklə yol salmaq daha bəsit formadır. Bu sahədə Avropa nisbətən sürətlə inkişaf edib. Tarixin elə bir dönəmi gəlir ki, yola döşəmək üçün daha səliqəli daşlar istehsal olunur: “Vulkan püskürməsi zamanı yerin üst qatına çıxan lava bir müddət sonra soyuyur, ondan qranit, diabaz və maqma yaranır. İnsanlar bu daşları müəyyən dördkünc formaya salmaq texnikasını öyrənirlər. Belə daşların yollara döşənmə üsuluna “mostovaya kladka” deyirlər. Bu daşların tərkibinə görə onlarla davranma, yəni qırma, kəsmə formaları var. Bu, incəsənətdir, onlarla davranmaq hər adamın işi deyil. Onu heç qıra da bilməzlər. O vaxtlar belə daşları qırmaq, istifadəyə yararlı etmək üçün zavodlar tikirlər. Almaniyada hələ 1640-1670-ci illərdə belə zavodlar vardı. Sonradan Qərbin böyük şəhərlərində belə zavodlar yaranır və onlar buxarla çalışan mexanizmlərlə işləməyə başlayır.

 

 

 

Amma lap ilkin çağlarda belə zavodlar kustar üsulla işləyirdi. Fəhlələr, əsasən də ustalar iri daşları bölüb onu dördkünc formaya salarmışlar. Ona görə ustalar deyirəm ki, belə daşları hər adam doğraya bilməzmiş. Onu elə yerdən bölmək lazım imiş ki, sınıb korlanmasın. Amma belə daşların hətta ən xırda hissəsindən, ovuntularından da istifadə edərmişlər. Onun ovuntusu əhənglə qarışdırıldıqda sement xüsusiyyətini verərmiş. Sonradan isə buxar maşınlarından istifadə etməklə daşlar kəsilməyə başlayıb. Əsasən eni 15, uzunluğu 20, hündürlüyü 30 santimetr olub.

 

 

 

Şimali Azərbaycan Rusiya imperiyasının əsarəti altına düşəndən, 1723-cü ildən quberniya mərkəzi kimi Bakının abadlaşmasına start verilir. Bakının mərkəzi küçələri belə kəsilmiş daşlarla döşənməyə başlayır”.

aynur22

 

 


Rəssam təəssüflə deyir ki, 18-ci əsrin sonlarında Bakıya döşənən daşlardan hazırda heç nə qalmayıb, zaman-zaman ya onların üzərini asfalt örtüb, ya da daha keyfiyyətsiz daşla əvəzlənib: “İndi Bakıda o daşlardan tapmazsınız. Heç axtarmayın da...”

 

 

 


M.Məmmədovun sözlərinə görə, Bakıya daşlar Sankt-Peterburq zavodundan gətirilirmiş. Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsi bütünlüklə belə daşlarla döşənibmiş.

 

 

 

1723-cü ildən başlanan abadlaşma 1850-ci illərə qədər davam edib. O vaxtlar Bakıda Aleksandr Nevski kilsəsi olub.

 

 

 

 

İndiki 26, 190 və 189 saylı məktəblərin yerləşdiyi ərazi kilsəyə məxsus imiş. Bu kilsədən aşağıda Bazarnı küçəsi imiş.

 

 

 


Bazarnı küçəsindən ta Beşmərtəbəyə - yəni keçmiş Hüsü Hacıyev, indiki Azərbaycan prospektinin sonuna qədər “mostovaya kladka” imiş. O vaxt şəhər burda bitirmiş. Yolun qurtaracağından gecəqondular, necə gəldi inşa olunmuş evlər başlayırmış.

aynur23

 

 

 

Ramananın daşı...

 

 

 

Tez-tez rastlaşılan daş döşəməli yollardan biri - Teleteatrın qarşısındakı yol haqqında danışan rəssam həmin ərazinin tarixinin o qədər də qədim olmadığını, ötən əsrin əvvəllərində salındığını, 1972, 1985 və 2010-cu ilin yanvar-fevral aylarında daşların dəyişildiyini deyir: “Onlar sonrakı, həm də çox keyfiyyətsiz işlərdir”.

 

 

 

Bu səbəbdən daha qədim və daha tarixi daş döşəməli yol olan əraziyə getmək lazım gəlir.

 

 

 

Ramananın giriş yolu tarixi yoldur. Yol uzunu bir neçə yerdə asfalt altından sanki “mən də varam” çığıran, üzərindəki sonradangəlmə örtüyü tullamaq istəyən çay daşları gözə dəyir. Yağış suları onları islatmış, palçıq içərisində olsa da, “mən burdayam” deyə varlıqlarını sübut edirdilər.

 

 


Bəlkə 150, 200 yaşı olan çay daşları necə döşənibsə, elə də qalır. Onları bərbad günə salan sonradan yolu hamarlamaq, abadlaşdırmaq məqsədilə salınan asfalt örtük olub. Daş yol yağış sularını özünə çəkmiş, lakin yolun əvvəllər asfalt olan hissəsi uçub-dağılmış və orada gölməçə yaranmışdı.

 

 

 

Qəsəbə sakinlərinin sözlərinə görə, Ramananın giriş yoluna asfalt təxminən 10 il əvvəl tökülüb. Qərib kişinin sözlərinə görə, 1978-ci ildən burada yaşayır: “10 il əvvələ qədər daş yolla gedib gəlirdik. Yol düz Ramana qalasına qədər (Əli ilə dağın başından görünən tarixi abidəni göstərir – A.İ.) gedib çıxırdı”.

 

aynur2

 

 

Sonra söhbətinə davam edir: “Vallah, billah, nə palçıq görürdük, nə əziyyət çəkirdik. Hər gün daşların üstü ilə ayaqqabılarımızı tıqqıldada-tıqqıldada işə gedir, axşamlar da geri qayıdırdıq. Sonra gətirib bu asfaltı tökdülər, bizim də qara günümüz başladı. Orası dağıldı, burası dağıldl. İndiyəcən ha yamayırlarsa, yenə də düzəldə bilmirlər”.

 

 

 

Qərib kişi deyir ki, qəsəbənin girişindən 150-200 metr sağ istiqamətdəki mədən yolu indiyə qədər də daşla örtülüdür: “Oranı nəyə görəsə asfaltlamadılar”.

 

 


Nişan verilən yer 4-cü Mədən küçəsidir. Sovet illərində İliç adlandırılıb, elə indi də bu adla tanınır. Bu barədə məlumatı qəsəbənin başqa sakini Məmməd kişi verir. Çay daşları döşənmiş küçənin eni bəzi yerlərdə 2, bəzi yerlərdə isə 3 metrə qədərdir. Məmməd kişi burada döğulub böyüdüyünü, amma heç vaxt yolun tarixi ilə maraqlanmadığını deyir: “Vallah, indi qəsəbədə inanmıram ki, bu yolun tarixini bilən kimsə qalsın. Mənim atam, babam da bu yolu beləcə görüb. Yəqin ki, yola çay daşlarının döşənməsi mədənlərlə bağlıdır”. Məmməd kişi yolun solundakı neft buruğunu göstərir.


Sonra da əlavə edir: “Gördüyünüz kimi, yolun uzunluğu təxminən 500-600, bəlkə də bir az çox olar. Hərdən deyirik ki, bəlkə buranı asfaltlasınlar. Mədən işçiləri deyir ki, asfalt döşəsələr, gəlib-gedən traktorlara, ağır yük maşınlarına dözməz. Yoldur, neçə il əvvəllər salınıb, indi də istifadə olunur. Heç nəyin qədrini bilmirik, heç bu daşların da...”

Başqa heç nə öyrənmək mümkün deyil...

Çay daşlı yollar da, Ramana qalası da arxada qalır. Dağın başında yerləşən bu abidə də qədirbilməzliyin nümunəsidir...

aynur1

 

 

 

 

(Fotolar müəllifindir)



 

Yaddaşın daşı…

 

 

 

Tanınmış inşaatçı, əslən bakılı Emil Axundov daş döşəməli Bakının şəhərin həyatında mühüm əhəmiyyət daşıdığını deyir: “Mən keçmiş Kommunist küçəsində böyümüşəm. Hər səhər və hər axşam küçələr yuyulardı. Bu ənənə müharibədən sonrakı illərdən başlayıb düz 1985-cu ilə qədər davam etdi. Füsünkar, əsrarəngiz mənzərələr idi. İndi də gözlərim önündən çəkilmir. Küçəyuyan maşınlar gedəndən sonra daşlar o qədər təmiz görünür, elə parıldayırdı ki... O vaxtlar daş döşəməli yol indiki Şəhidlər xiyabanından bir qədər aşağıdan, keçmiş Moskva mehmanxanasının yanından başlayırdı və düz aşağıya – Nazirlər Kabinetinə qədər davam edirdi. Qoşa Qala qapısının yanı, keçmiş Zevin, indiki Əziz Əliyev küçələri də daş döşəməli idi”.

E.Axundov belə daşların ömrünün uzun olması ilə bərabər başqa özəllikləri olduğunu deyir: “Əgər fikir versəniz, qış aylarında güclü qar yağan günlərdə belə daş döşəməli yollar asfalt yollara nisbətən gec buzlayır. Bu, həmin qranitin, bazaltın təbii xüsusiyyətidir. Onlar istiliyi özündə saxlayır və gec buraxırlar. Bu isə buzlaşmağın qarşısını alır. Qış aylarında nə maşın sürüşür, nə də piyada”.

İnşaatçı deyir ki, belə daşlardan salınan yollar əsaslı təmir istəmir, ucuz başa gəlir. Belə yollarda əlavə zənginlik elementləri var. İndiki dövrdə müasir arxitektorlar, memarlar çay daşlarından, qranitdən, bazaltdan memarlıq elementi kimi istifadə edirlər. Girişlərdə, fasadlarda füsunkarlıq yaratmaq üçün onlar əvəzedilməzdir.

Bu daşlar uzunömürlü, möhkəm material olmaqla bərabər həm də çox gözəldir. İnsan onu əlinə alarkən təbii gözəlliyinə heyran qalır.

Mirteymir Məmmədov üçün isə yol bir göstəricidir: “Yol həm də dövlətin necə olmasının göstəricisidir. Yol dövlətin xəzinəsindən xəbər verir. Dövlətin büdcəsində nə qədər vəsaitin olmasını bilmək üçün sadəcə yol tikintisi ilə maraqlanmaq kifayətdir. Yolu salmırlar, yapmırlar, yolu tikirlər. Bu, bir mədəniyyətdir, kitabdır. Hansı şəhərə getsəm, oranın küçələrinə baxan kimi merin necə adam olduğunu bilirəm və ölkənin necə dolandığını müəyyən edirəm.

100 illə müqayisədə Azərbaycanda heç bir inkişaf olmayıb, biz qabağa getməmişik. Bir yol ki, cəmi 3 illik istifadəyə dözmür, deməli, o, yaxşı yol deyil”.

 

 

 

Jurnalistin daşı...

 

 

 

Çay daşları döşənmiş yollardan biri də Sabunçu rayonu ərazisindədir. Sabunçu bələdiyyəsindən verilən məlumata görə, 300 metr uzunluğunda, təxminən də 4-5 metr enində olan daş yol Saratov küçəsindədir. O küçə də istifadə olunur, gedimli-gəlimlidir. Amma bərbad gündədir, qazılıb-tökülüb. Bələdiyyə üzvü “Əraziyə gəlib həmin küçəni tapmaqda yardım edərsinizmi” sualına “Bu gün vaxt yoxdur, siz telefon nömrəsini qoyun, özümüz sizinlə əlaqə saxlayarıq” cavabını verir.

 

 

 

 

Aynur İMANOVA

 

 










 


Yazı “Azercell telekom” MMC-nin təşkil etdiyi “Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir” müsabiqəsinə təqdim olunub və Aynur İmanova “Tarixin yol daşı” araşdırmasına görə müsabiqənin ikinci mükafatını qazanıb.

 

"Media Forum" - http://mediaforum.az/articles.php?article_id=20100430053001746&page=04&lang=az&eu=0


Əvvəlki məqalə: QARABAĞ AZADLIQ TƏŞKİLATI İSMƏT ABASOVU QARA SİYAHIYA SALDI

Sonrakı məqalə: “Azadlıq”ın mitinqi: polis zorakılığı və həbslər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5141

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin