Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Quduzlaşmağa aparan TƏHSİL

Mirzə Xəzər 13 May 2010

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı

Dəyərli ziyalı, təhsil eksperti Etibar Əliyevin (ilk dəfədir “Əliyev” soyadını sevgi ilə yazıram) “Yeni Müsavat” qəzetində qətlə yetirilən Kitab, Təhsil haqqında yazdığı başsağlığı və nekroloqlarda cinayətkarların adı, ünvanı dəqiq yazılsa da, qatillər yeni cinayətlər törətməkdə davam edirlər. Bu ölkədə cinayətkarların azadlıqda gəzməsi, günahsızların isə zindanda çürüməsi qanundur. Adətən, dərs ilinin əvvəli və sonunda təhsillə bağlı narazılıqlar daha qabarıq hiss olunur. Artıq bəzi şagirdlər mayın 1-dən tətilə çıxıblar. Doqquz ayın səkkiz ayını(əslində, bayram və tətilləri hesablasaq,altı ay qalar) zıqqıldaya-zıqqıldaya dərsə getsələr də, qalan son bir ayı mırıldaya-mırıldaya məktəbə gedirlər.Gözyaşardıcı testlərin cavabını dairələməkdən elə beziblər ki,gecəyarısı yuxuda it kimi ulayırlar. Fikir vermişəm, son vaxtlar məşhur “Məktəb illəri” mahnısı səslənəndə daha kövrəlib ağlayanlar yoxdur. Hətta bəziləri mahnının sözlərini istədiyi kimi dəyişib oxuyur: ”Məktəb illəri- ömrümün ən acı,ən boş,mənasız illəri...”

Bu yaxınlarda bir tanış valideynlə poliklinikada rastlaşdım. Ana göz yaşları içində, sarıqlı qolunu göstərib dedi: “Uşağın əsəbləri tamam xarab olub. Səhər ona ”oğlum, dur dərsə get” deyəndə üstümə tullanıb qolumu dişlədi...” Artıq xəstə təhsilin fəsadları özünü biruzə verir: uşaqlar quduzlaşıblar.Yəqin ki, yaxın vaxtlarda ölkəmizdə zəncir, quduzluğa qarşı vaksin qıtlığı yaranacaq: təhsildən quduzluq xəstəliyinə tutulanları zəncirləyib müalicə etmək çox zor olacaq. Misir Mərdanovun gözü aydın olsun! Valideynləri qulaqsız, burunsuz, barmaqsız, üzü-gözü cırmaqlanmış halda görəndə heç kəs təəccüblənməsin :yeni təhsil sisteminin ata-analara mükafatıdır,“savad” alan övladların ilk “maaşı”dır.Hadisələrin gedişatını nəzərə alıb, mən artıq özümə zirehli geyim hazırlamışam. Yatanda üzümə dəmir maska, başıma kaska keçirdirəm. Hər səhər qılınc və qalxanla otaqları gəzirəm. Zarafat deyil, dərsə getmək istəməyən üç uşaqla bir evdə yaşayıram...
Təhsil naziri məktəblilərin ruh düşkünlüklərinin,intihar etmələrinin səbəbini uğursuz nigahlarda görür. Məgər sovet dönəmində doğulanların valideynləri Leyli və Məcnun kimi bir-birinə aşiq olub ailə qurublar? Bu qədər saxtakarlıq nəyə lazım? O vaxtlar oxuyanların, iradəli, məsuliyyətli, zəhmətkeş olanların əksəriyyəti yetim uşaqlar, sevgisiz evlənənlərin övladları idi. Bir-birinə gül bağışlamadan, “Gül bayramı”nda iştirak etməyən gənclərin qurduqları ailələrdən çiçək ətri gəlirdi. İndi isə ailələrdən qan qoxusu gəlir. Hətta analoqu olmayan“Gül bayramı”ndakı milyonlarla güllər tökülən qanların qoxusunu bir günlük də olsa unutdura bilmədi. Buğa bürcündən olan mərhum prezident Heydər Əliyevin doğum gününə bu il də “Gül bayramı” keçirildi. Dünyanın hər yerindən Bakıya güllər gətizdirildi. Amma Qarabağdan bir gül dərib gətirməyə qeyrətləri çatmadı. Mən də buğa bürcündənəm, həm də əvvəllər həmişə gül-çiçək,şar,bayraqdan bol olan tarixi bayramda -mayın 1-də dünyaya gəlmişəm. Amma dostlar məni təbrik etmək üçün quru saman da tapmadılar. Bu ölkənin azadlığı uğrunda savaşan ASLANların yurdunu, sərvətlərini satıb dərmanlı güllər almaq tarixi eşşəklikdir.Axı ad gününə ən yaxşı hədiyyə kitabdır :nə solur,nə də çürüyür.Əksinə zaman keçdikcə daha da dəyərli olur.Kitabı bağlanan hökumətin kitab yadına düşər? Hörmətli Etibar Əliyevin ideyasını tarixə yazmağın tam zamanıdır : Kitabı rəsmən dəfn etmək üçün bir yerə yığışaq.Şəhid Kitabın cənazəsi, onun yetim qalan mənəvi oğullarının çiyinləri üstündə son mənzilə aparılsın. Mərhumun aqressiv hərəkətlərdən, saxta sözlərdən zəhləsi getdiyini nəzərə alıb əsrlərin dahisi-KİTABın yas törəninə Misir Mərdanovu, Hacıbala Abutalıbovu, Elza Seyidcahanı, Xatirəni, Zəlimxan Yaqubu... yaxın buraxmaq lazım deyil. Çox güman ki,dünyanın ilk Kitab məzarını ziyarət etmək üçün xaricdən ölkəmizə böyük turist axını olacaq. Turistlərdən yaxşı para qazandıqlarına görə hökumətimiz Kitabı qətlə yetirənlərə fəxri adlar, mükafatlar verəcək.


P.S. Yəqin ki,nəşə koluna rəsmən ilk heykəl qoyan müsəlman ölkə də Azərbaycan olacaq...

Əvvəlki məqalə: “Dedilər, ya cinayəti boynuna götür, ya da özünü as”. ADNA məhkəməsində növbəti sensassiya

Sonrakı məqalə: MİTİNQ TƏŞKİLATÇILARI XƏBƏRDARLIQ MƏKTUBUNU İMZALAMAQDAN İMTİNA ETDİLƏR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5135

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin