Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Seymur Həziyev: İlham Əliyevin “Gül bayramı” və qanlı matəm

Mirzə Xəzər 10 May 2010

no comments

ilham_aliyev6_902235324

foto: azadliq.az



Terrordan on gün sonra atasına ad günü keçirən prezidentlə necə danışaq?

2010-05-09 Seymur Həziyev "Azadlıq" qəzeti

Şahidlərin ifadəsi tük ürpədir. Terrorçu-qatil deyə içəri tıxılanların naləsi ürək dayandırır. Sifarişçi cinayətkarın xüsusi qayğı ilə azadlığa buraxılması zəncirvari suallar yaradır. Söhbət ADNA-da bir il öncə baş verən qanlı terrordan gedir. Onun qurbanları, sifarişçiləri və icraçılarından. Bu terrorda 12 nəfər həyatını itirsə də, hadisədən cəmi 10 gün sonra siyasi hakimiyyət “gül bayramı” keçirdir. Hələ qönçə ikən solmuş həyatlara qiymət səksən yaşında dünyasını dəyişmiş diktatorun doğum gününün qeyd olunmasıyla verildi. Azərbaycanın fəal və ləyaqətli gəncliyi bu rüsvayçılığa və heysiyyatsızlığa etiraz etdilər. Həbs olundular... Işgəncəyə məruz qaldılar. Bu terrordan cəmi on gün sonra... Bu bayram da əslində bir terror idi. Siyasi hakimiyyətin xalqın təzə qanamış yarasına duz səpmək yarası. Atasından hakimiyyəti miras almış oğul hələ ömrünün baharını yaşamamış oğullarını itirən atalara və bütün millətə meydan oxudu. Bir daha hakimiyyəti xalqdan deyil, atasından aldığını bəyan elədi. Hakimiyyətini xalqdan alan heç bir prezident atasının doğum gününü rəsmi bayram etmir... Bu bayram Azərbaycan insanının şüuraltısında ikinci terror idi. Bunun qurbanları isə milyonlardır... Haqqı tapdanan, səsi batırılan milyonlar. Amma biz bu yazıda daha çox 30 aprel 2009-cu ildə Bakıda baş vermiş terror olayına hakimiyyətin mənəvi deyil, hüquqi baxımdan hansı diqqəti ayırmasını və bu cinayətin qaranlıq araşdırıldığı nöqtələri diqqətə çatdıracağıq. Tarixin yaddaşı olmasa da, tarixçilərin yaddaşı mütləq var...


Qumaşyan kim ola bilər?


Istintaqın gedişi sübut edib ki, bu cinayətin şəffaf araşdırılmasından söhbət gedə bilməz. Bu barədə yazacağıq. Amma “Azadlıq” qəzetinə daxil olan bir məlumat hadisələrin kökünə, mahiyyətinə enməyə imkan verib. Belə ki, bu qanlı terroru sifariş verdiyi hesab olunan və Azərbaycan xüsusi xidmət orqanlarının istintaqçıları tərəfindən dindirilib azadlığa buraxılan erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyanın qardaşları Rusiya Fedarasiyasında Azərbaycan məmurlarının biznes ortaqlarıdır. Biz Qumaşyana qarşı isti münasibətin səbəbini araşdırarkən bu məqamı diqqətə almalıyıqmı? Fikrimcə, bu hadisənin əsas qırılma nöqtəsi odur ki, azərbaycanlıların biznes ortağı niyə Azərbaycanda terror törətməyə cəhd etsin? Bu sifarişi o özü kimdən alıb? Yaxud da belə bir cinayəti sifariş vermiş adam niyə azadlıqdadır? Bu sualların hamısının cavabı bu və ya başqa formada əlaqələr zəncirinin varlığı ehtimalının olduğunu üzə çıxarır və qüvvətləndirir. Bu cinayətlə özündən əvvəl baş vermiş iki cinayətin oxşar məqamlarını da sizə təqdim edəcəyik, amma əsas məsələ odur ki, burda dövlət orqanalarının və siyasi hakimiyyətin bu terrorun qurbanlarına dırnaqarası münasibət sərgiləməsi onu deməyə əsas verir ki, burada araşdırma prosesi yoxdur... Amma ortada bir neçə adam var ki, onlar qatillər kimi istintaq olunurlar. Bu məsələdə ortaya çıxan detallar isə sözügedən istintaqın tamamən səhv istiqamətdə getdiyini ortaya çıxarır...


Fərda Qədirov güllə atmayıbsa...


Şahidlər (onaların arasında yaralılar da var) birmənalı deyirlər ki, onlara güllə atan Fərda Qədirov olmayıb. Elə isə kim olub? Fərda Qədirovun özünü anlaşılmaz şəraitdə öldürməsi isə məsələyə yeni şübhə toxumları səpir. Dövlət başçısı bu hadisə ilə bağlı cəmi bir dəfə münasibət bildirib və deyib ki, hüquq-mühafizə orqanları vaxtında yetişərək hadisənin miqyasının genişlənməsinin qarşısını alıblar. Yeri gəlmişkən, şahidlərdən biri məhkəmədə ifadəsində deyib ki, polislər daha atəş açılmadığını dəqiqləşdirəndən sonra binaya daxil olublar. (Aydın məsələdir ki, ona məruzə olunarkən Fərda Qədirovun hansı şəraitdə kim tərəfindən öldürüldüyü açıq deyilib.)
Bu ifadələri biz iki istiqamətdə şərh edəcəyik. Birincisi, istintaq materiallarına görə, Fərda Qədirov özü-özünü öldürüb. Həm də hüquq-mühafizə orqanlarının gəlməsinə bir neçə dəqiqə qalmış. Eyni zamanda onun silahında xeyli gülləsi qaldığı halda. Deməli, hələ hadisələrin miqyası böyüyə bilərmiş. Amma iddia olunan qatil nədənsə özünü öldürüb. Bu intihar ayrıca araşdırılmalı olduğa halda, sadəcə üzərindən keçilir. Dövlət başçısının açıqlamasından doğan ikinci istiqamət isə odur ki, Fərda Qədirov ölməyib - öldürülüb. Elə isə sual doğur, hadisə yerində ondan başqa kim olub? Söhbət həm də rəsmi hüquq-mühafizə orqanlarının əməliyyatçılarının hadisə yerinə gəlməsinə qədərki vaxtdan gedir. Elə bu versiyanı təsdiqləyən başqa bir sübut isə şahidin ifadəsidir. O bildirib ki, bütün pilləkənlərdə güllə səsi gəlirdi və onlara atəş açan adam Fərda Qədirov olmayıb. Istintaq bu məsələlərə aydınlıq gətirməyib. Eyni zamanda hadisədə avtomatik silahdan istifadə olunmadığı deyilsə də, bu barədə də şəffaf ekspertiza rəyi ortaya qoyulmayıb. Ehtimal ki, Fərda Qədirovun özünə “Makarov” tapançasından atəş açdığı üçün sonradan onun özünü əlindəki silahla vurduğu versiyası irəli sürülüb. Yəni, bir yalan başqa yalanları doğurmağa başlayıb.

Məhkəmə niyə istintaq aparmır?..

Hadisənin araşdırılmasında başqa qaranlıq məqam isə prosesin məhkəmədə niyə araşdırılmadığıdır. Aydındır ki, hazırda davam edən məhkəmə prosesi dinləmələrdən ibarətdir. Lakin aydın olmayan səbəblərdən istintaqçılar məhkəmə qarşısına gəlmirlər. Halbuki, təqsirləndirilənlər onlara ağır işgəncələr verildiyini və bunun nəticəsində cinayəti zorən boyunlarına aldıqlarını deyirlər. Bu prosesin aydınlaşmaması məhkəmənin hansı marağına uyğun ola bilər? Yoxsa bu işdə də hər hansı kənar detal üzə çıxacaq? Hesab edək ki, məhkəmədə istintaqçılarla təqsirləndirilənlər üzləşdilər və ikincilərin günahsızlığı ortaya çıxdı. Bu zaman avtomatik olaraq Fərda Qədirovun silahla təmin olunması və informasiya təminatı ilə bağlı versiyaların yalan olduğu ortaya çıxacaq. Yəni yeni (həqiqi, yalançı) qatil lazım olacaq. Fərda Qədirov isə həyatda yoxdur və bütün prosesi etiraz etmədiyi şəraitdə onun üstünə yıxmaq xeyli asandır. Həm də nədənsə sərfəlidir. Fərda Qədirov tək deyildisə, onu yoldaşlarından birinin öldürdüyü şübhəsizdir. Elə isə kimdir o yoldaşlar ki, ölənlərin bu sayı ilə kifayətlənib hadisənin miqyasının genişlənməsinə imkan verməyiblər və yalnız bundan bir neçə dəqiqə sonra hadisə yerinə hüquq-mühafizə və xüsusi xidmət orqanları əməkdaşları gəliblər.
Başqa bir detal isə Fərda Qədirovun intiharına şahidin olmamasıdır. Niyə onun özünü öldürdüyünü görən olmayıb? Belə çıxır ki, baş vermiş hadisələrin mahiyyətində hakimiyyətin yuxarı dairələrinə məlum olan və xalqdan gizlədilən həqiqətlər var. Bu həqiqətin əsas açarı Qumaşyana olan sevgidir. Bu sevginin motivi açılsa, bizə qarşı olan qətllərin hakimiyyətin ailə bayramına çevrilməsinin səbəbi aydın olacaq! Terrordan on gün sonra atasının doğum gününü qeyd edən prezidentlə necə danışmalıyıq? Ilham Əliyev, “Gül bayramın” mübarək! Başın sağ olsun, millətim!

source: http://azadliq.info/bash_yazi/519.html

Əvvəlki məqalə: GƏNCLƏR “GÜL BAYRAMI”NA YOX DEDİ

Sonrakı məqalə: “Çağrılmamış qonaqlar” “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimat mərasimi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5115

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin