Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“İQTİDAR GƏNCLƏRİ HƏBSLƏ QORXUTMAQLA YANILIR”

Mirzə Xəzər 09 May 2010

no comments

Müsavatçı gənc fəal Tural Abbaslı həbsinin təfərrüatlarından danışdı

Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sədri Tural Abbaslı dünən azadlığa çıxdı. O, 30 aprel ADNA terroru qurbanlarının anım aksiyasından bir gün əvvəl Nəsimi Rayon Polis İdarəsi (RPİ) tərəfindən saxlanmış, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 günlük həbsə məhkum edilmişdi.


T.Abbaslı ilə redaksiyamızda görüşdük. O, aprelin 29-da səhər qohumugilə getdiyini, qayıdanda polis olduğunu deyən 6 nəfər tərəfindən saxlandığını söylədi: “Evə qayıdanda iki nəfər mənə yaxınlaşıb polis olduğunu dedi və vəsiqələrini göstərdi. Nəsimi RPİ cinayət-axtarış şöbəsinin əməkdaşları idi. Onlarla getməli olduğumu dedilər. Çox güman, məni evdən çıxandan izləyiblər. Zorla aparmaq istədilər. Bu zaman qohumlarımla onlar arasında mübahisə yarandı. Bu vaxt Nəsimi RPİ cinayət-axtarış şöbəsinin rəisi və şöbənin baş əməliyyat müvəkkilləri də gəldi. Məni zorla maşına basıb apardılar”.

Saxlanma səbəbini soruşanda polis T.Abbaslıya onun hərəkətlərindən şübhələndiyini deyib: “Siyasətdən danışmağa başlayıb Müsavat əleyhinə təhqiramiz ifadələr işlətdilər. Ailəmə, vəkilə zəng etmək istədim. Qəbz vermədən telefonumu zorla aldılar. Aramızda çəkişmə düşdü. Sonda protokol tərtib etdilər ki, guya polis məndən şəxsiyyət vəsiqəmi istəyiblər, verməmişəm və polisin tələbinə tabe olmamışam. Amma məndən vəsiqə tələb etməmişdilər. Bölmədə məni magistr vəsiqəmlə qeydiyyata aldılar. Axşam saat 4-dək növbə ilə üzərimdə keşik çəkdilər. Sonra məni Nəsimi Rayon Məhkəməsinə apardılar. Bir saat gözləyəndən sonra hakim gəldi. Ona telefonumun zorla alındığını, vəkilim və ailəmlə əlaqə saxlamaq istədiyimi dedim. Məhkəmə 5 dəqiqə fasilə elan etdi. Onları tərəfindən təyin olunan vəkildən imtina edib özüm-özümü müdafiə etdim. Yalançı şahidlər üzümə durdu. Hakimə saxlanmağımın siyasi motivli olduğunu dedim. Polisin qeyri-qanuni hərəkətlərindən prokurorluğa sorğu göndərməsini tələb etdim. Amma nəzərə almadı. Hakim inzibati xəta törətdiyimi deyib barəmdə on sutka həbs cəzası verdi. Ona yenidən ailəmlə əlaqə saxlamaq istədiyimi desəm də reaksiya vermədi. Saat 11-dək bölmədə qaldım. Axşam Binəqədi müvəqqəti saxlanma təcridxanasına apardılar”.


T.Abbaslı dedi ki, saxlandığı gün polis digər yoldaşlarının da ailələrinin narahat edib: “Aprelin 29-u Xətai RPİ əməkdaşları müavinim Əhəd Məmmədlinin ailəsində olub, onun harada olduğunu soruşub. Hakimiyyət 37-ci il repressiyalarına qayıtdığını göstərir. Artıq polis siyasiləşmiş orqana çevrilib və YAP-a xidmət edir. Təcridxanada ailəmlə əlaqə saxlamaq istədiyimi dedim. Cavab verdilər ki, istəyim təcridxana qaydalarına ziddir. Yaxınlarımla görüş izni 8 gündən sonra verildi”.
T.Abbaslı Ə.Məmmədlinin və ADP GT sədri Cəmil Hacıyevin saxlandığını aksiyadan bir gün sonra təcridxanaya gedən Elçin Behbudovdan öyrənib: “Məni 6, Əhəd və Cəmili 2 nəfərlik kamerada saxlayırdılar. Təcridxana işçiləri özlərini məndən təcrid etmişdi. Suallarımı cavablandırmaqdan yayınırdılar. Əhədlə Cəmili bizim kameraya 4 gündən sonra gətirdilər”.


T.Abbaslı iqtidara və gənclərə də mesaj göndərdi: “İqtidar gənclərin gözünü 10 günlük həbslə qorxudacağını zənn edirsə, yanılır. İqtidar zəifləyib. Müsavatın Gənclər Təşkilatına görə bütün strukturlarını işə salır. Sifariş üçün gah polisə, gah da hakimə zəng edirlər. Bu, iqtidarın sonunun başlanğıcıdır. Sözlərinin heç nəyi həll etmədiyini düşünən, “tək mənimlə nə olacaq” deyən gənclərə səslənirəm ki, hakimiyyət özünü qiymətləndirməyən həmin “təklər”dən daha çox qorxur. Aprelin 30-da bütün şəhər ayaq üstə qalxmışdı. Polis aksiyanın olacağını iki həftə əvvəldən bilirdi. Məlumata görə, uşaqları “bizdə çoxdur” deyib bölmələrə qəbul etməyiblər. Onları avtobusa doldurub şəhərdə gəzdiriblər”.


Müstəqil gənclərin bu gün keçirəcəyi 10 may aksiyasına gəlincə, T.Abbaslı dedi ki, Müsavat GT orada iştirak etməyəcək: “Bizə deyirlər siz məsələni siyasiləşdirirsiniz deyə polis zor tətbiq edir. Bu dəfə təşkilatçı olmasaq da aksiyalarda istənilən gəncimiz sərbəst iştirak edə bilər”.
Bu gün həbsdəki digər iki fəal - Ə.Məmmədli ilə C.Hacıyev də azadlığa çıxacaq.


Leyla İLQAR "Yeni Musavat"

Əvvəlki məqalə: “İQTİDAR GƏNCLƏRİ HƏBSLƏ QORXUTMAQLA YANILIR”

Sonrakı məqalə: GƏNCLƏR “GÜL BAYRAMI”NA YOX DEDİ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5110

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin