Məlahət Ağacanqızı: MÜHARİBƏYƏ HƏRBSİZ HAZIRLIQ
Məlahət Ağacanqızı
Hökumətimiz evə maaş gətirməyən, səhərdən axşama kimi veyl-veyl gəzən, min hoqqadan çıxan, qarnı piy bağlayan, arvad hesabına dolanan ailə başçıları kimi iclasda, bayramda kişilənib “ailəmi yağ içində böyrək kimi saxlayıram” deməyə vərdiş edib. Daha bilmir ki, arvad- camaat Əlinin papağını Vəlinin başına qoymaqla, ölkə xaricində işləyən qohum- əqrəbasının hesabına dolanır. Banklarımız Türkiyədən, Rusiyadan, Amerikadan, Dubaydan...edilən pul köçürmələri eşqinə günü-gündən çoxalır. Bu dəqiqə məmləkətdə normal
dolana bilən ailələrin əksəriyyəti hökumətdən bir qara qəpik də almayanlardır. Şəxsən məni 17 ildir Azərbaycan höküməti soyub-talamaqla məşğuldur :sovet dönəmində banka qoyduğum halal pullarımı oğurlayıb, vermir. Hər ay Türkiyədən göndərilən maaşı həyasızcasına qəpiyinə kimi məndən alan hökumət utanmaz-utanmaz papağını yan qoyub “vətəndaşımsan” deyir. Bəla ondadır ki, mənim kimi hökumətdən bir qara qəpiklik xeyir görməyən, soyulub –talanan, hüquqları tapdanan, övladları soyğunçu məktəblərdə əzab çəkən bədbəxt
vətəndaşlar milyonlarladır: südü son damlasına kimi sağılan, buzovu qan əmən, arsız-arsız gövşəyən inəkdən fərqimiz yox...
Uçurub dağıtmağa, alıb-satmağa öyrəşən məmurların əllərinin içi xeyli müddətdir gicişir. Çoxdandır ki, oliqarx-məmurlar Milli Məclisə “hərbi obyektləri özəlləşdirmək lazımdır” qanununu “bişirməyi” sifariş veriblər. Rəhmətlik Sovet hökumətinin tikdiyi qala kimi möhkəm hərbi obyektləri qəsdən yararsız hala salanlar dəvəquşu kimi başını quma salıb “müharibəyə hazırıq” deməklə kimi aldadırlar? Mülki obyektlərin əksəriyyəti ən kiçik daxmasına kimi satıldı və ya dağıdılıb yerində göydələnlər tikildi. İndi də
hərbi obyektləri dağıdıb yerinə ticarət mərkəzləri, şadlıq evləri tikmək üçün acgöz məmurlar növbəyə durub. Hərbi obyekt bizim nəyimizə lazımdır? Axı biz müharibəyə silah-sursatla, hərbi formada deyil, toy geyimində, çala-çala, zurna-qavalla hazırlaşırıq. Yarıçılpaq müğənnilərin hər biri zirehli tankdan, uzaqvuran raketdən, snayperdən, bombadan daha çox düşmən məhv edər. Elə ona görə də dövlət müğənnilərin nazı ilə oynayır: onlara ev, maşın, fəxri ad bağışlayır ki, bədənlərinin, səslərinin barıtı
nəm çəkməsin. Çöllərdə, baraklarda, səngərlərdə acından mələyən, səsləri quyunun dibindən gələn hərbiçilər isə başlarına çarə qılsınlar. Onlar artıq o qədər passivləşiblər ki, ”sola dön” deyəndə sağa dönürlər. ”İrəli” deyəndə yerə otururlar. Kirayələrdə qalan, dükanlardan nisyə ərzaq alan hərbiçi ailələrinin acınacaqlı vəziyyəti Ali Baş Komandana heç bir dəxli yoxdur. Yaşasın müğənnilər və zurna-qaval! Rədd olsun hərbiçilər və silah!
Sovet dönəmində serjantlara verilən dəyəri, onlar üçün qurulan şəraiti indi generallar xəyal edə bilməz . Elə olmasaydı, gündüz-günorta generalı öldürüb, qatili gizlətməzdilər. Vaxt var idi hərbiçilərə, hətta hərbi idarələrdə çalışan mülki işçilərə də hər cür yüksək xidmət göstərilirdi. İndi isə hərbə aid nə varsa ləğv olunur, hətta uşaq bağçaları da satılıb. Bağça nəyimizə lazımdır? Əsl hərbiçi uşağını səngərdə böyütməlidir. Vətənə mərmi, güllə səsləri altında dünyaya gələn, əmizdirilən, pampersi dəyişilən körpələr lazımdır. Bir vaxtlar üstündə ”Voentorq”, ”Voennıy klub” ...yazılan obyektlər indi “Qoçular və qədeşlər”, ”Gecə barı”, ”Zibilxana”... adları ilə əvəz olunubsa , bu hökumət yuxusunda da müharibəyə hazır ola bilməz. Beş – altı il əvvəl normal vəziyyətdə olan bir hərbi klubun daşının-taxtasının oğurlanması haqda Müdafiə Nazirliyinə məlumat verdim. Dedim heç olmasa imkan verin öz hesabıma oranı “Kitab evi” etmək üçün təmir edim. Məni dinləyən yüksək rütbəli məmur əlini hirslə stola vurub ərz etdi : ”Niyə narahat olursuz? Dağılan sizin mülkünüz deyil ki, hökumətindi də, cəhənnəmə dağılsın...”Doğrudan da, harınlıqdan cəhənnəmə gedən ölkənin dərdini çəkməkdən çərlədik. Qoy, lap cəhənnəmin dibinə dığırlansın! QIR QAZANIna çatanda ayılanlar çox olacaq...
Əvvəlki məqalə: “BİR EVİN YOX, BİR ELİN İTKİSİ”. İBRAHİM BAYANDURLU ANILDI
Sonrakı məqalə: Hatəm Əsədov: Ağır otur, batman gəl"! Atalar kəlamı və gül bayramı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5106
