Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Etibar Əliyev: Kitabın dəfni

Mirzə Xəzər 04 May 2010

no comments

etibar-eliyev

Etibar Əliyev

KITABIN DƏFNİ


2008-ci ildə Davosda keçirilən sammitdə “insanların həyatını yaxın 15 ildə nə dəyişəcək” sualına cavab axtarılıb. O forumda 4 mühüm hadisənin baş verəcəyi barədə xəbərdarlıq edilib: neftin bir barelinin qiyməti 500 dollara çata bilər; su ticarət mübadiləsinə çevrilə bilər; Afrika gözlənilmədən iqtisadi gücə malik ola bilər; kitab yoxa çıxa bilər.


Yaxın 15 ildə neftin qiymətinin kəskin artması bizim neftimizin azalması illərinə təsadüf edə bilər. Bunun çox pis mənəvi və psixoloji təsirləri mümkündür. Ən azı hakimiyyətdə olanlar təəssüflənə bilər ki, gərək neftimizin az hissəsini sataydıq. Bunların içində ən real olanı kitabın yoxa çıxmasıdır. İnternetin meydana gəlməsi ilə bu proses başlayıb. Bu problem artıq bütün dünyanı düşündürməyə başlayıb. Bunun ən orijinal şərhini müasir dövrün nəhəng mütəfəkkirlərindən biri Umberto Eko verib: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edib bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”.


Xalqların kitaba münasibətində fərqliliklər həmişə olub. Sovetlər vaxtı təkcə Bakıda demək olar ki, hər tində kitab mağazası var idi. Tələbəlik dövründə mən kitab növbələrinə rast gəlmişəm. Sovetlərin süqutundan sonra kitab mağazalarının yerləri satılmağa başladı. Nəşriyyatlar, mətbəələr, kitabxanalar bağlandı. Bu proses bizdə hələ internet meydana gəlməmişdən geniş vüsət almışdı.
İndi Azərbaycanda normal şəxsi kitabxanası olan az adama rast gəlmək olar. Bukinist kitab dükanlarına daxil olanlar maraqlı mənzərənin şahidi olur. 20-30 il öncə bahalı, tapılmayan bütün kitablara rast gəlmək mümkündür. Görünür, vaxtilə kitaba həvəs göstərən insanların övladları oxumur. Bu səbəbdən kitabları satışa verirlər. İndi internet kitab oxumayanlar üçün əsl alibiyə çevrilib. Adamı belə sual düşündürür. Məsələn, Tolstoyun “Hərb və sülh” romanını internet vasitəsilə oxumaq olarmı? Yaxud da dahi Hüseyn Cavidin əsərlərini? Məncə, bu, çox çətindir.
Bu yaxınlarda ATV kanalında gedən “Rəsmilər qeyri-rəsmi” proqramında Abel Məhərrəmovu gördüm. Akademikin danışığı kitab oxumayan insan təəssüratı bağışlayırdı. Məsələlərə münasibətində həddən artıq bəsitlik hiss olunurdu. Elmə söykənməyən quru mülahizələri, yumor hissinin olmaması, iti ağlın əsas aləti olan metaforaların yoxluğu bunu sübut edirdi.


Verilişin bir hissəsi akademikin evində çəkilmişdi. Adama elə gəlirdi ki, o, Azərbaycan tamaşaçısına öncə kitabxanasını göstərəcək. Amma bu belə olmadı. Söhbət yemək stolunun ətrafında cərəyan etdi. Bu, daha çox Zaurun “Yağ kimi” verilişinə bənzəyirdi.

Akademikin şəxsi kitabxanası yoxdursa, bəs onda kimin olmalıdır? Səməd Seyidovun intellektual dostu müğənni Ədalətin, yoxsa Əhəd Abıyevin? Bu yaxınlarda hansısa jurnaldan oxudum: məşhur rus kino aktyoru Vitsinin kitabxanasında 16 min kitab olub. Bir aktyorun evindən çıxan kitab görəsən, bizim neçə akademikin kitabxanasına bərabərdir?

Bizim əksər alimlərin yazdığı kitablara diqqət etdikdə dərhal onların şəxsi kitabxanasının olmaması, öz sahələri üzrə kitabı yaxşı bilməməsi qənaətinə gəlirsən. Gecə-gündüz təriflənən tarixçilər 50-60 il öncə baş verənləri yazır. Bu isə tarix deyil, publisistikadır. O illəri görənlər hələ yaşayır. Təsəvvür edin, bir kitab dükanında tarixin yaradıcıları sayılan Fukidid, Mommzen, Droyzenin kitablarının üstünü toz basmış şəkildə gördüm. Vaxt vardı ki, bu dahilərin yalnız adını eşitmişdik. Bəlkə bu kitablar da internetdən oxunulur? Bu, mümkün olan iş deyil axı, qardaşlar.

Kitab haqda çox danışmaq və yazmaq olar. Amma kitabxanamın lap birinci cərgəsində özünə yer tutan XX əsrin böyük yazıçılarından biri Borxesdən bir misal gətirmək istəyirəm: “Gözlərim tam tutulsa belə mən yenə də kitab alıram. Mən evimi kitabla doldururam. Axırıncı dəfə mənə 20 cildlik Brokqauz ensiklopediyasını bağışladılar. Evimdə bu kitabın olduğunu hiss etdim və özümü xoşbəxt sandım. Gözlərim tam tutulduğundan mən heç nə oxuya bilmirəm. Ancaq ensiklopediya mənim yanımdadır. Mən onun gərginliyini hiss edirəm. Kitab - xoşbəxtlik əldə etməyə bəslənən ümiddir”.
Böyük yazıçının bu fikirləri gözləri işıqlı dünyanı görüb kitab oxumayanlara gözəl örnəkdir. Məncə, kitab adı çəkiləndə onu bir dəqiqəlik sükutla yad etməyin vaxtı artıq çatıb. Sadəcə bunu rəsmiləşdirmək lazımdır. Bunu hansısa qəbiristanlıqda klassiklərin birinin kitablarını dəfn etməklə reallaşdırmaq mümkündür.


“Yeni Müsavat” qəzeti


Əvvəlki məqalə: Mirzə Xəzərin Səsi - Podcast

Sonrakı məqalə: JURNALİSTİN HÜQUQLARINI MÜDAFİƏ EDƏN KOMİTƏ İŞÇİ QRUP YARADIB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5101

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin