TURAL ABBASLIYA 10 SUTKA HƏBS VERİLİB
2010-04-30 - 10:52:00
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyev “Media forum” saytına açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının harada olması haqqında məlumat verib.
Yaşar Əliyev bildirib ki, Tural Abbaslı ictimai qaydanı pozduğuna və polisin qanuni tələbini yerinə yetirmədiyinə görə 10 sutka müddətinə həbs olunub. General-mayor onu da deyib ki, təşkilat sədrini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıblar: “Hazırda Tural Abbaslı müvəqqəti saxlanma yerlərindən birindədir”.
Tural Abbaslının mülki geyimli şəxslərin oğurlaması barədə mediada gedən xəbərləri təkzib edən Yaşar Əliyev Müsavat Partiyası Gənclər Təşkilatı sədrinin haqlı, qanuni həbs olunduğunu vurğulayıb.
Tural Abbaslı aprelin 29-da saxlanılıb. Hadisənin şahidi olan qohumu deyib ki, Turalı paytaxtın Nəsimi rayonu ərazisində, səhər saat 11 radələrində evdən çıxarkən mülki geyimli şəxslər tutub. Onlar Turalı zorla maşına mindirilərək aparıblar.
Aprelin 29-da polis rəsmiləri bildiridilər ki, onlarda Tural Abbaslı adlı şəxsin tutlduğu barədə məlumat yoxdur.
Gümanlara görə, Turalı aprelin 30-da gənclərin keçirməyə hazırlaşdığı aksiyaya görə saxlayıblar. Söhbət Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bir il əvvəl baş vermiş terrorun qurbanlarının xatirəsini yad etmək üçün gənclərin keçirmək qərarına gəldiyi aksiyadan gedir. Ölkənin bir sıra gənclər qurumu, o cümlədən Müsavatın Gənclər Təşkilatı aprelin 30-u saat 13.00-da “28 May” metrostansiyasının qarşısından ADNA-nın 2-ci korpusunun qarşısınadək dinc yürüş keçirəcəklərini bəyan ediblər.
«Media forum»
Əvvəlki məqalə: GƏNCLƏR ŞÜAR SƏSLƏNDİRİR, HİMN OXUYUR və 28 MAY KÜÇƏSİ İLƏ YÜRÜŞ KEÇİRİRLƏR
Sonrakı məqalə: Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5094
