Pərviz Cəbrayıl: İLHAM ƏMİ, UŞAQLARI İTƏLƏMƏ!
Pərviz Cəbrayıl
Haqlısınız, əmi (dayı) çağırıla bilməsi üçün gərək o bizlərdən hansımızınsa qardaşı olaydı. Ilham qardaş…
Ama o – Ilham Əliyev kimin qardaşı ola bildi? Hardan başlayaq? Nə desək, nələri sadalasaq – təkrar çıxacaq. Ancaq neynəməli, o hər şeyi, bütün acıları illərlə bizə təkrar yaşatdı.
Hə, lap binadan başlayaq. 2003-dən. Hətta hakimiyyəti qəsb eləməsini bir kənara ataq. Sadəcə, öz etirazlarını toplaşıb azad şəkildə ifadə eləyən insanlara nə divan tutduğunu yada salaq! Nə qanlar axdı! Indi də o ilıq oktyabr gününün kadrlarına baxanda insanın boğazı kilidlənir qəzəbdən, ağrıdan, polis vəhşiliyindən. Al qanına qəltan edilən kişilər, uşaqlar, qocalar; iki kürəyinin ortasından yumruq ilişdirilib ağzı üstə daş döşəli torpağa çırpılan yaşlı qadın… Polisdən aman istəməyə məcbur olan ahıl kişinin sınan
qüruru! Onlaramı qardaş oldu Ilham?
2005-dən danışaqmı? Qudurmuş itləri xatırladaqmı?.. Qardaş qardaşını qudurmuş itlərin cənginə verərmi?
Bəlkə xalqın dilinə qələbə mahnısının sözləri kimi sırınmış “atəşkəs” dövründə öndən, arxadan vurulan minlərlə əsgərimizi gözümüzün önünə gətirək? Ali Baş Komandan demirəm ki, qardaş deyirəm – qardaş oldumu o məhv olan gəncliyə bu adam?
Ya uşaqlıqda bir həyətdə oyandıqları söylənilən Elmar Hüseynova – qətl olunan jurnalistə qardaş oldumu?
Ya hər gün çarəsizlikdən, səfalətdən, aclıqdan, qorxudan, ac övlad gözlərinin dəhşətli qınaqlarından, bir tikə ağuya dönmüş çörək tənələrindən vır-vır vırıldayan qadın ah-zarından, ata-ana töhmətindən intihar eləyənlərə qardaş oldumu?
Bəlkə işsizlikdən, yoxsulluqdan soyuq Rusiyanın, palmalı Dubayın dörd bir yanına səpələnən kişilərimizdən, qız-gəlinlərimizdən danışaq?
Ya Əli Insanova, Fərhad Əliyevə və neçə-neçə bu tip insanla qardaşlığından…
Özününkülərə, özgələrə… Kimə, axı kimə??? Bəlkə mənasız, xeyirsiz, urvatsız, davamsız yollar, parklar üçün, bu gün-sabah söküləcək muzeylər, heykəl məzarlığına atılacaq abidələr üçün evləri başlarına yıxılan vətəndaşlara qardaş olub bu insan? Bəlkə olub, bizim xəbərimiz olmayıb…
Bəlkə gənc bloqçuların qardaşıdı? Emin Milli Salyan həbsxanasına etab edildiyində atasının beyninə qan sızıb, ay qansızlar!
Bəlkə mənə qardaş olub? Atamın Biləsuvarda Heydər Əliyev küçəsində 20 kv.m torpağı var. IH-nin sərəncamıyla, 2003-də alıb. “Qardaş” taxta çıxan il. Andiçməsindən bir ay qabaq. O, milyardlar sahibi olub. Hələ H.Əlyev küçəsində yox, Dubayda oğlu balaca Heydərə 44 milyonluq mülk alıb. Atam isə bu günəcən onun yarıtmaz ədliyyə sisteminin, Vəzirxan adlı məhkəmə hakiminin ucbatından qanuni yerinə ayaq belə basmayıb. Ramil Usubovun seyid serjantı yerimizə çöküb, sanki bütöv bir nazirlik gözünü bizim çörəyə dikib. Məhkəmə
ekspertizası, torpaq komitəsi “qardaş”ın atasının adına olan küçədəki yerin atama aid olduğunu təsdiq eləyir, ama 7 ildi ki, kimsə bu seyidləri, Usubovun DIN-daşlarını zərərsizləşdirə bilmir. Bax buna deyirlər, “din-DIN”… Çünki Ilham Əliyev bizim qardaşımız deyil. Çünki Heydər Əliyev küçəsində Ilhamın qardaşı olmayanlara qazanmaq dövlət qanunlarıyla yasaq olmasa da, kral qanunlarıyla qadağandı. Bu qədər kiçikdi atamın problemi. Ilham isə ən kiçik problemli insanların belə qardaşı ola bilmir.
Həəə, bu əmi söhbəti hardan çıxdı, onu da deyim. Srağagün Ilham Əliyev bizim küçəylə keçəcəkmiş yenə, qarayollu kimi. Polis məktəbdən qayıdan uşaqların üstünə bağırıb, çımxırıb, şığıyıb, öz meqafonuyla vahiməli, adamın kürkünə birə salan qatmaqarışıq səsiylə qışqırıb, qovub onları. Balaca, körpə, sısqa Alpım da büdrəyib, ayağı burxulub. Ona elə gəlib ki, indi Ilham “əmi”nin maşını onu altına salacaq. Ödü yarılıb uşağın. Indi ayağını yerə basa bilmir.
O – Ilham Əliyev mənim atamın torpağını vermir, oğlumu itələyib yerə sərir. Adam qardaşı uşağını arxadan itələməz.
Bəs bu adam kiminsə qardaşıdı əvvəl-axır, ya yox? Hə, televiziyaların dediyinə inansaq, Estoniya prezidenti üzünü ona tutub, ağzından belə bir mühüm söz qaçırıb: “Əziz qardaşım…”
“Azadlıq” qəzeti
Əvvəlki məqalə: İLK DƏFƏDİR AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANDAN MƏHBUSU DƏRHAL AZADLIĞA BURAXMAĞI TƏLƏB EDİR
Sonrakı məqalə: Xalqı günahkar saymaq olarmı... ?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5084
