Məlahət Ağacanqızı: Deputat olmaq 10 yaşdan olsun!
Məlahət Ağacanqızı
Şanlı hökumətimiz qərara alıb ki, bu il deputatların çox hissəsi qadınlardan və gənclərdən ibarət olsun. Çünki veteranların Milli Məclisdə boş-boş söhbətlərə vaxt sərf etməkləri düzgün deyil: biznesləri təhlükə qarşısında qalır: bir əsr sonra dünyaya gələn əziz -xələf varisləri kef edə bilməz, biabırçılıq olar. Milyonçu deputatların şüarı: “Rədd olsun xalq! Yaşasın varislər!” Heç kəsə sirr deyil ki, əksər deputatların qılıncının qabağı da ,arxası da kəsən qırmızıyanaq MANDAT dayının sayəsində şəxsi biznesləri
var. Odur ki, yaxşı olar bu il bütün deputatlar ticarət mərkəzlərini, şadlıq evlərini, şirkətlərini... daha da genişləndirməklə, dəvə, maral, qoyun ...sürülərini çoxaltmaqla məşğul olsunlar . Milli Məclisi isə Vətənin gələcəyi olan saf qəlbli, mələk üzlü balacalara təhvil versinlər. Bu məmləkətdə YUXARIlar elə bərbad vəziyyətə düşüb ki, onu ancaq mələklər xilas edə bilər. Düzdür, bəzi harınlar övladlarına hətta ana bətnində cığalçılıq, fırıldaq, şeytan olmaq dərsi keçib tərbiyələrini pozublar.
Amma olsun! Balacaları düz yola qaytarmaq mümkündür. Vay saç-saqqalı ağaran yolunu azmışların halına. Yeni Məclis yaşı 10-dan 16-dək olan uşaqlardan ibarət olsa vaxtı ilə 12 yaşlı Şah İsmayıl Xətainin qurduğu dövlət yenidən bizim olar. Yəqin ki, balaca deputatlar torpaqlarımızın problemini həll etdikdən sonra məmurların xaricdə, daxildə olan mülklərini satıb evsiz-eşiksizlərə paylayacaqlar. İstedadlı uşaqların təhsil alması üçün dəyərli ziyalı H. Z. Tağıyev yolu ilə gedəcəklər. Çox güman ki, ilk olaraq
Dubay mülkləri satılacaq. Uşaqlar əyri-gizlin işləri sevmirlər. Seçkidə saxtakarlıq etmək istəyən namizədi qutuya salıb, ağzını mıxlayıb Xəzər dənizinə tullayarlar. Balacaların yaltaqlanmaqdan zəhlələri gedir. Böyükləri tərifləmək onlara aid deyil. İçki içmirlər, siqaret çəkmirlər, kazinolara getmirlər. Uşaqların yeganə acgözlükləri dondurma, çipsi, kola, saqqız üçündür. Onun üçün də bir aylıq deputat maaşları yetərlidir ki, ilboyu zıqqıldamasınlar... Bir sözlə Milli Məclisi uşaqlar idarə etsə bir ilə dövlət
xəzinəsi aşıb-daşacaq. Su kranlarından bal-doşab, süd-qaymaq axacaq. Vətən sehrli nağıllar aləminə çevriləcək. Bir vaxtlar Heydər Əliyevi prezident etmək üçün 70 yaş qadağası hay-küylə ləğv edilmişdi, indi də balaca Heydərin xətrinə deputat olmaq 10 yaşdan olsa mərhum prezident Heydər Əliyevin də ruhu şad olar.
Sağlığında “Heydər Əliyev” deyəndə YAP- çıların dodaqları beş yerdən çat vurardı, nəfəs almağa qorxardılar. İndi isə hamı özünü prezident sayır, hətta məktəb direktorları da. Dubayda adına 75 milyona mülk alınan nəvə Heydər Əliyevdən hesab sorulanda bir savadlı, cəsarətli vəkil olmadı ki, çıxıb desin: “Ay saqqalı ağarmış “Vaşinqton Post”! Bilmirsən, mülklər NƏVƏlərə BABAlardan qalır?” Ramiz Mehdiyev belə qara günlər üçün “ölkədə bir savadlı hüquqşünas yoxdur” deyirmiş. Çoxu elə bilir ki, məmləkətdə
xərçəng kimi yayılan haqsızlıqlara görə liderlər bloklarından çıxıb camaata qarışacaq, çadır qurub küçələrdə yatacaq. Güvəndiyimiz İsa Qəmbər bir qəzetin yükünü çəkməkdən imtina etdisə, demək MİLLƏTin dərdləri altına heç kəs çiynini verməyəcək. Ümid uşaqlaradır. Bizim ailədə də üç balaca üsyançı var. Hiss edirəm ki, çevrilişə hazırlaşırlar. Bir balaca haqsızlıq görəndə tez hasarın üstünə çıxıb bütün küçəyə car çəkirlər: Atamız Türkiyəyə qaçıb. Anamız da acığa düşüb bizə yemək bişirmir:
“Mirzə Xəzərin Səsi”nə, ”Azadlıq” qəzetinə şikayət yazır. “Atamıza istefa! Anamıza istefa! ”Onlar səslərini kəsən kimi bir dəstə qadın küçə qapısını döyüb hay –küy salır: Bizim də ərlərimiz Rusiyada itib, onlar üçün də qəzetlərə “axtarış” ver...
P.S. Bu yazını mətbəxdə üsyançılara “İnqilab” tortu bişirə-bişirə yazdım. Fürsətdən istifadə edən klaviaturanın ac, qul düymələri kef edir: ağız-burunları una, şəkər tozuna, yumurtaya, yağa bulaşıb...
Əvvəlki məqalə: Neft Akademiyasındakı terrorun iştirakçıları, yoxsa qurbanları?
Sonrakı məqalə: VAŞİNQTONDA AZƏRBAYCANLA BAĞLI FORUM: “İLHAM ƏLİYEVƏ TƏZYİQ GÖSTƏRMƏKDƏ DAVAM ETMƏLİYİK”
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5079
