Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Neft Akademiyasındakı terrorun iştirakçıları, yoxsa qurbanları?

Mirzə Xəzər 14 Apr 2010

no comments

ADNA

Terrorla bağlı məhkəmənin ilk iclası şübhələri bir qədər də möhkəmləndirdi

Neft Akademiyasındakı terrorla bağlı məhkəmənin hələlik yalnız bircə hazırlıq iclası keçirilib. Amma bu hazırlıq iclasında baş verənlər prosesə olan ictimai marağı bir qədər də artırıb. Bu da təkcə baş vermiş cinayətin miqyası, ictimai əhəmiyyətilə bağlı məsələ deyil.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunmuş dörd nəfər aprelin 12-də ilk dəfə məhkəmə qarşısına çıxarıldı. Hazırlıq iclasından ötən bir gün ərzində cəmiyyətdə bu işin mahiyyətindən daha çox, təqsirləndirilən şəxslərin işgəncələrə məruz qalmaları və cinayətin zorla boyunlarına qoyulması barədə məhkəmədə söylədiklərinin müzakirəsi gedir. Təqsirləndirilən şəxslərin məhkəmədəki ilkin çıxışlarından sonra onların gerçəkdən baş vermiş terrora aidiyyətinin olub-olmadığına dair şübhələr bir qədər də artıb. Bunun da bir sıra səbəbləri var. Əvvəla ona görə ki, Azərbaycanda vətəndaşlara işgəncə verilməsi, hüquq-mühafizə orqanlarında insanlardan tələb olunan ifadənin dəyənək, elektroşok gücünə və bu kimi başqa amansız vasitələrlə alınması təzə xəbər deyil. Daha doğrusu, belə xəbərlərlə Azərbaycanda heç kimi təəccübləndirmək olmaz. Bunun nəticəsidir ki, hər il hüquq-mühafizə orqanlarında onlarla ölüm hadisələri baş verir. Son nəticədə də bu ölümlərin hamısı ya intihar kimi rəsmiləşdirilir, ya da mərhumun səhhətindəki ciddi problemlərlə əlaqələndirilir. Sanki bütün intihar etmək istəyənlər, ya da xəstəliyi üzündən əcəli çatanların hamısı ölmək üçün hüquq-mühafizə orqanlarına üz tuturlar.
Azərbaycanda saxlanılan və ya istintaq altında olan şəxslərdən işgəncə yolu ilə ifadə alınması faktı beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında da əksini tapır. Eyni zamanda bu faktların obyektiv və hərtərəfli araşdırılmamasına görə Azərbaycan hökuməti qınaq obyekti olur.

Insanlarda şübhə yaradan bir məqam hüquq-mühafizə orqanlarının “iş metodudursa”, digər bir məqam da Neft Akademiyasında baş verənlərin kökündə dayananlarla bağlı Azərbaycan ictimaiyyətinə düz-əməlli, inandırıcı və tutarlı bir səbəbin göstərilməməsidir. Terrordan sonrakı ilk vaxtlarda hüquq-mühafizə orqanlarının bir-iki ziddiyyətli açıqlamasından başqa heç bir rəsmi məlumat verilmədi. Ardınca uzun müddət sükut yarandı və ümumiyyətlə, bu olay barədə hər hansı xəbəri almaq mümkün olmadı. Bir də ictimaiyyət ondan xəbər tutdu ki, artıq ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilir. Bundan sonra istintaq orqanının iş üzrə tərtib etdiyi ittiham aktı mətbuatda yayıldı. Lakin ittiham aktında yazılanlar hadisənin başvermə səbəbləri, təqsirləndirilən şəxslərin terrorun törədilməsində marağı və s. barədə insanlarda yaranmış suallara aydınlıq gətirmək əvəzinə, özü bir xeyli suallar yaratdı. Psixoloji problemləri olan Fərda Qədirovun bir neçə qohum-tanışı ilə birlikdə bir neçə min dolların müqabilində bu hadisəni törətməsinə dair istintaqın gəldiyi nəticə heç cür inandırıcı təsir bağışlamırdı.
Daxili Işlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov təqsirləndirilən şəxslərin yalan danışdığını, onlara Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində heç bir işgəncə verilmədiyini iddia edir. Işgəncələrə məruz qalmaqla bağlı söylənilənləri təqsirləndirilən şəxslərin özünümüdafiə cəhdi kimi qiymətləndirən Zahidovun arqumenti budur ki, niyə həbsdə olduqları ötən bir il ərzində onların vəkilləri susublar? Müəyyən mənada haqlıdır. Amma onu da nəzərə alaq ki, Azərbaycanda vəkillik institutunun özü də bataqlıq içindədir. Vicdanlı, cəsarətli, peşəkar, bir sözlə, sözün əsl mənasında müştərisinə vəkillik edən şəxslərin sayı barmaqla sayılacaq qədərdir. Hamıya məlumdur ki, bir çox hallarda istintaq altında olan şəxslərə dövlət hesabına vəkil təyin olunur. Əksər vaxtlarda da həmin vəkillər 50-100 manatın qarşılığında təqsirləndirilən şəxsdən daha çox istintaqçının, müstəntiqin maraqlarına xidmət edir. Və təbii ki, belə olan halda istintaq zamanı yol verilən qanunsuzluqlara, işgəncələrə göz yumur. Bu baxımdan Ehsan Zahidovun söylədiyi heç də tutarlı arqument sayıla bilməz.

Bütün bunları qeyd eləməklə heç də təqsirləndirilən şəxs qismində cəlb olunmuş dörd nəfəri müdafiə etmək fikrimiz yoxdur. Onların birmənalı şəkildə günahsız olduğunu iddia etməkdən də uzağıq. Çox təəssüf ki, hələlik Azərbaycanda müstəqil və ədalətli məhkəmələrin mövcudluğundan danışmaq mümkün deyil. Bizdə məhkəmələr yalnız kağız üzərində müstəqildir. Amma reallıqda hətta ən adi bir vəsatətlə bağlı müstəqil qərar qəbul etmək səlahiyyətləri yoxdur. Yoxsa, gerçəyin üzə çıxması – mühakimə olunan dörd nəfərin həqiqətən günahkar olduğu, yoxsa, işgəncələr nəticəsində cinayəti üzərlərinə götürdüyünü müəyyənləşdirmək üçün məhkəməni izləmək kifayət edərdi.

Analitik şöbə . "Azadlıq" qəzeti . http://azadliq.az/?p=54157&print=1

Əvvəlki məqalə: MÜSAVATIN PİKETİNİ GENERAL DAĞIITDI

Sonrakı məqalə: Məlahət Ağacanqızı: Deputat olmaq 10 yaşdan olsun!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5078

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin