Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: KƏNDLƏRDƏ HAMİLƏLİK TESTLƏRİNƏ TƏLƏBAT

Mirzə Xəzər 08 Apr 2010

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı

Kəndə gedəcəyimi eşidən tanış xanım zəng edib həyəcanla tapşırdı ki, onun üçün 10 dənə hamiləlik testi alım. Sözün düzü çox sevindim. Çünki ailədə Ceyran adında balaca bir qız böyüyürdü, onu qorumaq üçün ailə çoxdan idi ki, Aslan adlı qardaşın arzusundaydı. Fikirləşdim ki, yəqin xanım sevindiyindən 10 test tapşırdı. Kəndə çatanda çantamdan ilk olaraq testləri çıxardıb gizlicə xanıma verdim. O isə yüksəkdən “Ağasi, Ağasi...” deyib, ərini səslədi. Ağasi həyəcanla qaçıb gəldi. Arvadı testi ərinə verib “get tez yoxla...” deyəndə çaşıb qaldım. Bir az keçdi, Ağası dilxor halda ,əli qarnın üstündə geri döndü. Başı ilə “yox” dedi. Arvad əlini stola vuranda mən də, Ağasi də diksindik: ”Mən sənə dedim ki, gəl süni mayalanma edək, razı olmadın...” deyəndə istədim otaqdan düz Xızı dağlarına tərəf qaçım və bir daha geri dönməyim. Qohum xanımın feminist ruhda olduğunu bilirdim. Ailə ”bir dəfə sən, bir dəfə mən” qanunu ilə yaşayırdı. Fağır-fağır oturan Ağasiyə baxdım, ürəyim sancdı. İstədim ”Anan ölsün ay Ağasi, sənə qız bəyənən yerdə” deyib və evlərini tərk edim. Bu vaxt qapının ağzında 9 bığıburma kişi dayandı: “Ay Ağasi, bizim də testlərimizi ver də, yoxlayaq canımız rahat olsun...” deyib, hay-küy saldılar. Ağasinin yerindən qalxmağa halı yox idi. Balaca Ceyran tez qaçıb testləri əmilərə payladı. Onlar da “ay sağ ol balası, hansımıza xoş xəbər qismət olsa sənə muştuluq verəcəyik...” Kişilər gedəndən sonra 9 arvad 4-5 uşaqla gəldi. Aralarında həkim ginekoloq Gülarə xanım da var idi. Qadınların söhbətlərinə qulaq asanda elə bildim “inəklər üçün məsləhətxana” dayam. Gülarə xanım inək-buğa münasibətlərindən elə maraqla və həvəslə danışırdı ki, arada heç sual da vermək istəmirdin, “mooo...” etmək üçün sanki hamı fürsət gözləyirdi. 9 kənd qadının bir saatda etdiyi söhbətlər Milli Məclisdə 125 deputatın 5 ildə etdiyi danışıqlardan daha aktual idi: camaat inəkləri hamiləlik testləri ilə yoxlayanda “iki qırmızı xətt” görəndə sevindiklərindən illərlə uşaq üzünə həsrət qalan ər-arvad kimi ağlayırlar. Şves cinsinin spermasından döllənən düyələr sonradan çox vaxt ölümlə nəticələnən çətin doğuş keçirdiklərinə görə düyələrə süni mayalanmaya görə iynə vurmaq olmaz. Ancaq iki-üç qarın doğan inək “travmasız” şves buzovunu sahibinə bəxş edə bilər. İnəklərə süni mayalanma iynəsi vuran baytar həkim 10 manat zəhmət haqqı alır. İynəni inəklərin ayda bir gün olan özəl günlərində vurmaq lazımdır. Əgər inək spermanı qəbul etməsə iki dəfə pulsuz təkrar iynə vurulur. İynə vurulan inək gərək 3 gün çölə buraxılmasın: qırmızı pərdəli tövlədə dincəlməli və quymaq yeməlidir. Bir aydan sonra da inəkdə ürəkbulanma, başgicəllənmə, qusma halları baş verməsə, “çər dəymiş, qısırsanmış ki ..” deyib, təpəsinə çomaqla vurub, ətlik üçün saxlayırlar. Hələlik kənddə inəkləri uziyə aparmırlar. Əcnəbi heyvanın nəslini artırmaq üçün çoxu doğulan buzovun dişi olmasını istəyir. Kənddə aclıq çəkən buğaların inəklərin belinə tullanmaq üçün həvəsləri yoxdur. Harın, qızmış buğası olan heyvan sahibi kəndin ən hörmətli, bankrot qorxusu olmayan biznesmeni sayılır: qapısına gətirilən hər inəyin belinə bir buğa tullanışı üçün sahiblərindən 15-20 manat para alır... Eh, 15-20 manat nədir ki? Azərbaycanda qızmış, harın buğa məmurlar var ki, milyonlarla vətəndaşın belinə birdən tullanır, milyardlar qazanır ,yenə də rahat ola bilmir...

Dünyada ən bahalı və dadlı pendir Balkan eşşəklərinin südündən hazırlanandır. Südün bir litri 40 avroya, pendirin bir kilosu isə 1000 avroyadır. Qədim Romada qadınlar eşşək südündən dəridəki qırışlara qarşı dərman kimi də istifadə ediblər. Yəqin ki, Yeni Azərbaycan məmurları üz-gözlərinin qırışını açmaq üçün bahalı eşşək südündə çimdiklərinə, ömürlərini uzatmaq üçün od qiymətinə olan arı südü içdiklərinə görə tarixə düşəcəklər. Ən ucuz süd üzünə həsrət qalan Ağasi isə balaca bir buzov sahibi olmaq üçün hamiləlik testlərini inəyin sidiyinə salıb ƏN YENİ TARİX yazır...

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: NEFT Vadisi - Pusu

Sonrakı məqalə: Pərviz Cəbrayıl: 100 ƏSR SONRA ÜÇÜN

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5071

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin