Məlahət Ağacanqızı: NEFT Vadisi - Pusu
Məlahət Ağacanqızı
Ostrovskinin “Polad necə bərkidi” əsərinin qəhrəmanı Pavelin təsiri ilə böyüyən nəsillə, ”Kurtlar Vadisi - Pusu” serialının baş rol ifaçısı Necati Şaşmazın –Poladın təsiri altına düşən nəsil arasında yerlə göy qədər fərq var. Kimdir Polad Alemdar? Ssenari əsasında, çəkiliş meydanında qəhrəmanlıq edən bir erkək. Kinoşirkət sahibi olan qohum- əqrəbası yenidən Amerikaya getməsinə əngəl olmaq üçün ona rol veriblər, özü demişkən “başını qatıblar...”
Şəhid olan bir türk əsgərinin ayağının tozu olmayan saxta poladlar TÜRK DÜNYASInı zəlil günə qoydu. Neft paralarının qoxusuna “cəsur qəhrəman” uça-uça Azərbaycana gəldi, qaça-qaça Qəbələyə getdi. Şirə reklam etmək üçün gəlməyi cəhənnəmə! Gələn kimi o da Azərbaycanda biznes qurmaq fikrinə düşdü. Maraqlıdır, ”Kurtlar Vadisi”nin məşhur qəhrəmanı neft ölkəsində hansı bizneslə məşğul olacaq? Yəqin ki, pampers istehsalı ilə. Fövqəlnazir Poladı Azərbaycana boş yerə dəvət etməyib ki. O, əla bilir
ki, tez-tez fövqalədə hallara düşən, ”Jalə” şirələri içən millətə polad kimi davamlı pamperslər lazımdır...
Bir müddət əvvəl nəqliyyat nazirinin oğlunun Polada “dur mənim üçün rəqs et” təklifi müzakirə olundu. Kimin hünəri var idi deyəydi ki, “əlbəttə rəqs edər, lap soyunar da...” . Qədeşlər bıçaqlarını çıxarıb həmən Poladın qisasını alardılar. Ay korlar, sevimli Poladınız dəstəsi ilə pula görə şüadan deşilən Qəbələyə cənnət deyib, mayallaq aşır. “Polad sınar, əyilməz” misalından “Gilan Holdinq” qazanı üçün əyilə-əyilə xaş bişirir...Siz isə hava limanında soyuqdan əsə-əsə, acqarına Poladın yolunu gözləyirsiz. Yazıqlar olsun! Görəsən, kino qəhrəmanlarını qarşılamaq üçün yığışanlar ssenarisiz döyüşən, şəhid olan qəhrəmanları tanıyırlar? Əsla yox! Maraq xətrinə də olsa onlardan bir qəhrəman adı soruşulsa: Vandam, Arnold, Memati, Polad, Çakır... deyib cuşa gələrlər, ağlaşma qurarlar. Belə biqeyrət toplum ucbatından minlərlə dəyərli övladlar şəhid oldu(olur), Elmar Hüseynov güllələndi, Ramil Səfərov ömürlük həbs edildi, Mirzə Xəzər Vətən üzünə həsrət qaldı, Eynulla Fətullayev sonu bilinməyən cəza aldı, Adnan və Emin “xuliqan” oldu... Düşmən güclü ordusu ilə öyünür, BİZ Poladın dəstəsi ilə şellənirik. Deyilənə görə ”Kurtlar Vadisi Qarabağ ”filmi çəkiləcək və film nümayiş olunanda “Gilan Holdinq” in məhsulları reklam olunacaq. Təsəvvür edirəm o reklamı: qar üstündə quruyub qaxaca dönən xocalıların meyitləri nümayiş olunur. Və bu arada reklamlar gəlir. Bir qız əlində “Jalə” şirəsi ilə rəqs edir. Kadr arxasından Poladın səsi : “Ja-leee... - haydi gel içelim...” Facilərdən sızılan qanı “reklam şirəsi” ilə yuyub para qazanmaq bu hökumətin peşəsidir. Əvvəlcə Qarabağ satıldı , indi də dərdləri satılır... Kül olsun bizim başımıza ki, “Polad Alemdar” şəkilli papaqlarda, tumanlarda, corablarda özünə kişi deyənlərin ümidinə qaldıq! Kül olsun bizim başımıza ki, çəkiliş meydanında tapança atanlara, yumruğunu stola vuranlara igid deyirik! “Aşkı” dillərdə dastan olan, neft parası hesabına “kişi” olan bir Rza Zərrabı var: Mən başa düşə bilmirəm niyə ona azərbaycanlı iş adamı deyilir? Zərrabı hansı xeyriyyəçiliyi, vacib işləri gördü ki, Azərbaycanda belə məşhurlaşdı? Cibinin parasına görə dalaşan iki abırsız müğənnilərin davasına görəmi ona iş adamı deyilir? Doğrudan da böyük “iş” adamıdır ki, üstündə dalaşan iki qadının arasından başı yarılmadan, üzü cırmaqlanmadan sürüşüb çıxa bildi...
Təqaüdünü almaq üçün növbədə duran, sıxılmaqdan gözləri hədəqəsindən çıxan bir yaşlı kişi elə hey zarıldayırdı: ”Milləti qoz qabığına salıblar...” İstədim əyilib qulağına pıçıldayım ki, ağsaqqal, artıq fındıq qabığının içindəyik, xəbərin yoxdur. Nəsə qıymadım, dedim yazıqdır həqiqəti bilər ürəyi partlayar. Günahdır, əhli-əyalı pul gözləyir. Qoy elə bilsin qoz qabığındayıq, qozun içi qəşəngdir, ortasında sirli qara pərdəsi də var...
source: "Azadlıq" qəzeti, http://azadliq.az/?p=53055
Əvvəlki məqalə: Eziz Mirze bey
Sonrakı məqalə: Məlahət Ağacanqızı: KƏNDLƏRDƏ HAMİLƏLİK TESTLƏRİNƏ TƏLƏBAT
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5070

