Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: YETİMLƏRİN DƏCƏL PREZİDENTİ VƏ ƏRKÖYÜN MƏMURLARI

Mirzə Xəzər 29 Mar 2010

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı


Hər dəfə balacalara dəcəlliklərinə görə cəza verəndə nənələri etiraz edib, uşaq dəcəllik edər, dərd çəkməz ki, deyir. Etdiyi yaramazlığa görə kiçik oğlumu cəzalandırıb, bir xeyli danladım: sən dünyanın ən dəcəl uşağısan, nə qədər cəza versəm də xeyri yoxdur...O isə” Ən dəcəl mən deyiləm, Misir Mərdanovdu . Jurnalistlər, müəllimlər, valideynlər ən çox onu danlayır, o isə yenə istədiyini edir” deyəndə məni gülmək tutdu. Yaxşı ki ,balacalar böyükləri güldürməyi bacarır, yoxsa qəm-qüssə çəkməkdən çoxdan ürəyimiz partlamışdı. Amma balaca düz demirdi, məncə ,ən dəcəl bala təhsil naziri deyil axı: dünyanın ən dəcəl balası Azərbaycan prezidentidir. Artıq baba olmasına baxmayaraq, o, yumurta döyüşdürməyi, xizək sürməyi, futbol oynamağı, özündən yaşca böyükləri incitməyi çox sevir. Elə ona görə də dəcəllərdən ibarət Nazirlər Kabineti yaradıb: millətin təpəsinə daş çırpmayan, evini üstünə uçurtmayan ,isti aşına soyuq su tökməyən və başqa yaramazlıqlar etməyən bir məmur yoxdur. Uşaq var ki, bir dəfə də olsun futbol oynamağa, xizək sürməyə, yumurta döyüşdürməyə... vaxt tapmır: çörək pulu qazanmaq üçün maşın şüşələri silən, ayaqqabı təmizləyən, alüminium-mis satan, çəkisindən ağır yük daşıyan balacalar da yaşıdları kimi dəcəllik etmək, əylənmək istəyirlər .Faciə içində yaşayan, 5-6 yaşından ailəyə kömək etmək üçün uşaq dünyasını qurban verən balacalar məmləkətimizdə minlərlədir...


İnsanın içində zorla qalan uşaqlıq aləmi yaşlananda mütləq üzə çıxır. Bu əsasən yetimçiliklə, əzab-əziyyətlə böyüyən uşaqlarda olur. Şəxsən mən ailə vəziyyətimlə bağlı doyunca uşaqlıq illərimi yaşamamışam. Yaşıdlarım gəlinciklərlə, “klas-klas”, topla oynayanda mən xalı toxuyurdum, cəhrədə yun əyirirdim. Elə ona görə də arada uşaqlara qoşulub qaçdıtutdu, gizlənpaç ... oynayıram. “Bənövşə- bənövşə” oyununu çox sevsəm də uşaqlara qatılmıram. Balacaların bir-birinə yapışan toppuş əllərini qaça-qaça vurub açanda onların “offf...” etmələrinə dözə bilmirəm. Gizlənpaç oynayanda isə kef edirəm: gizləndiyim yerdə bir-iki saat yatıram, sonra çıxıb “stuk” edirəm. Yoxsa başqa cür yatmağa imkan yoxdur...

Mən biləni hələ də başlarında uşaqlıq havası olan məmurlardan heç biri yetimçiliklə böyüməyib, xalı toxumayıb, cəhrə fırlatmayıb, quzu otarmayıb... Zamanında dəcəlliklərini doyunca edib əyləniblər. Bəs nədən hələ də ciddi, məsuliyyətli məmur ola bilmirlər? Görünür, məmurlar aləmində dəcəllik üçün yaşın fərqi yoxdur. Nazir-bəstəkar Kəmaləddin Heydərov “Dəcəllik yaşa baxmaz” adlı bir mahnı düzüb qoşsaydı əla olardı. Fəxriyyə Xələfovaya isə dəcəl məmurlar üçün “İŞ”lərinə uyğun uniforma sifariş vermək lazımdır. Məsələn, mer üçün üstündə kötük, balta, xarabalıq, təhsil naziri üçün “2 ”, ”0” meyvə-tərəvəz... şəkilləri olan forma tikmək lazımdır. Yoxsa , ərköyün balalar ütülü, bahalı, tünd rəngli kostyumlarda əziyyət çəkirlər. Elə paltarlarda “dəcəllik” etmək rahat deyil. Rəngbərəng, idman stilində olan geyimlər daha əyləndirici və fərqləndiricidir :nə qədər istəyirsən tullan, özünü yerə sürt, çarpayının altında gizlən, şkafın təpəsinə çıx, oğurluq et, baş yar, ədəbsiz danış ,ev yıx, xoşuna gəlməyənləri yatdığı yerdə döşəyə tik, əllərinə qandal vur, başına torba keçirt ...uğurlu alınacaq. “Dəcəl balalar” MİLLƏTlə ən çox qaçdıtutdu və gizlənpaç oynayırlar. Ərköyün balaların ən çox sevdikləri oyunlardan biri də gözbağlaycıdı. Gözlərini bağlayıb “tutdum!” qışqıranda sanki adam deyil, qanadlarını qırmaq üçün kəpənək tuturlar...


Bizim evin qapısı ilə küçə qapısı arasında məsafə hardasa 15 m olar. Hər dəfə qapı döyüləndə ,hamı evin balacasının üzünə baxır. O da bir müddət “vəzifəsini” qaça-qaça, sakitcə yerinə yetirirdi. Novruz bayramında hamı evdə oturub 9 gün qoz-fındıq yeyib istirahət etdi, o isə gücləndirici iş rejiminə keçmişdi .Bu səhər isə qapı döyüləndə, o, hamının üzünə baxıb sakitcə dedi :” Mən daha qapı açan deyiləm, balaca eşşək olmaqdan bezdim...”


P.S. Maraqlıdır, BİZ-lər nə vaxt böyük eşşək olmaqdan bezdiyimizi dilə gətirəcəyik?!

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: YETİMLƏRİN DƏCƏL PREZİDENTİ VƏ ƏRKÖYÜN MƏMURLARI

Sonrakı məqalə: Sultan Laçın: DAVAM EDİR SOYQIRIM!..

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5065

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin