Məlahət Ağacanqızı: SƏNƏ MƏKTUBLAR YAZIRAM - ÖZÜMƏ YOLLAYIRAM... (şeirlər)
Məlahət Ağacanqızı:
SƏNƏ MƏKTUBLAR YAZIRAM-
ÖZÜMƏ YOLLAYIRAM... (şeirlər)
Sənə məktublar yazıram
hər gün -
özümə yollayıram...
Məktub yazanda
Mən oluram,
oxuyanda
Sən...
Yazanda ağlayıram-
qadınların ağlamağı
eyib etməz...
Oxuyanda ağlamıram,
axı, kişilər ağlamaz ...
Sən heç sevdiyinə
məktub yazıb,
özünə yolladınmı ?..
Yazanda Sən ,
oxuyanda,
O oldunmu?
O, olanda ağladınmı ?!..
Ağla...
Dünyanın
ən zor KİŞİ işi
sevdiyin qadının
yerinə ağlamaqdır...
SƏN MƏNİM BAŞDAŞIMSAN...
Harda olsam,
hara getsəm
ordasan...
Sən mənim BAŞDAŞIMsan,-
üstündə adım yoxdur...
ƏBƏDİYYƏT...
Sən bir sirli dünyamsan,-
yaddaşın əbədiyyət...
Qəlbinə girmək,
Səni sevmək,
Sənə sevilmək,-
heç vaxt ölməmək
əbədiyyətə getmək...
QARŞINDA ÇILPAQ QALDIM...
Bütün fəsillərdə
yarpaqları yaşıl qalan,
meyvələri kal olan
bir ağac idim...
İsti nəfəsindən
əsim-əsim titrədi
budaqlarım,
yamyaşıl
töküldü yarpaqlarım...
Şirin su kimi
sözlərindən
yetişdi,
sulandı,
çatladı,
töküldü
meyvələrim-
qarşında çılpaq qaldım...
*
Acı söz sandığım
dilimin ucunda-
onu açmağa nə var...
Şirin söz sandığım
canımın içində-
oğulsan gəl onu
qırağa çıxart...
*
Mənim bədənimin
açarı SÖZün-
Ondan da heç kimdə,
heç yerdə yoxdur...
Aç SÖZünlə bədənimi
İÇimdə yerin hazır...
*
İgidlərin savaşında
söz yarası sağalmaz,
qılınc yarası sağalar...
Sevənlərin savaşında
diş yarası sağalmaz,
söz yarası sağalar...
Sözlərindən
bal tökülür
acılarımın üstünə-
sağalıram
Sənin üçün...
ADLAR...
Mən insanam
qadın deyiləm...
Sən kişisən
insan deyilsən...
Heyf ki,
insanların
ancaq
qadın-kişi
adları var...
Yaxşı ki,
bədənlərin
qadın-kişi adlarından
İNSAN kimi
bezməyi var...
ƏN UCA ZİRVƏ...
ATA boynunda oturub,
atanın başı üstündən
dünyaya baxmaq,
ayaqlarını
sağa-sola yelləmək,
qollarını quş qanadları kimi
qaldırıb-salmaq
balaca qızlar üçün
dünyanın ən uca zirvəsinə
çıxmaq
deməkdir...
Ancaq
o uca zirvədən
tanımaq olur
vəhşi heyvanları...
Ancaq
o uca zirvəni
fəth edən balaca qızların
heç vaxt
büdrəməyir ayaqları,
yaşla dolmayır
gözləri...
Bəlkə o uca ZİRVƏni
görə bilmədiyimə görə
həyatda
tanıya bilmədim
AYI ilə ADAMları...
Bəlkə o səbəbdən
ən uca
və ən soyuq zirvələrdə də
donmur,
isti olur
gözümün yaşları...
Əvvəlki məqalə: Axhsaminiz xeyir olsun eziz Mirza muallim!
Sonrakı məqalə: Salam Mirze BEY!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5059
