ABŞ KONQRESİNDƏN AZƏRBAYCANA ETİRAZLAR
Birləşmiş Ştatlar Konqresinin Helsinki Komissiyası Bakı Apellyasiya Məhkəməsinin bloqçular Emin Milli və Adnan Hacızadə barədə hökmü qüvvədə saxlamasını pisləyib.
“Turan”ın məlumatına görə, komissiya üzvü, senator Bencamin Kardin ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair hesabatına istinad edərək xatırladıb ki, bloqçular ötən ilin iyulunda Bakı restoranlarından birində hakimiyyətin təşkil etdiyi kobud təxribat nəticəsində tutulublar: “Bloqçuların zərər çəkməsinə və polisə müraciət etməsinə baxmayaraq onlar həbs edildilər, basqınçılar isə cəzasız qaldılar”.
Bakı Apellyasiya Məhkəməsi Emin Milli və Adnan Hacızadəyə birinci instansiya məhkəməsində çıxarılmış hökmü martın 10-da qüvvədə saxlayıb. Gənclər 2009-cu il iyulun 8-də Bakının “Livan” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E.Milli 2 il 6 ay, A.Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
“Turan” xəbər verir ki, Helsinki Komissiyasının həmsədri, konqresmen Elsi Hastinqs gənclərin apellyasiya şikayətinin rədd olunmasını belə dəyərləndirib: “Bu hadisə Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını göstərir. Məhkəmə müdafiə tərəfin təqdim etdiyi dəlillərə və şahidlərə əhəmiyyət verməyib”.
“2009-cu il dekabrın 11-də Helsinki Komissiyası Azərbaycan prezidentinə məktub göndərib gənc bloqçuların apellyasiya şikayətinə ədalətli baxılmasına çağırıb. Lakin Azərbaycan hökuməti hələ də məktuba cavab verməyib. Azərbaycan rəhbərliyinin ATƏT-in ölkədə mətbuat azadlığı olmaması ilə bağlı tənqidini diqqətə almaması narahatlıq doğurur”. Helsinki Komissiyasının üzvü Robert Adernot belə deyib. O əlavə edib ki, gənc fəalların həbsi və mühakimə olunması Azərbaycan hakimiyyətinin bu ilin sonunda keçiriləcək parlament seçkisinə qədər siyasi cəhətdən fərqli düşünənləri susdurmaqda qətiyyətli olduğuna dəlalət edir”.
Əvvəlki məqalə: Mirzə Xəzər əməliyyat olunub
Sonrakı məqalə: Müxalifət İlham Əliyevi istefaya çağırır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5046
