Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Gözlənilən ən bahalı TOY

Mirzə Xəzər 12 Mar 2010

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı

Məişət əşyalarından su içmək üçün yalnız bir taxta qaşığı olan, sonradan onu da atıb, suyu ovcu ilə içən, çəlləkdə yaşayan yunan filosofu Diogenin ağlı qarşısında ən gözəl qadınlar diz çöküblər. Varlı ərlərinin yatağından çəlləkdə yaşayan Diogenin yanına qaçan qadınlar böyük sevgi ilə özlərini ona təslim ediblər. Onlar var-dövlət hərisi olan ərlərinin ipək yatağından iyrənib, Diogenin çirkli çəlləyini öpməklə haram var-dövlət sayəsində quduran, öyünən kişilərdən qisas alıblar…


Azərbaycanın “hörmətli, tanınan” qadınları isə çəlləkdə yaşayan filosofa dəli deyib, üstünə benzin töküb yandırarlar. Bizdə əksər qadınlar ta qədimdən yalnız haram var-dövləti olan kişilərə tərəf qaçıblar. Hər baş kəsib satan, evinə haram çörək parası gətirən kişinin yanında əlində qanla dolu teşt saxlayan bir qadın var… Gözü qan tutan, ayıblarının faş olmasından qorxan hökumət Diogen ruhlu övladlarımızı azadlıqda yaşamağa qoymur, qorxudan onları dəmir çəlləklərə salıblar. Çünki qorxaqlar nə qədər bahalı geyimdə olsalar da, bahalı imarətdə yaşasalar da cəsurların yanında miskin və iyrənc görünürlər.


Tanınan imkanlı xanımlarımız bir dəfə də olsun VICDAN məhbuslarına baş çəkməyə getməyiblər. Cəhənnəmə getsinlər! Axı orda onlara bahalı maşın, çanta, üzük alan, villa bağışlayan erkək yoxdur. Azərbaycanın “məşhur, hörmətli” xanımları qabaqlarında rəqs edib, göbək oynadan “kişilərin” ora-burasına pul qoymaqla şellənirlər. Çünki özləri də o yolla var-dövlət sahibi olublar. Onlar haqq-ədalət uğrunda həbsə düşənlərin ana-bacılarının atılan dırnağına da dəyməzlər…


Ağır əməliyyat keçirən dəyərli ziyalı Mirzə Xəzəri Azərbaycandan arayıb-axtaran olmasa da, alman həkimləri onu xilas etməyi bacardı. “Nemes” də məmurlarımızdan vicdanlıdır. Şəhidləri unudanlar Mirzə Xəzəri unutmazmı?! 20 Yanvar hadisələrini “Azadlıq” qəzetində şərh edən Lalə Şövkətin müsahibəsi yaddaşı olmayanlar üçün “Unutma!” dərsliyidir: “Indi hamı öz mənafeyindən çıxış edir, o zaman böyük rol oynamış insanlara qiymət vermək istəmir. Əliyevin tərəfdarları unutmasınlar ki, onun müsahibəsini böyük fasilədən sonra Azərbaycana və dünyaya məhz Mirzə Xəzər ”Azadlıq” radiosunun vasitəsi ilə çatdırmışdı…”


Toxluqdan quduran hakimiyyətə daha nə azad Azərbaycan, nə həqiqət carçısı Mirzə Xəzər, nə də “Azadlıq” radiosu lazımdı. Onlara yalanlarını ört-basdır edən AzTV, ITV, Lider… kimi kanallar və qul rəhbərləri lazımdır…


Son vaxtlar milyonçular üçün təşkil olunan bütün satış auksionlarında bizim məmurlar ön sırada oturub çəkiclərini ən sonda vuranlardan olublar: naməlum azərbaycanlı “Istanbul” adlı gəlinliyi 200 ÿmin avroya alıb. Xəbər portallarında uzunqıç manekenin əynində gəlinliyin fotosu da verilib. Əslində ona gəlinlik yox, seksual geyim deyilsə daha düzgün olar. Kəmaləddin Heydərov isə 25 min avroya çarpayı aldığını gizlətmir. Ilahi, ah-nalə səsindən insanlar 25 manatlıq çarpayıda yata bilmir, 25 minlik çarpayıda necə yatmaq olar?..


Demək, ən bahalı gəlinlik, ən bahalı çarpayı Azərbaycandadır. Nə qəşəng! Qalıb ən bahalı bəylik paltarına azərbaycanlının sahib olmağı. Yoxsa biabırçılıq olar: gəlinimiz bəysiz qalar. Dünyada ən bahalı məişət əşyalarını azərbaycanlı məmurlar alır. Tank, təyyarə, raket, silah-sursat nəyimizə lazımdır? Biz müharibəyə deyil, ən bahalı toya hazırlaşırıq. Artıq Monika Belluci ilə toyda şərbət paylamaq üçün müqavilə bağlanıb. Qoy, Islam Kərimovun qızı Lolaçkanın paxıllıqdan ürəyi çatlasın. O, Monika, Alen Delonla nahar etməyə görə xalqın cibindən 190 min avro oğurlayıb restorana ödəyəndə özbəklərin hətta soyhasoyda azərbaycanlılardan geri qaldığını düşünməli idi. Ingilis, ərəb, özbək… qələt eləyir – pul Azərbaycanda, bir də onun məmurlarında.


Milli TOYumuz payızda – seçkilər günü olacaq. Amma iqtidar “qız evində toya hazırlıqlar başlayıb, müxalifət – oğlan evi isə agent axtarır. Ondansa əzizlərim, QIZın neçə adaxlısı olmasını araşdırın…

source: Azadliq qezeti - http://azadliq.az/?p=50775

Əvvəlki məqalə: “Azadlıq” bloku İlham Əliyevi istefaya çağırdı

Sonrakı məqalə: Borçalı şerləri: Mirzə Xəzər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4852

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin