Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Xaliq Bahadır: Rədd olsun Amerika, rədd olsun “Vaşinqton Post”, yaşasın Əliyevlər diktaturası!

Mirzə Xəzər 10 Mar 2010

no comments

bahadir

Xaliq Bahadır

Rejim ABŞ-ın böyükelçiliyi qarşısında piket keçirdi. Bütünlüklə “ailə” pultuna bağlı televiziyalar piket görüntülərini gen-bol yayımladılar. Polislər durub baxır, Qüdrətin BXCP-si Amerikanın üstünə qışqıra-qışqıra dururdu. Amerikanlar qorxudan burunlarını da eşiyə çıxarmırdılar. Sözsüz, amerikanlar Qüdrətdən, qüdrətçilərdən yox, onları Amerikanın üstünə göndərən hakimiyyətdən qorxurdular. Bu hakimiyyətin necə güclü, buna görə də necə qorxulu olduğunu indi Amerikada da bilirlər. Allah göstərməsin, olmadı belə – oldu elə, birdən bu hakimiyyət doğrudan-doğruya Amerikaya qarşı çıxdı, onda necə olacaq?! Amerika bundan qorxur…
Görüntüdən çıxış etsək, ABŞ Konqresinin alt palatasının yalançı “erməni soyqırımını” tanıması qüdrətçilərin antiamerika aksiyası keçirməyinə nədən olmuşdu. ABŞ kimi supergücə qarşı rejim aksiya keçirir! Nəyə görə? Bəlkə Türkiyənin milli dövlət maraqlarına görə? Bəlkə “bir millət-iki dövlət” formuluna görə? Yox! Başlıcası bu deyil. Belə olsaydı, bu rejimin başçısı nefti, qazı qardaş Türkiyəyə qanımızı içənlərə satdığından qat-qat baha qiymətə satmazdı! Belə olsaydı, bu rejimin başçısı bizə qardaş Türkiyədən üz döndərib, düşmənimiz “Ermənistan”a qardaş Rusiyaya üz tutmazdı!
Başlıcası, Amerikanın bu rejim başçısından az da olsa qanunçuluq, demokratiya istəməsidir. Əliyevçi rejimin Azərbaycanı qanunçuluqdan, demokratiyadan bir belə uzaqlaşdırması getdikcə Amerikanın özünə qarşı çevrildiyindən, rejimə təpki göstərmək gərəyi yaranır. Əliyevlər rejimi Amerikanın özünün qurduğu, illərlə arxa durduğu bir rejimdir. Amerikadan, Amerikanın, belə desək, demokratik imperiya standartlarından uzaqlaşmalar okeanın o tayında kəskin reaksiyalar doğurmağa başlayır. Bu bir qanunauyğun görsəniş olduğu kimi, əliyevçi hakimiyyətin getdikcə Amerikadan uzaqlaşması da qanunauyğun görsənişdir. Bir yandan Azərbaycanın maraqlarını arxalandıqları bəlli böyük dövlətlərin maraqlarına qurban verməklə, o biri yandan ölkəni amansızcasına soyub-yağmalamaqla böyük güc toplamış Əliyevlər onlara əl verməyən demokratiya standartlarından bütünlüklə uzaqlaşmağa, Azərbaycanı indikindən daha artıq kölə ölkəsinə çevirməyə çalışırlar. Buna görə Amerikadan bütünlüklə uzaqlaşmaq, stalinçi Putin Rusiyası ilə yaxınlaşmaq yolu tutulur.


Demokratiya anlayışını leksikonundan bütünlüklə çıxaran, demokratiyanı ailə hakimiyyəti üçün ən böyük qorxu sayan əliyevçi rejim başçısı getdikcə antidemokratik baxışlarını dilə gətirməkdən də çəkinmir. Belə çağda ortaya korrupsiyaçı rejim cinayətlərinə işıq salan “Vaşinqton Post” qəzeti çıxır. “Vaşinqton Post” Əliyevlər ailəsinin Dubayda 75 milyon dollarlıq mülkü olduğunu yazır. Qəzet hələlik ailənin yalnız Dubayda olan mülklərindən yazır. Londonda, Moskvada, Avropanın bir sıra başqa şəhərlərindəki milyonlar, milyardlarla dəyərindəki mülklərindən yazmır. Axı, bu hələ başlanğıc yazısıdır.
PA-ın sözçüsü funksiyasını yerinə yetirən Ə.Həsənov prezident ailəsinin “bizneslə məşğul olmaq hüququ olduğunu” bildirir. Olsun. Ancaq soruşuruq: yüz il qabaq gerçək demokratiya qurmuş bu ölkədə hakimiyyətin bütün qollarının bir ailənin – Əliyevlər ailəsinin əlində toplanması nədən ötrüdür? Nəyə görə ölkədə Özgürlük, Qanunçuluq, Demokratiya bir belə tapdanır? Nəyə görə demokratik jurnalistika boğulur, rejim gerçəklərini yazan jurnalistlər öldürülür, sümükləri sındırılır, qondarma suçlamalarla tutulub dustaq edilir? Biznes ortamının darmadağın edildiyi, ölkədən qıraqda böyük biznes yiyəsi olanların da aldadılıb gətirilərək var-yoxdan çıxarıldığı bu ölkədə 11 yaşlı Heydər Əliyev necə qazancı fontan vuran uğurlu biznesmenə çevrilə bilir?!

Azadliq qezeti: http://azadliq.az/?p=50495

Əvvəlki məqalə: Mehriban VƏZİR: AC OLAN – ÖC ALAN

Sonrakı məqalə: MÜSAVAT PREZİDENTİN İSTEFASINI TƏLƏB ETDİ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4714

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin