Mehman Əliyev: «Baş verənlər göstərir ki, müəyyən adamlar Eynulla Fətullayevin azadlığa çıxmasından qorxurlar»
Əlövsət Əliyev: «Eynulla Fətullayevin açıqladığı faktlarla bağlı istintaq ciddi araşdırma aparmalıdır»
Jurnalist Eynulla Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı açıqladığı şok xəbər ölkə mətbuatının diqqət mərkəzindədir. 2006-cı ildə Tbilisidə hakimiyyətin guya Elmar Hüseynovun qətlinə görə Interpol xətti ilə barələrində axtarış elan etdiyi şəxslərlə görüşdüyünü deyən E.Fətullayev bildirib ki, onun daha sonrakı araşdırması E.Hüseynovun qətlilə bağlı bütün şübhələri bir şəxsin – MTN zabiti Akif Çovdarovun üzərində cəmləşib. Bununla əlaqədar olaraq müvafiq orqanlara məlumat
ünvanladığını deyən redaktor məhz buna görə həbsə düşdüyünü vurğulayıb. E.Fətullayevin açıqlamalarında diqqət çəkən daha bir məqam ona MTN-lə əməkdaşlıq müqabilində azadlığa çıxa biləcəyilə bağlı söylədikləridir.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, onda da olan məlumata görə, E.Fətullayev əldə etdiyi informasiyaları müvafiq strukturlara çatdırıb. Redaktorun son açıqlamasından sonra da söylənilənlər istiqamətində ciddi araşdırma aparılmasının vacib olduğunu deyən M.Əliyev vurğuladı ki, aparılan tədqiqatda aidiyyəti strukturlar yaxından iştirak etməlidir: “Eynulla Fətulayevin səsləndirdiyi fikirlərdə söhbət MTN-dən gedir. Bu isə çox ciddi məsələdir. Əlbəttə ki, bu cür informasiyaya sahib
şəxsə qarşı təzyiqlər olmalıydı. Amma burada bir məqam da var ki, ona diqqət cəlb etmək lazımdır. Eynulla Fətullayevin işi Avropa Məhkəməsində idi və qaldırılan cinayət işinin əsassız sayılması redaktorun azadlığa çıxmasıyla yekunlaşa bilərdi. Məhz bunun da qarşısı son narkotik olayı ilə alındı. Bu isə o deməkdir ki, müəyyən adamlar Eynulla Fətullayevin azadlığa çıxmasından qorxurdular və güman edirdilər ki, o, bu cür bəyanatlarla çıxış edə bilər”.
Hüquqşünas Əlövsət Əliyev də hesab edir ki, E.Fətullayevin açıqladığı faktlarla bağlı istintaq ciddi araşdırma aparılmalıdır: “Hər bir fikir KIV-də çap olunub-olunmamasından asılı olmayaraq istintaq orqanında araşdırma predmeti olmalıdır. Əgər hər hansı mətbuat orqanında bu informasiya çap olunubsa, o, yüz faiz araşdırılmalıdır. Ona görə də düşünürəm ki, Eynulla Fətullayevin də açıqladıqlarına hüquqi qiymət verilməlidir”.
Hikmət http://azadliq.az/?p=49968 "Azadlıq" qəzeti
Əvvəlki məqalə: ESKUDERONUN İŞİNİ NARDARAN BƏLƏDİYYƏSİ ARAŞDIRACAQ
Sonrakı məqalə: Dünya mediası Əliyevlərin Dubaydakı mülklərindən yazır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4660
