5 İL SONRA. ELMAR HÜSEYNOVUN MƏZARI BAŞINDA DEYİLƏNLƏR
Martın 2-də “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qəbri ziyarət olunub. Onun öldürülməsindən 5 il ötür.
“Media forum” saytı xəbər verir ki, qəbirüstü ziyarətdə ənənəvi olaraq Elmar Hüseynovun ailə üzvləri, jurnalistlər, müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
“Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu öz nitqində bildirib ki, Elmarın qətlinin üstünün açılmasına ümidlər getdikcə tükənir: “Buna baxmayaraq Azərbaycanda sonuncu vicdanlı şəxs qalana qədər o, unudulmayacaq. Bu gün Azərbaycanda onun yolunu davam etdirən cəsarətli jurnalistlər var”.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, 5 il bundan öncə də bu qətlin arxasında hakimiyyət qüvvələrinin dayandığı bəlli idi: “İlham Əliyev qətldən sonra belə bir sual vermişdi ki, bu qətl kimə lazımdır? İndi, qətldən 5 il keçəndən sonra demək mümkündür ki, bu qətl kimlərə lazım imiş”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib ki, Elmarın uyuduğu yer müqəddəsdir: “Elmarın atası Sabir kişi öz oğlu ilə necə fəxr edirsə, Elmarın oğlu Aslan da atası ilə o cür fəxr edəcək”.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Elmar Hüseynovun yazılarının yenidən təftiş olunması təklifi ilə çıxış edib. O xatırladıb ki, Elmar dəfələrlə etik qaydaları pozmaqda təqsirləndirilib, saxta ittihamlarla həbsə salınıb: “Onun yazılarını bir daha təftiş eləsək, məlum olar ki, o çox nahaq təzyiqlərə məruz qalıb. Onun heç bir yazısı etik qaydaları pozmayıb”.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov dəfələrlə Elmarın qətli ilə bağlı Azərbaycanın hüquq mühafizə orqanlarına sorğu ilə müraciət etdiklərini deyib: “Bugünlərdə MTN-dən ənənəvi cavab gəldi ki, qətlin açılması istiqamətində səylərini davam etdirilər, Gürcüstan tərəfi bu işdə şübhəli bilinən şəxsləri Azərbaycan vermir”.
Emin Hüseynov Bakının Mətbuat prospektində Elmarın büstünün qoyulması üçün prezidentə, Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etdiklərini xatırladıb: “Lakin hər dəfə səlahiyyətli qurumların ötür-ötür oyunu ilə qarşılaşırıq”.
Publisist Xaliq Bahadır Elmarın qətlinin üstünün açılmamasında həm Azərbaycan müxalifətini, həm də jurnalistləri günahlandırıb. O, bu qüvvələrin birləşməməsini əsas gətirib və belə bir təklif irəli sürüb ki, bu gün onlar Elmar Hüseynovun qəbri üstündə and içməli, birləşməli və hakimiyyətin dəyişdirilməsi üçün mübarizələrini davam etdirməlidirlər.
Əvvəlki məqalə: MİRZƏ XƏZƏR: “BİR NEÇƏ JURNALİSTDƏN BAŞQA AZƏRBAYCANDAN MƏNİMLƏ MARAQLANAN OLMAYIB”
Sonrakı məqalə: ESKUDERONUN İŞİNİ NARDARAN BƏLƏDİYYƏSİ ARAŞDIRACAQ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4652
