Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

MİRZƏ XƏZƏR: “BİR NEÇƏ JURNALİSTDƏN BAŞQA AZƏRBAYCANDAN MƏNİMLƏ MARAQLANAN OLMAYIB”

Mirzə Xəzər 01 Mar 2010

no comments

mirze xezer 55-1-1


2009-cu il dekabrın 10-da yaşadığı ölkədə - Almaniyanın Münhen şəhərində xəstəxanaya yerləşdirilən “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan bürolarının keçmiş rəhbəri Mirzə Xəzər müalicəsini davam etdirir. O, astma xəstəliyinin kəskinləşməsi səbəbindən xəstəxanaya düşmüş, 2010-cu il yanvarın 20-də isə öd kisəsindən əməliyyat olunmuşdu.

Fevralın 23-də “Media forum” saytı Mirzə Xəzərdən müsahibə götürüb.

- Mirzə müəllim, necəsiniz? Uzun müddət xəstəxanada qaldınız. Yəqin ki, artıq ordan çıxmısınız.

- Təşəkkür edirəm, yaxşıyam. Hələ müalicəni davam etdirirəm. Xəstəxanadan çıxmışam. Hazırda sanatoriyadayam.

- Həyat yoldaşınız bizə sanatoriyaya gedəcəyinizi demişdi. Sanatoriya Almaniyadadırmı? Hansı şəhərdədir?

- Bavariyanın özündə bir neçə sanatoriya var. Onlardan biri mənim xəstəliyim üzrə tibb müəssisəsidir. Yaxşı, mənzərəli yerdədir, dağların qoynunda. Təmiz havası var. Həkimlərin diqqətini hiss edirəm.

- Nə vaxtdan ordasınız?

- Fevralın 15-də xəstəxanadan çıxdım, elə həmin gündən sanatoriyadayam. İki həftə burda olmalıyam. Gələn həftə evə qayıdacam. Özümü çox zəif hiss edirəm. Çünki 60-65 gün yataq vəziyyətində xəstəxanada qaldım. Uzanmaqdan əzələlər yumşalıb, ümumi halsızlıq var, yeriməyimdə müəyyən problemlər yaranıb. İnşallah, bunlar hamısı keçəcək.

- Səhhətiniz birdən-birə pisləşmişdimi?

- Özümü soyuğa vermişdim. Beş il əvvəl siqaret çəkməyi tərgitmişəm. Ona qədər siqaret səhhətimə nə ziyan vurmuşdusa, o da qalmışdı. Xəstəxanaya yerləşdiriləndən bir qədər əvvəl mənə bərk soyuq dəyibmiş, öz həkimim bunu görməyibmiş. İltihab yaranıb, yavaş-yavaş nəfəsalma çətinləşdi. Son dəqiqədə – onda artıq vəziyyətim kəskinləşmişdi və hansı halda olduğumu indi xatırlaya bilmirəm – təcili tibbi yardım çağırıb məni xəstəxanaya gətiriblər. Düz doqquz gün süni tənəffüs aparatına qoşulu, narkoz altında olmuşam. Heç nədən, heç kəsdən xəbərim olmayıb, demək olar, bu dünyada olmamışam. Ona görə də hadisələr yadımda qalmayıb.

Müalicə müddətində yeni tibbi texniki vasitələrlə ağ ciyərlərimi təmizlədilər. Çox mürəkkəb bir şeydir. Özümü nisbətən yaxşı hiss edirdim. Elə çıxaçıxda öd kisəmdəki daş məni incitməyə başladı. Əvvəl əməliyyat etmək istədilər, sonra fikirlərindən daşındılar. Bir neçə gündən sonra öd kisəm partladı və təcili əməliyyata alındım. O anlardan da yadımda heç nə qalmayıb. Çünki yenə məni uzun müddət narkozda saxladılar. Yalnız oyandıqdan sonra nə olduğunu bilmişəm. İndi məni sanatoriyaya yollayıblar ki, özümə gəlim.

- 60-65 günlük müalicənin effektini hiss edirsinizmi?

- Əlbəttə. Artıq nəfəsalmam çox yüngülləşib, rahatlaşıb. Yeriyirəm. Əvvəllər isə heç cür nəfəs ala bilmirdim. Hətta özümdən də gedirdim. Yəqin ki, təcili yardım çağırmasaydılar, yaxşı qurtarmazdı.

- Siz Azərbaycanda kifayət qədər tanınırsınız. Bu müddət ərzində Bakıdan sizinlə maraqlanan, vəziyyətinizi soruşan olubmu?

- Düzünü deyim ki, Azərbaycandan mənimlə maraqlanan olmayıb. Bir neçə jurnalistdən başqa. Başqa heç kim maraqlanmayıb. Olsun, özləri bilərlər. Maraqlanmırlar maraqlanmasınlar. Onlar maraqlanmayıb deyə dünya yerindən oynamayacaq ki...

- “Azadlıq”, “Amerikanın səsi” radiolarının Azərbaycan bürolarında çalışmısınız. Onlardan, radioların rəhbərliyindən, keçmiş iş yoldaşlarınızdan kimsə sizin səhhətinizlə maraqlanıbmı?

- Yox, zəng edən olmayıb. Mənimlə əvvəl işləyənlərdən zəng edən olub. Amma indikilərdən heç kim zəng etməyib. Heç gözləmirəm də. Çünki indi onlarla heç bir əlaqəm yoxdur. Dost-tanış arasında mənimlə maraqlanan çox oldu. Amerikadan, Almaniyadan, İngiltərədən, İsveçdən, Hollandiyadan, İsraildən çox adam zəng edib və bu günə qədər maraqlanırlar. Amma Azərbaycandan heç kim. Deməli, onların buna ehtiyacı yoxdur.

Mən daha belə şeylərə təəccüblənmirəm. Azərbaycanın adı gələndə əvvəllər başqa hisslər keçirirdim, ancaq indi heyfsilənirəm. Bir mənimlə maraqlanmamağa heyfsilənmirəm. İnsanlar mədəniyyətin nə olduğunu bilmirlər. Mədəniyyət hər şeyə deyilir. Xəstə ilə maraqlanmaq da, zəng edib soruşmaq da, yada salmaq da mədəniyyətdir. Bunlar yoxdursa, sonra nə olacaq? Həqiqətən də 27 il mübarizə gedib. O mübarizənin içərisində mənim gecəm-gündüzüm olmayıb. Düzdür, o mübarizədə tək mən deyildim, çox adam vardı. Amma indi belə bir vəziyyətlə üzləş, əlbəttə ki, adama yaxşı təsir eləmir. Hər halda, mübarizənin nəticələri yan gedib... Nə isə, olsun...

- Uzun müddət xəstəxanada müalicə olunmaq, əməliyyatdan keçmək, sözsüz ki, az xərc tələb etmir. Üstəlik, indi də sanatoriyada müalicə olunursunuz. Bütün bunların xərcini ödəmək işsiz bir jurnalist üçün – sizin üçün çətin deyil ki?

- Amerikada işləyən hər bir məmurun ömürlük sığortası olur. Radioda işləyən adamların da hər birinin belə bir sığortası olur. Ondan mənə də düşüb. Xəstəxana, həkim, dərman, sanatoriya xərcini, hətta hansısa tibbi avadanlıq lazımdırsa, onun alınması üçün pulu da Amerika hökuməti ödəyir. Bu, çox rahatdır və heç nəyə ehtiyacım olmayıb.

- İndi yaradıcılıqla məşğul ola bilirsinizmi?

- Üç aydır yaradıcılıq işlərindən kənar düşmüşəm. Bir qədər özümü topladıqdan sonra yenidən işlərimi davam etdirəcəm. Saytım var, internet radiom var, onların fəaliyyəti son üç ayda dayanıb. Özümə gələn kimi yaradıcılığa başlayacam. Onlarsız yaşamaq olmur ki... Onu da eləmə, bunu da eləmə... Bəs nəylə məşğul olasan?..

- Sonuncu dəfə nə vaxt Bakıda olmusunuz?

- 2004-cü ilin yanvarında Bakıya gəlmişdim, fevralın 13-də qayıtdım.

- 6 il ötüb. Bakıya gəlməyi planlaşdırırsınızmı?

- Nə üçün gəlim ki?! O vaxt orda olanda qəzet açmışdım, onun buraxılışı ilə məşğul idim. Bir gün gəlib mənə dedilər ki, qəzeti bağla, özün də Azərbaycanı tərk elə. Düzü, bilmədim bu mesaj kimdən gəlib, amma sonra mənə dedilər ki, bu, ciddi xəbərdarlıq imiş.

- Sizə hədə-qorxu gəldilər?

- Bəli, tez ölkəni tərk elə dedilər. Ona görə də çıxıb getdim. İndi qayıdıb nə edəcəm? 2004-cü ildə gələndə bir ayın içərisində dörd dəfə yatmağa yer dəyişdim. İndi gəlib orda səkkiz-doqquz yerdə yatmayacam ki...

- Onda belə çıxır sizi artıq Bakıya, Azərbaycana bağlayacaq nəsə qalmayıb?

- Yox, Azərbaycana bağlayacaq çox şey qalıb. Təkcə elə xatirələr də yetər. Bunlar bir bağdır. Amma indiki vəziyyət ətrafında soyuq başla düşünmək lazımdır. Misal üçün, mən indi gəlib neyləyəcəm, yaxud mənim gəlməyimi istəyirlərmi, istəmirlərmi? Mənə nəyləsə məşğul olmağa imkan verəcəklərmi? Bir iş görmək mümkün olsaydı, gedib görərdim. Kim bilir, zamandır, bir də gördün, hər şey dəyişdi, kim bilir...



«Media forum»

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: OXUMAQ MİN DƏFƏDİR, ƏRƏ GETMƏK BİR DƏFƏ...

Sonrakı məqalə: 5 İL SONRA. ELMAR HÜSEYNOVUN MƏZARI BAŞINDA DEYİLƏNLƏR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4651

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin