Məlahət Ağacanqızı: UÇURUMDA SEVGİ...(şeirlər)
Məlahət Ağacanqızı
GÖZ YAŞLARI BOL OLAN YERDƏ
ŞİRİN SULAR TAPILMAZ...
BİR GÜN GÖRMƏDİM…
Sənli anlarım,
Dəqiqələrim,
Saatlarım
Ömrüm içində
24 saat ola bilsəydi
məzarım üstünə deyərdim yazın:
“Ömründə BİR GÜN görüb”
QƏZAM...
Bütün ürəklərdə
yer
iki nəfərlik...
Üçüncü gələndə
qəza baş verir...
CANIM ,ürəyim-
qəzam xoş gəldin...
Ürəyim, canım-
qəzan mübarək...
VƏRDİŞ EDİRƏM...
Səni görmək üçün
Canım canımdan çıxır...
İstəsəm elə indi gələrəm-
Ölərəm
Dirilərəm...
Sevərəm
Sevilərəm...
Gəlmirəm!-
Sənsiz yaşamağa
vərdiş edirəm...
***
Səni unutmaq üçün
əllərimi açıb
dua edirəm-
əllərimin içində
rəsmin görünür...
TƏNHALIQ...
Səndən və
Allahdan başqa
heç kimim yoxdur...
Amma
nə sənin yanına
gələ bilirəm,
nə Allahın yanına
gedə bilirəm...
Niyə yaşayıram,
necə yaşayıram,
heç özüm də bilmirəm...
SONUNCU...
Tənha qalanda
darıxanda
qorxanda
məğlub olmamaq üçün
başıma çaxmaq istədiyim
SONUNCU gülləmsən...
SƏNi-
sonuncu gülləmi
gicgahıma tuşladım
dodaqlarıma sıxdım
ağzımdan qan yerinə
çiçək töküldü...
UÇURUMDA SEVGİ...
Qapımın kandarı
uçurum...
Bir addım atsam
ya uçurumun dibindəyəm
ya da uçub
gedəcəyəm...
Gözlərimi yumub
irəli gedirəm...
Qəribədir,
həm uçuram,
həm
uçurumun dibindəyəm ...
Həm diriyəm
həm də
ölü kimiyəm -
SƏNinləyəm...
CANIM...
Başımızı
qoşa yastıq üstə
qoymaq üçün
YER üzündə
yer olmadı:
həsrətindən
canı çıxdı bədənimin...
Heç olmasa
əllərini qoşa tut
qoyum başımı -
CANIM qayıtsın...
DARIXMAQ...
Ətrafımda
darıxmaqdan başqa
heç nə yoxdur...
O qədər çoxdur ki
nəfəsim üstə
elə bil şəhər tikilib...
O qədər böyükdür ki
azıb qalmışam -
hara gedəcəyimi
nə edəcəyimi bilmirəm...
DARIXIRAM...
Darıxmaqdan DAŞ oluram...
Nə olar
Səni görmək üçün
heç olmasa
bir anlıq
gözlərimin üstündən
darıxmaq daşlarını apar...
Eh, hara aparasan,
necə aparasan ?!-
Sənin gözlərin üstə
darıxmaqdan
karxana var...
MÖCÜZƏ...
İpə-sapa,
ev - eşiyə ,
həyət-bacaya,
şəhərə-ölkəyə,
yerə-göyə,
lap elə bütün dünyaya
sığmayan bir RUH idim-
SEVGİn bir küncdə
oturtdu məni...
Sevgidən dəli olarlar-
bu sevgi ağıllı etdi məni...
İNTİHAR ...
Qadınlar it olanda
kişilər pişik axtarır...
İt qadınlar
pişik qadınları
incidib
ağaclara çıxardır...
Kişilər
ağaclardan asılmaq
üçün
bəhanə axtarır...
... MM...
Sən mənim adımı
gizlin saxladın...
Adın özündən
cürətli oldu:
adın baş hərflərimizi
yanaşı yazdı...
Adındakı
qoşa hərflərdən
başqa
heç bir yaxınlığımız
doğmalığımız
qalmadı-
heç onu da
qoşa deyən yox,
yaxınlığını bilən yox...
“Aramızdan
su da keçməz...”
deyirsən,
eh, artıq aramızdan
ölkələr keçir...
VƏHŞİ QUŞ...
Mən bir quş idim-
uçmaq istəyəndə
qəfəsə
saldın...
Mən bir quş idim-
Sən mənə
ovcunda dən verməkdən
xəncər ucunda
qanı tökülən
leş verdin...
Mən bir bülbül idim-
ən şirin
nəğmələrimi unudub
“ah- of” oxudum...
Sən məni
elə yedirtdin,
elə incitdin-
vəhşi quşa dönüb
QƏLBİNİ yedim...
HƏQİQƏT...
Evimin divarları
kağızdan hörülüb...
İÇinə
tikanlı məftillərdən
çarpayılar düzülüb...
Hər axşam
tikanlı
məftillərə toxunan
əllərimdən
tökülən qan
yayılır evimin
kağız üzünə...
Qırmızı olur,
ürək kimi döyünür
evim...
Çöldən baxanlar
evimin rənginə,
ürəyə bənzəyən formasına,
“tuk -tuk” edən səsinə,
“İçi məni ,
çölü özgəni yandıran”
bir evə heyran olub...
Bacasından
canımdakı tüstülü
“ah ”ım çıxır...
Burda
əzizlənmək,
öpülmək,
sevilmək ,
zülm...
Mən bu saray evcikdən
yaman yoruldum...
Boğuluram,
çırpınıram,
üzülürəm...
Nə olar, -
məni də
üzü
bəzəkli kağızdan olmayan,
divarları
daşdan-dəmirdən hörülən,
məhbusları
döyülüb-söyülən
dırnaqları çəkilən
saçlarından asılan
həqiqi nifrət olan
saxta sevgi olmayan
bir ZİNDANa aparın ...
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı – Avgust 2009-ci il
İranda Azərbaycanlılar əleyhinə insan haqqları pozuntuları 2009'cu ilin Avqust ayında da, Azərbaycanlı öyrəncilərə basqıların çoxalması, öyrəncilərin yüksək təhsilə başlamalarına izin verilməməsi, Azərbaycan fəallarının kültürəl mərasimlərdə iştirak etmələrinin önlənməsi və basqılaraya rəğmən iştirak edənlərin həbs edilməsi şəklində davam etmişdir. Əsassız və öz xoşuna şəkildə həbs alınanlar işgəncə və çeşidli basqılara məruz qalıblar. Həbslərin çoxunda məhbusun haraya aparıldığı və hansı səbəbə görə tutulduğu
ilə bağlı bilgi verilməyib, vəkillə təmin olma və ailə ilə görüş haqqları onlardan alınıb və sağlıqları üçün gərəkli olan imkanlar sağlanmayıbdır.
Azərbaycanlı hüquq müdafiəçisi və jurnalistın sağlıq durumu yaxşı deyil
8 il həbsə məhküm olub və Tehranin Evin həbsxanasına göndərilən Azərbaycanlı jurnalist və insan hüquqları Müdafiəçisi Səid Mətinpur, mədə qanaması, həzm problemi, bel ağrısı, ürək problemi və şiddətli baş ağrısı kimi xəstəliklərlə qarşı-qarşıyadır. Ağır xəstəliklərinə baxmayaraq doktora göstərilməyən Mətinpurun sağlığı təhlükədədir.
Səid Mətinpur 2007’ci ilin May ayında Zəncan şəhrində tutulub və 278 gün, mühakimə olmadan İran təhlükəsizliyinin (Ettalaat) tək adamlıq kamerasında saxlanıldıqdan sonra 500 min dollarlıq vəsiqə qarşılığında keçici olaraq sərbəst buraxılmışdı. O azadlıqdan sonra, məruz qaldığı işgəncələr və sağlıqsız kamerada saxlandığı nəticəsində, ciddi bel ağrısı və həzm çətinlikləri ilə qarşı-qarşıya olduğunu xəbər vermişdi. Təhlükəsizlik məmurları tərəfindən kamera qarşısında etiraf etdirmək məqsədi ilə ağır işgəncələrə məruz qalan insan hüquqları müdafiəçisi həbs sürəsində vəkillə təmin olma və ailə ilə görüşmə haqqına sahib deyildi.
Təhlükəsizlik məmurları Mətinpura yönəlik basqıları artırmaq üçün onun qardaşı Əlirza Mətinpuru da nəzarətə almışdılar. İran məhkəməsi jurnalistin işkəncə altında etdiyi etiraflara əsaslanaraq onu “Yabançılarla əlaqə qurmaq” (Casusluq) və “Rejim əleyhinə təbliğat” ilə günahlandırıb və səkkiz il həbs cəzasına məhkum etdi. Təmyiz (Apellyasiya) Məhkəməsi isə eyni qərarı təsdiqlədi.
Qəzetəçinin həyat yoldaşı Ətiyə Tahiri onun mühakiməsinə işarə edərək “Hakimiyyət orqanlarının Səidin əleyhinə sənədləri vardıysa, niyə mühakimədə o sənədləri deyil, işgəncə və ruhi basqılar altında həyata keçirilən sorğu-cavablardan alınan etirafları əsas tutdular?” deyir.
Ətiyə Tahiri Mətinpurun sağlıq durumunun çox pis olduğunu deyir. O ümumi suçlardar nədəni ilə məhkum olanların saxlandığı sağlıqsız bir bölmədə saxlanılır. Ətiyə Tahirinin dediklərinə görə, davamli istirahət və fizioterapiyaya ehtiyacı olan həyat yoldaşına zindan içində tibbi imkanlar mövcüd deyildir.
Tehran Universitetinin fəlsəfə bölümü məzunu olan Səid Mətinpur, ‘Yarpaq’ ve ‘Moc-i Bidari’ (Oyanış Dalğası) qəztləri və Azərbaycanda insan hüquqları üzərə fəaliyət edən ‘Haqq’ bloqunun yazarı olub. Mətinpur həmçinin öz şəxsi bloqu və başqa qəzetlərdə Azərbaycanda dil və insan hüquqları haqqında çoxlu məqalələr yazıb. Uluslararası Əfv Təşkilatı, Sərhədsiz Reportyorlar, Front Line və Jurnalistləri Müdafiə Birliyi quruluşları daha öncə nəşr etdikləri hesabatlarda Səid Metinpuru düşüncə məhbusu olaraq gördüklərini ifadə edərək heç bir ön şərt olmadan bir an öncə sərbəst buraxılmasını istəmişlər. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP) Səid Mətinpur sağlıq durumu ilə bağlı nigaranlığını bildirərək, İran hakkimiyyət orqanlarını bu məsələdə məsul tanıyır.
Azərbaycanlı öyrənci aktivist həbsxanaya göndərildi
İranda Azərbaycanlı öyrənci aktivistlərə tətbiq olan basqılar son illırdə daha ağırlaşıb. Öyrənci quruluşlar və öyrənci dərgilərin çoxu bağlanıb, çox sayıda öyrənci fəaliyətlərindən dolayı neçə semestr universitetden uzaqlaşdırılıb və bəzilıəri qovulublar. Bəzi öyrəncilər isə bəlli olmayan nədənlərdən dolayı gözaltına alındıqdan sonra mühakilmə edilib və zindana göndəriliblər. İram hakimiyyəti indi isə yüksək təhsilə başlamaq istəyən öyrınciləri universitetlərə qəbuı etmir.
İsfahan şəhri Malik Əştər Universitetində təhsil alan Azərbaycanlə öyrənci aktivist Məcid Makuyi bir il həbs cəzası və iki il şərtli həbsə məhkum olandan sonra 2009 Avqustun 18’də həbs sürəsini çəkmək üçün Təbriz həbsxanasına göndərilib.
2008’ci ilin yayında Məcid Makuyi, Təbriz Universitetindən olan yetdi öyrənci aktivisti ilə birlikdə, İran təhlükəsizliyi məmurları tərəfindən gözaltına alındılar. O üç aylıq gözaltına tutulub və raporlara görə işgəncə olduqdan sonra, keçici olaraq və vəsiqə qarşılığında sərbəst buraxılmışdı. 2009 Fevralın 8’də ona “AZOH” (Azərbaycan Öyrənci Hərəkati) Bloqda yazmaq için, “rejim əleyhinə təbliğat” və “milli güvənlik əleyhinə fəaliyət edən quruluşa üyəlik” ittihamları verilərək bir il həbs cəzası və iki il
şərtli həbsə məhkum olundu. Təmyiz (Apellyasiya) Məhkəməsi isə eyni qərarı 2009’cu ilin Mayında təsdiqlədi. Daha öncə eyni məhkəmə həmin ittihamlardan dolayı, Fəraz Zehtab, Aydın Xaceyi və Ehsan Nəcəfnijadı üç il həbs cəzasına məhkum etmişdi. Onlar 2009’cu ilin İyulundan bəri həbsdədirlər.
Azərbaycanlı öyrəncilərin yüksək təhsilinin qarşısı alınıb
İran dövlət universitetlərində yüksək təhsilə giriş testlərinin nəticəsi verildikdən sonra, Behzad Ciddi, İbrahim Şahbazi və Rəhim Şövqü öz bölmərində yüksək təhsilə giriş sınağını qazandıqlarına baxmayaraq, təhsillərinin qarşısı alınıb. İranın Bilim, Araşdırma və Teknoloji Nazirliyi bu öyrənciləri yüksək təhsilə uyğun olmayan öyrəcilər şəklində sınıflandırıb. Təbriz Azad Universiteti (Özəl universitet) də Azərbaycan öyrənci aktiviti və “Arman” öyrənci quruluşunun siyasi bölmə müdürü Nəvid Məhəmmədini bilgisayar
mühəndisliyi bölümündə qəbul olduğuna baxmayaraq qeydiyyata almayıb.
Keçən ildə də İbrahim Rəşidi, Emin Sadiqi, Səməd Paşayi, Mehdi Hacməhəmmədi və Nahid Babzadə kimi Azərbaycanlı öyrənci aktivistlərin yüksək təhsilinin qarşısı alınmışdı.
Azərbaycan öyrənci fəallarının əleyhinə olan basqılar sadəcə yüksək təhsilin qarşısını almaqla sınırlanmır. Son həftələrdə yüksək təhsilini bitirməkdə olan Vəhid Şeyxbəyli tezini (dissertasiya) müdafiə etməyə sadəcə neçə həftə qaldığında universitetdən qovulub. Yüksək təhsilinin ikinci semsterində olan Behnam Türkanpur (sənaye idarəetməsi bölümü) və son semstrdə olan Yunis Zareiyyun (siyasi bilimlər bölümü) də eyni şəkildə universitetdən qovulublar. Alınan xəbərlərə görə bu öyrəncilərin qovulması İran Təhlükəsizlik Nazirliyindən (Ettelaat) universitetlərə öyrəncilərlə bağlı məktub göndərdiklərindən sonra gerçəkləşib.
Uzun süre, qanunsuz gözaltına alınan aktivistlər
Təhlükəsizlik məmurları 2009 Mayın 31’də Azərbaycan mədəni fəalı Aydın Zakiri’ni Xiyav şəhrində (Meşkinşəhr) tutuqladılar. 3 ay tutulduqdan sonra hələ də gözaltında olan Zakiri mühakimə olmamış və ona qarşı hər hansı ittiham irəli sürülməyib. Yerli qaynaqlara görə Azərbaycanlıların dil və kültür hüquqları ilə bağlı Xiyav şəhrində məqalələr nəşr etdiyi üçün nəzarətə alınan Zakiriyə Vəkillə təmin olma haqqı verilməyib. Hökümət orqanları Zakirinin ailəsinə onun gözaltına alınma nədəni ilə bağlı heç nə deməyiblər.
Azərbaycanlı yazar və tarixçi və keçən illərdə nəşrinə qadağa qoyulan “Şəms-i Təbriz” qəzetinin yazarı Nağı Əhmədi Azər 2009 Aprelin 4’də tutulduqdan bəri hələ də Təbriz zindanında saxlanılmaqdadır.
Əhmədi Azər ailəsinin dediklərinə görə hakim (qazi) bir aydan çoxdur məhbusun ailəsi ilə görüşməsinə izin verməyib. Hökümət məsulları jurnalistin tutulma nədəni ilə bağlı hər hansı bilgi verməsələr də, yerli qaynaq Əhmədi Azərin Azərbaycan Cumhuriyyətində ədəbiyatçılar iclasına qatılmasından dolayı tutulduğua inanırlar.
Əhmədi Azər Azərbaycan tarixi və ədəbiyyatı haqqında neçə kitab yazıb və tərcümə etmişdir. O “İran Yazıçılar Birliyi”nin üyəsi və “Azərbaycan Yazıçılar Birliyi”nin fəxri üyəsidir.
Təbriz Təhlükəsizlik məmurları 2009 İyulun 13’də Azərbaycanlı yazıçı və Türkcə dili öyrətməni Həsən Əbdullahi’ni (Umudoğlu) evində tutuqladılar.
Umudoğlunun tutulmasından iki ay sonra o hələ də gözaltında tutulmaqdadır. Raporlara görə yazıçı Azərbaycanlıların kültürəl və dil hüquqları ilə bağlı CD’lər yaymaqla “milli güvənlik əleyhinə fəaliyyət edən quruluş qurmaq” ittihami ilə qarşı-qarşıyadır.
Azərbaycanlı fəal daha sonra mühakimə olmaq üzərə vəsiqə qarşılığında sərbəst buraxıldı
Universitetli və mədəni fəal Əlirza Fərşi 95 gün boyunca Təbriz həbsxanalarında gözaltında saxlandıqdan sonra Avqustun 25’də 70 min Dollarlıq vəsiqə qarşılığında sərbəst buraxıldı.
2009 Mayın 22’də Təbriz şəhərində bir yığıncaqda tutuqlanan Fərşiyə psixoloji basqı olsun deyə, İran təhlükəsizlik orqanı onun həyat yoldaşı Sima Didar’ı da bir ay boyunca gözaltına aldmışdı. Sima Didar 50 min dollarlıq vəsiqə qarşığında sərbəst buraxıldı. Fərşi rejim əleyhinə və etnik məsələlər haqqında təbliğat ittihami ilə tutuqlanmışdı.
Azərbaycan öyrənci fəalı, Cəfər Ağaməhəmmədi, 29 gün həbsdən sonra vəsiqə qarşılığında keçici olaraq sərbəst buraxıldı. O Azərbaycanlıları aşağılayan İranın əski prezidenti Xatəmini qınayan məqaləni Xiyavda (Meşkinşəhr) yaydığına görə “rejim əleyhinə təbliğat” ittihamı ilə 2009 İyulun 21’də evində tutulmuşdu. Məmurları onun evini axtarıb və bəzi əşyalarını o cümlədən kitablar və əl-yazmalarını aparmışdılar.
Digər Azərbaycanlı fəal Babək Hüseyni Muqəddəm “İran” qəzetinin May 2006 ilində yaydığı Azərbaycan Türklərini aşağılayan Karikaturaya etirazların ildönümündə Təbriz şəhərində tutuqlanmışdı. Hüseyni “rejim əleyhinə təbliğat” və vərəqələr dağıdıb, xalqı etirazlara dəvət etdiyi üçün “separatizm” ittihamları nədəni ilə altı ay həbsə məhkum edilmişdi. Onun həbsi sürəsi bitdikdən sonra 2009 Avqustun 28’də azadlığa buraxıldı.
Azərbaycanlı fəallar və Azərbaycanlə keçmiş Millət Vəkili məhkəməyə çağrıldılar
Təbrizin əski millət vəkili Əkbər Ələmi, inqilab gözətçiləri ordusunun (Sepah-i Pasdaran) ondan şikayəti ilə bağlı sualları cavablamaq üçün Təbriz məhkəməsinə çağrıldı. Ordunun şikayəti Əkbər Ələminin millət vəkili olduğu zaman, İran məclisində, Hərb Naziri’nə verdiyi sual ilə bağlıdır. Ələmi hərb nazirindən, Azərbaycan Türklərini aşağılayan karikaturaya etiraz zamanında Sepah və başqa hərbi orqanlar tərəfindən Təbriz xalqına hərbi güc tətbiq edilməsi ilə bağlı sual vermişdi. Etirazlar əsnasında onlar nəfər öldürülüb və çoxları həbs edildi. Ələmiyə həmçinin, onun məclisdəki danışıqlarının birində qutsal inancları aşağılaması iddiası ilə bağlı da sual verilib. Ələminin başqa ittihamı isə onun 18 yaşlı bir qızın bir hökümət adamı tərəfindən zorlanması haqqında araşdırma təşkil etməsidir.
İran Anayasasına (Konstitusiya) görə, bütün məclis vəkilləri, öz fikir və düşüncələrini məclisdə bəyan etməkdə sərbəstdirlər və onlara məclisdə verdikləri səs və dedikləri və ilə bağlı sual verilməməlidir.
Son illərdə Azərbaycan fəalları İranda yeni təhsil ilinə yaxınlaşdığı zaman, İranda Türk dilində təhsil yasağına etiraz eyləmlərinə başlayırlar. Bu eyləmlər umumən ana dilində təhsil haqqı ilə bağlı vərəqələr dağıtmaq və duvarlarda yazmaq şəklində olur. Bu eyləmlər bu ildə dəvam etmişdir. Bu etirazların dəvamında Azərbaycanın Nəğədə (Sulduz) şəhrində üç gənc, Hüseyn Əsədi, Əli Mirzayi və Behnam Əbdi, duvarlarda “Ana dildə mədrəsə - Olmalıdır hərkəsə) yazdıqları üçün Təhlükəsizlik (Ettelaat) idarəsinə çağrılıblar.
Azərbaycan kültürəl mərasimləri keçirilməsinin qarşısı alınır
Əmniyyət gücləri Babək qalasında düzənlənən mərasimə hücum etdib, iştirakçılara güc tətbiq edərək, neçə nəfəri o cümlədən, Mustafa Qasimi, Mir Musa Ziya Zərgər və Rəsul İrani’ni tutuqladılar. Gözaltına alınanlar beş sonra sərbəst buraxıldılar. Onların tutulma nədənləri, qeyri qanuni toplanmaq, rejim əleyhinə təbliğat, ümumi düzəni qarışdırmaq və rəqs etmək (Azərbaycan rəqsi).
Babək Qalası İranın doğu güneyinde olan Kəleybər şəhərindədir. Babək
Azərbaycanlıların milli qəhrəmanıdır.
--
Association for Defence of Azerbaijani Political Prisoners in Iran (ADAPP)
www.adapp.info
www.savalansesi.com
"Ədəbiyyatın mafiya babaları "uşaq-muşağa" borcludu"
Pərviz Cəbrayıl
Romanlarıyla nasirlərlə nəsrin arasında uçurum yaradan yazarın vaxt və ədəbiyyat düşüncələrinə sirdaşlıq anları
PROLOQ ƏVƏZİ
Pərviz!
Dünyanın hər yerindən - Barak Obamanın Amerikanın ilk qaradərili və həm də yarımüsəlman prezidenti olmasından, bin Ladenin müsəlman qeyrəti çəkməsindən, Fransanın batacağından, Türkiyənin Ermənistanla sərhədi açacağından, Rusiyanın yer üzündən silinəcəyindən tutmuş ta hər yerə və hər şeyəcən xəbərdar "obıvatel" Azərbaycan oxucusunun milyonda biri, ədəbi aləmin isə tən yarısı (hərçənd tam hamısı bütövlükdə - o da yalnız ürəyində) bu imzanın məhz mətbuata və ədəbiyyata mənsubluğunu, məxsusluğunu etiraf edər. Fəqət
(Allah belə yersiz "fəqət"lərin rahatlığını alsın)...
Aydın Caniyev
GİRİŞSONRASI İZAHAT
Standart götürsək, "Ədəbiyyat söhbətləri" layihəsinin mahiyyətini onda görmək lazımdır ki, heç kim aqressiyaya, məhşər ayağına çəkilməyə şahid olmayacaq. İkincisi də ki, məqsəd və yön ədəbi aləmin sərgilədiyi dil, üslub və istqamət müstəvisində dartışmaların pozitiv çalarlarını oxucuya çatdırmaqdır - özümüzü heç kimdən ağıllı saymadan və heç kimə ağıl vermədən!
Dünəni dəyərləndirmək - yazılmış əsərlər külliyyatını çarmıxa çəkib çayxana-kafelərdə salfetka əvəzinə işlətməkdən vaz keçməklə; bu günü analiz etmək - birdəfəlik anlamaq ki, hər an artıq əldən və ömürdən gedir; sabaha hazır olmaq - Azərbaycanın həm də Biləcərinin o üzündə varlığını təsdiqləmək... Ki, "əbədiyyət olduqca ədəbiyyat da olacaq!"
Var olanımızı saf-çürük etməyin ehtiyacı bu!
Bu qədər böyük iddiaların fonunda ilk addım "niyə məhz Pərvizlə" sualına cavabı elə onun ədəbi töhfələri verir.
Bir "Öləngi" romanı yazmışdı - 26 yaşında. On il müzakirəsi açılmadı, ancaq Elmlər Akademiyasının institutu səviyyəsində cəhd olmuşdu açılışına. Son bir-iki ildə içi özümqarışıq etiraf elədik ki, hələ bir on il də lazım olacaq həqiqi qiymətini alsın. Bu yandan da yeni bir romanı artıq təqdimata hazır - "Yad dildə". Resenziyamızda çalışacağıq ki, sübut edək: Pərviz əgər "Öləngi"ylə 10 il roman zirvəsini fəthedilməz nöqtəyə çatdırmışdısa, indi də bir 20 il yazıçılar "lixoradka"da olacaq - yazdığı etiraf olunmasa da, ondan yaxşısı da yazılmır!
"Niyə məhz Pərvizlə" sualının daha bir cavabı var: adama atəşi ən yaxın məsafədən açmağa belə imkan verir - zərbəni özündən keçirmir, zərbənin önündə durur!
Bizim, eyni zamanda ədəbiyyatımızın indi daha çox buna ehtiyacı var - problemlərdən qaçmaqdansa, onun qabağında durmaq və həllinə nail olmaq!
Fəqət... "kultbomond" və "litpolitistiblişment" elə fon yaradır ki, "qərənfil dəstə-dəstə, sular axır ahəstə"
Pərviz üçün daha bir təşbeh: Dostoyevski 27 yaşında "gurultu" salmışdı, müsahibimiz 26. Dostoyevski qaldı, Pərviz qalıb-qalıb qalmayacaq, söhbətdən nəticəni özünüz çıxarın.
Pərvizin yaradıcılığındakı orijinallıq elə adi söhbətlərdə də hiss olunur:
- İndi ədəbiyyatla daha az məşğul olurlar. "Qara publisistika" ilə ədəbi tənqidin sərhədləri qarışıb. Qlobal miqyasda ədəbi əsərləri yaza biləcək istedadlı qələm sahiblərimiz özlərini qurban verərək ədəbiyyatı xilas etmək istəyirlər. Əslində "Biləcəridən o yana" kompleksi də ona görə hakimdir ki, ədəbiyyatla məşğul olmağa normal şərait yoxdur. Bu "var olan uşaqlar" "olmayan şərait"lə mübarizə aparırlar. Mübarizənin anormallığı ondadır ki, ədəbi rəqabətdən çox, fərdi-fiziki-şəxsi iddialar vaxt, intellekt və enerji aparır. Mən bu mübarizələrdə ona görə yoxam ki, yazıçının ən ali missiyasının yazmaqdan, ÖZÜ DƏ YAXŞI YAZMAQdan ibarət olduğunu anlayıram. Odur ki, yazıram.
"Mən ÖZ SÖZÜMÜN SAHİBİYƏM!"
- Hansı sözün sahibisən ki?
- Mən ÖZ SÖZÜMÜN SAHİBİYƏM! Dediyim və yazdığım hər bir sözün dalında da durmağa hazıram.
- "Pərvizin SÖZÜ" ədəbiyyat üçün dəyərlidirmi?
- Onu oxuyanlar desin. Ama onu da deyim ki, ədəbiyyatda zövq məsələsi hər şeyi qəlizləşdirir - təsəvvür et: Dostoyevskini bəyənən eyni dərəcədə səmimiyyətlə Anarı da bəyənir! Birinə baxanda görürsən ki, harada gəldi sənə ilişir, o birisinin durduğu zirvəni görməyə teleskop axtarırsan. Bunu həzm etmək o qədər çətin ki... Tutaq ki, mən o gün Əkrəm Əylislini oxudum, kövrəldim, avtobusdaca ağladım. Əkrəm Əylislidə atasızlıq ağrıları, müharibənin doğurduğu faciənin sentimental inikası, kənd idilliyasının şəhər şeytanbazarlığıyla
kəllə-kəlləyə gəlməsindən törəyən yurdsuzluğun diskomfortu və s. və i.a. məhz adamı ağladır, ama ağlatmaq axı hələ ədəbiyyatın özü deyil və bu heç də o demək deyil ki, qlobal düşüncə, açıq təfəkkür baxımından o əsərlərlə dünya miqyasına çıxmaq olar.
- "Dünya miqyası"nın kriteriyalarını kim müəyyənləşdirib ki? Özü də Sənə elə gəlmirmi bu gün ədəbiyyatımızda bir obrazsızlıq var...
- Ədəbiyyat reallığın ifadəsidir. Ama onun lokomotivə çevrilən obrazları müəyyən zaman kəsiyində cəmiyyətin aparıcı qüvvəsi ola bilirlər. Zaman və mühit öz qəhrəmanına hamilə olur. Bugünkü Azərbaycan, hələ ki oxuduğun "Yad dildə"nin "Satqın"ını doğa bilib, dövrümüzün parlaq qəhrəmanı da satqındı, ama satqından sonra hansı obraza, hansı qəhrəmana yerikləyib, bununçün hələ gözləmək lazımdı! Kəsəsi, obrazı, qəhrəmanı ədəbiyyat yox, həyat yaradır, onun doğum şəhadətnaməsini isə ədəbiyyat yazır.
- Yazıçıların indiyə qədər təqdim etdikləri obrazlardan hansı daha çox cazibədar və nümunəvi görünür?
- Dostoyevskinin Knyaz Mışkini, Frans Kafkanın özü.
Lentaz-da ixtisar olunan kiçik hissə:
- Nəsrdə yeri görünən obrazlarımız varmı?
- Əbülfəz Elçibəy... və Heydər Əliyev...
- Nədən bəs yazılmır?
- Ənənəvi iqtisadi sahədə olduğu kimi, ədəbi iqtisadiyyatda da bir monopoliya var. Biz bu monopoliyadan xilas olmalıyıq. Mən niyə redaktə-korrektə əzabında çabalaya-çabalaya çörəkpulu zülmüylə üz-üzə qalmalıyam? Daha çox insanların bir-birinə və ümumilikdə hər şeyə sevgiylə yanaşmalarını formalaşdıran, təbliğ edən bir xətti tutmaqdansa, bir-birlərinə olan nifrətə şahid oluruq. Yeni romanımı da bu mövzuda yazacam - nifrətin cəmiyyətdə dominantlıq qazanması içimi talan eləyir. Bu, artıq fəlakətin ilk ciddi
görsənişləridi. İndi toplumu dialektik qanunlar yox, qarşılıqlı nifrət idarə eləyir. Fikrimdən elə çıxmasın ki, mən əttökən barışıqlar tərəfdarıyam - hər şey sonunda qanunlarla nöqtələnməlidi...
- Bəlkə ədəbiyyatsız da keçinmək olar, bir halda ki, ədəbiyyatla məşğul olmurlar, gərəkən obrazlar yaradılmır, sərhədlər qarışıb...
- Ədəbiyyatı nəzərə almamağın nəticəsidir ki, satqın olmaq kriteriyaya və yaşam tərzinə çevrilib. İniltilər və çirkab nifrəti hərəkətverici qüvvəyə çevirib.
- Bizim ədəbiyyatın özünü xilas etməyə özünü qurban verən istedadlı yazarların sayı kifayət edərmi?
- Bu gün doğrudan da əsas iş yeni ədəbiyyatın yaranması yox, hələ ədəbiyyatın özünün də deyil, "ədəbiyyat" sözünün unudulmaqdan qorunub saxlanmasıdı. Bizim heç nəyə də yox, təkcə buna gücümüz yetsə, özümüzü xoşbəxt sayaram. Gücümüz, istedadımız, vərdişlərimiz, kişiliyimiz ilk növbədə buna yönəlməlidi. İndi qəfildən ortaya sanballı bir əsər də çıxacaqsa, bu da olacaq bizim qazancımız. Yeni - bir az şıltaq, bir az ərkəsöyün, bir az tərbiyəsiz (tərbiyəsizlik burda xüsusi vurğulanmalıdı - qartımışlar onları elə belə də çağırırlar və unudurlar ki, bu sözlə əslində onları yox, özlərini aşağılayırlar - çünki o tərbiyəni verən özləridi, verə bildikləri budu da), bir az istedadlı gənclərin də bütün gücü bəlkə heç özləri bilmədən də bu işə sərf olunur. Ədəbiyyatın mafiya babaları bu gün hökumətdən qopardıqlarına görə də bu "uşaq-muşağa" borcludu. Çünki ədəbiyyatı yaddan çıxmağa qoymayan, ən yuxarı instansiyaların da yadına salan elə bu yetimçələrdi. Qocalar onların çörəyini yeyir, çörəklərinə təpik atmasınlar yaxşısı.
Demokratik mühit ancaq ədəbiyyatda qalsa da...
- "Zövqlər müxtəlifdir" fikri ədəbiyyatı gücdən və gözdən salmır ki? Belə çıxır, demokratiya (daha doğrusu, bizə təqdim olunan demokratiya) elə yalnız ədəbiyyatda qalıb?
- Çox gözəl dedin. Demokratiyanın yalnız ədəbiyyatda qalması. Yazar yaradır. Öz nəsrində onun mütləq despot olmağa belə haqqı var. Ama baxırsan ki, obrazına mane olmadı, onun özbaşına hərəkətini əngəlləmədi, bir varlıq kimi hüquqlarını tapdamadı. Halbuki yenə də deyirəm, buna tam ixtiyarı da çatır - qanunlar - ədəbi və hüquqi qanunlar da onun tərəfindədi. Məsələn, Tolstoy Kareninanın qarşısını almağa çalışsa da, özünü qatarın altına atmasına mane olmur. Və minlərlə belə misallar var. Özümdən heç nə demək istəmirəm. Di gəl özüm bilirəm ki, obrazlarla aramızda necə dartışmalar olub. Əminəm ki, Allah da belədi. Allahlığına rəğmən insana zor eləmir, onu hürr və azad buraxır - daha dinlərdə olduğu kimi, barmağını bəndəsinin gözünə soxub ona xox gəlmir. Bu mənim Allahımdı, dinlərə zərrəcə dəxli yoxdu!
Zövq məsələsinə gələndə, burda da məsələ qəlizdi və yekcins deyil. Hər bir insanın vicdan azadlığı olduğu kimi, zövq azadlığı da var, daha doğrusu, olmalıdı. Ancaq bir iş var da, axı zövqlərin özünü də tərəziyə qoymaq lazım gəlir. Zövqünü tərəziyə qoyduğun adamları inandıra bilsən, onda o heç vaxt israr eləməyəcək ki, Rəqsanə, Aygün, Röya Şövkət Ələkbərovadan yaxşıdı. Məsələ inandırmaqdadı. Ədəbiyyatın da işi zatən inandırmaqdı. Özün öz yazdığına inanırsansa və oxucunu inandıra bildiyinə inanırsansa, ondan sonra kimin nə deyəcəyi boş söhbətdi.
- İddialar və töhfələr Azərbaycan postsovet ədəbiyyatında düz mütənasibdirmi? Sizə heç nə miras qoymayan sələflərinizdən postmodernist xələfləriniz üçün sizin fərqiniz nədədi?
- Onlar bizə ölü ədəbiyyat bağışladılar. Ölmüş, ama yerdən götürülməmiş ədəbiyyat. Bizim işimiz, xələflərimiz qarşısında borcumuz o ölünü yerdən götürmək, üçünü, yeddisini vermək, gələcək yazarlarımızın bu ölünün çürüntüsünü, üfunətini görməmələrini təmin eləməkdi. Bu işi başa çatdırmaq böyük xidmətdi. Yeni o deməkdi ki, gələn nəsillər sap-sağlam sıfırdan başlayacaqlar. İşin mənfi tərəfi bizim nəsibimizə düşüb. Bu bizim faciəmizdi. Ama neynəyək. Bəzən faciə, fəci sonluq həyatın özündən daha dəyərli olur!
Bu gün bizim yazdıqlarımızı, yaradıcılığımızı hüzr mərasiminə bənzətmək olar. Ama mən əminəm ki, sabah bu yasın ən gözəl yas olduğu, öləndənsə o ölünün yasının daha qiymətli olduğu üzə çıxacaq. Biz - bu faciəli nəsil çox böyük bir işlə mükəlləfik!
EPİLOQ
Pərvizlə söhbət ümumazərbaycan ədəbiyyatının proloqu sayıla bilər - sayılmalıdır da. Razılaşdığımız fikirlərin fonunda razılaşmadığımız da var: ədəbiyyat demokratiyanı qoruyan, yaşadan, nəsildən-nəslə çatdıran yeganə vasitədir - belə olub, belədir, belə də olacaq. Ancaq bir məqama diqqət yetirək: DÜŞÜNDÜRÜCÜ NƏ VARSA, onun haqqında düşünək. Növbəti yazı üçün öz payıma düşündüyümdü: doğrudanmı, bizim cavanlar Pərviz deyən kimi, ölü ədəbiyyatın varisləridir? O cavanları da dinləyərik. Sonda... sonda mentalitetimizə
uyğun olaraq, patriarxları-ağsaqqalları arayarıq!
Görək, doğrudandamı ONLAR BÖYÜKDÜRLƏR?!
LENT.AZ


