Zamin Hacı: “MİLLƏT QARPIZI”, YAXUD VƏTƏN SEVGİSİ NEÇƏ KONTURA BƏRABƏRDİR
“MESAJ GÖNDƏRƏNLƏR Az MTN-YƏ,
TORPAQLARI SATANLAR Az TV-YƏ…”
Mən həmişə arzulamışam ki, biz irqçilikdə, vəhşilikdə bir çox ermənilərə oxşamayaq. Çünki vəhşilikdən vəhşilik doğur və həmin dar məntiqlə gərək bu gün yəhudilər harda alman tutsalar aparıb qaz kamerasına soxaydılar. Əlbəttə, bugünkü şəraitdə bizim torpaqlarımız işğal altındadır, ermənilərə qarşı xoşgörüdən danışmaq, onlarla əlaqələr qurmağa çağırmaq mənasızdır, pis hərəkətdir. Qəzet oxuyanlar bilir ki, vaxtilə bu mövzuda çox yazmışam. Amma...
Söhbət indiki halda erməniləri deyil, onlara «Avrovizion» yarışmasında səs vermiş 43 nəfər azərbaycanlını qınamaqdan, vətənə xəyanətdə, hətta gələcəkdə metro partlatmaq fikrinə düşəcəklərində (bizdə tarixən falçılıq peşəsi dəbdə olub) ittiham etməkdən gedir.
Burada dahi Üzeyir Hacıbəyovun «İrşad» qəzetinin 11 oktyabr, 1906-cı il tarixli sayında dərc olunmuş «Lüğət» adlı felyetonundan bir parça çox yerinə düşür: «Millət - Bu sözün sair tayfalarda vücudu var, amma müsəlmanlarda tək bir adı var ki, o quru adı da müsəlman tacirləri əllərində bir rəqabət aləti, yəni «konkurensiya» qayırıb, mallarını rəvac etmək istəyirlər. Odur ki, görürsən «millət başmağı», «millət qarpızı» və sair bu günə şeylər satırlar. Qəzetçilərdən «Ülfət» qəzeti müdiri dəxi milləti aləti-rəqabət
qayırmaq fikrindədir».
Bu belə. Qaldı ki, Xalid Kazımlı və Zabil Müqabiloğlunun qəzəbli məqalələrinə, yenidən torpaqlarımızın işğalı və sairə qeyrət-namus məsələlərini əldə dastan eləyib vətənpərvər görünmək eşqinə... Əziz yoldaşlar, vətən məhəbbəti sözdə yox, kağız üzərində, musiqi yarışmasına göndərilən mesajda yox, əməldə və işdə görünməlidir. İşğalçı ermənilərə nifrət etmək istəyənlər üçün ölkənin qərbində böyük bir ərazi var. Bakıda ermənini söymək çox asan işdir. Lap istəyirsiniz mən də burda söyüm: erməni, sənin var-yoxun...
Nə oldu? Vartan incidi?
Hörmətli Şahvələd Çobanoğlu yazmışdı, məcburam mən də təkrar edim: musiqi yarışmasında erməni qrupa səs verən azərbaycanlıların hərəkətində qanunsuz heç nə yoxdur və MTN-in onları çağırıb dindirməsi qanunsuzdur! Məsələ axı bu qədər sadədir! Mənəvi məsuliyyət, vətənsevərlik, Göyəzən dağı, Aşıq Ələsgər, xalq, «narod», nə bilim, yayma xəngəl, dolma və tut arağının bu məsələyə nə dəxli var? Sizə kim ixtiyar verib ki, mesaj göndərmiş insanları «metro da partlada bilər» deyə suçlayasınız? Bazar söhbətini qəzetdə yazmaq
böyük igidlik deyil.
Öz yazımdan da bir fikri növbəti dəfə təkrar edirəm: əgər «Avroviziya» yarışmasında erməni mahnısına səs vermək üçün kod İctimai Televiziyanın ekranında göstərilibsə, gedin İsmayıl Ömərovu «bu, gələcəkdə metro partladar» deyə suçlayın. Sadə insanların bu işdə heç bir, hətta mənəvi suçu da yoxdur.
Azərbaycan ədəbiyyatında, elə dünya ədəbiyyatında da ən çox sevdiyim əsərlərdən biri Cəlil Məmmədquluzadənin «Kamança» dramıdır. 1920-ci ildə, Şuşa qalasında yazılan bu əsərdə Mirzə xalqımızın necə böyük olduğunu göstərib. Qəhrəman yüzbaşı adlı sərkərdənin dəstəsi Baxşı adlı erməni kamança çalanı əsir alır, ancaq yaxşı ifasına görə öldürmür. Əsərin son səhnəsindən sitat verməyin yeri var:
«Qəhrəman yüzbaşı (Qaraşa). Qaraş, sən öləsən biçarə Heydər gəlib durub gözümün qabağında. Ax, vay!.. (Yüzbaşı bu sözləri deyəndə Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çəkir. Yenə Baxşı şövq ilə çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan bir dillənir), Bax, belə!.. eləcə!.. əcəb!.. afərin!.. eləcə!.. eləcə!.. (və axırda yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir). Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın
başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! (Çığırır). Çıx get!
Baxşı (qorxa-qorxa) Ay ağa, hara gedim?
Qəhrəman yüzbaşı (çığırır). Cəhənnəmə get! Evinə!"
İndi bəzi adamlar istəyir ki, biz vətənsevərliyi, insanlığı Üzeyir bəydən, Mirzə Cəlildən yox, onlardan öyrənək. Mənim belələrinə daha sözüm yoxdur. Lap 40 min yazı qaralasınlar...
Rafiq Hunaltay: “FƏXRİ MƏZARLAR...”
Rafiq Hunaltay
“MÜSAVAT CƏLLADLARI TƏRƏFİNDƏN VƏHŞİCƏSİNƏ ÖLDÜRÜLMÜŞ ALOVLU BOLŞEVİK”
Bu yaxınlarda yolum çoxumuzun fəxr mənbəyi olan Fəxri Xiyabandan düşdü. Mən uzun müddət idi ki, bura gəlmirdim və gəlmək də istəmirdim. Çünki orda yatan elə insanlar var ki, onların qəbirlərinin üzərindəki donmuş şəklə belə açıq gözlə baxmağa cürət etmək olmur. Adam utanır...
Amma uzun aradan sonra vətənə dönən tanışımın istəyi ilə Fəxri Xiyabana getdik. Məzarda uyuyanlar haqqında bildiklərimi dostuma danışırdım. Kövrəldiyim anlar da olurdu, nifrət və qəzəblə seyr etdiyim anlar da. Və elə bu arada hələ bir neçə il öncə görüb inanılmaz dərəcədə qəzəbləndiyim və öz-özümə nifrət etdiyim məzarla yenə rastlaşdım .Məzarın fotosunu çəkdim. Yəqin o şəklə baxan kimi yazını oxumadan da söhbətin nədən gedəcəyini çoxdan təxmin etmişsiniz. Çünki şəkildə təsir edən , insanın əsəblərinə toxunan hissəni qırmızı bolşeviklərin “şərəfinə” qırmızı rənglə cızmışam.
“Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu bolşevik”
Söhbəti nədən başlayım bilmirəm, amma onu bilirəm ki, yəqin ancaq Azərbaycanda öz tariximizə bu qədər etinasız münasibət var.
Yaxşı, deyə biləriniz ki, o zaman sovet dövrü idi və o “Əli müəllim”də əksər manqurt Azərbaycanlılar kimi nəyin uğrunda və kimin uğrunda döyüşdüyünü bilmirdi. Deyə bilərsiniz ki, SSRİ-nin əsarətindəykən qəbirin üstü necə yazılmalı idi ki?!!! Razıyam. Ancaq siz mənə deyə bilməzsiniz ki, bu da tarixdir və olduğu kimi də qalmalıdır. Axı bu “olduğu” kimi deyil, dəyişdirilmiş, iyrənccəsinə beyinləri kirlətməyə yönəlmiş bir siyasətdir. Biz artıq 18 ildir müstəqilik. 18 ildə çox şeyi dağıdıb yenidən qura bildik. Bəs bu qəbirin üst yazısını dəyişə bilmədikmi? Axı bura hər dəfə onlarla xarici qonaqlar gəlir. Düzdü, əslində xarici qonaqlar buraları, ümumiyyətlə ordan konkret bir iki yeri görür. Amma məktəblərdən, universitetlərdən yüzlərlə gənc ziyarət edir. Bu yazını oxuyan gənc nə düşünəcək? Onsuz o gəncin Müsavat höküməti, hələ bu bir qırağa, Azərbaycanın 1918-ci ildəki Cümhuriyyət dövründən bəlkə heç xəbəri yoxdur və üstəlik də gəlib bu yazını oxuyanda həqiqətən də inanacaq ki, doğurdan bu Müsavat höküməti cəllad olub. Durub tədbirlərdə zadda hay-küylə, fəxrlə deyirik ki, müstəqilliyimizin kökləri qədimdir, nə bilim hələ o dövrdə filan işlər görülüb, filan şeylərin əsası qoyulub. Bəs bu utanc gətirən yazını dəyişmək olmazmı? Bu dövləti quran hökumətə -Müsavata ,onsuz da dəyər verilməyib , amma bu da çox ifrat deyilmi? Onların ruhuna hörmətsizlik, həqarət deyilmi? Nə bilmək olar, bəlkə də kimlərəsə sərf edir ki, o elə olduğu kimi qalsın.
Milli-mənəvi dəyərlər hər millətin ayaqda durma səbəbidir. Bu dəyərlə nə qədər ayaqda dura biləcəyik maraqlıdır mənə ?!!
Hələ də bu dövlətin banisi, şərqin və müsəlman dünyasının ilk demokratik cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin qəbri qardaş ölkədədir. Niyə bir ölkənin yaradıcısının qəbri hardasa olmalıdır. Bu da bir ayrı böyük dərdli mövzudur.
P.S. Bu ay həm də digər bir milli lider Elçibəyin vəfat günü idi. O da bax beləcə etinasız münasibətin qurbanlarından olub.
NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞI: “O QƏDƏR YALVARDIM, HEÇ TÜKLƏRİ DƏ TƏRPƏNMƏDİ”
2009-08-24 - 16:49:00
“Hələ ki, Azərbaycanı tərk etmək, harasa getmək fikrimiz yoxdur. Oğlumun, həyat yoldaşımın məzarları burdadır. Bu məzarları qoyub getmək asan deyil. Bilmirəm, bəlkə də gələcəkdə getmək barədə qərar verəcəyik. Amma mən haqq öz yerini tapana – bütün dünyaya həyat yoldaşımın öldürüldüyünü sübut edənə qədər burdayam. Məni assalar da, deyəcəyəm – onu öldürdülər...”
Avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında dünyasını dəyişən Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova bu gün “Media forum” saytına açıqlamasında belə deyib. O, həyat yoldaşının qan təzyiqi, bronxit, zob kimi xəstəliklərdən əziyyət çəksə də, ağır xəstə olmadığını, səhhətinin son 20 gündə qəflətən pisləşdiyini söyləyib: “Məhkəmə prosesində də, sonrakı görüşlərimizdə də onu yaxşı görmüşdük. Nə oldusa, son 20 gündə
oldu.
Onu karserdə öldürmək istəyirdilər, olmadı, xəstəxanaya yerləşdirdilər, orda öldürdülər. İyulun 28-də bizə dedilər ki, xəstəxanaya yerləşdirilib, avqustun 3-də görüşdük, belim və sağ qolum ağrıyır dedi. Həkimlə danışdıq, ürəyində ciddi problem yoxdur, təzyiqi də normaldır dedi. Son iki-üç gündə hüquq müdafiəçiləri, daha sonra da Avropa Şurasının Bakıdakı nümayəndəsi Veronika Kotek onunla görüşdülər. Veronika Kotek görüşdən sonra mənə zəng elədi, dedi ki, yoldaşınız sizinlə görüşməyimi istəyib. Görüşdük, dedi ki, həkim deyir, yoldaşınızın vəziyyəti orta ağırdır”.
Bundan sonra M.Məmmədova həyat yoldaşı ilə görüş istəyib: “Ayın 16-da getdim, xəstəxananın qarşısında saatlarla yalvardım, ağladım. Məni görüşə buraxmadılar. O qədər yalvardım, heç tükləri də tərpənmədi. Bir gün sonra da öldü xəbəri çıxdı...”
N.Məmmədovun ölüm səbəbi ilə bağlı rəsmi ekspertiza rəyi hələ açıqlanmayıb. Həyat yoldaşının sözlərinə görə, rəyin bir həftədən sonra ailəyə təqdim ediləcəyi bildirilib: “O rəydə də, Allah bilir, nə yazacaqlar. Nə yazsalar belə, mən bilirəm ki, onu öldürüblər. Bu gün Nizami rayon prokuroruna və baş prokurora şikayət ərizəsi yazmışam. Avropa Məhkəməsinə müraciət edəcəyəm. Mən istəyirəm cavab versinlər – bütün bunlar niyə baş verdi, bizə niyə bu qədər zülm edildi? Mənim həyat yoldaşıma xəstəxanada yastıq belə vermədilər,
vəkil deyir, son iki həftədə cimizdirməyiblər də. Niyə bu qədər qəddarlıq elədilər? Mən bütün dünyanın bundan xəbərdar olması üçün hər şeyi edəcəyəm...”
N.Məmmədov avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. O, xəstəxanaya iyulun son günlərində 15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsindən köçürülmüşdü. Onun hüquqlarını müdafiə edən komitə məhbusun katarakta, qan təzyiqi, osteoxondroz və başqa xəstəliklərdən əziyyət çəkdiyini açıqlamışdı.
2007-ci ilin fevralında həbs edilmiş baş redaktor ötən il iyunun 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə dövlətə xəyanətdə - İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
«Media forum»


