Məlahət Ağacanqızı: TƏHSİLİN VƏ MƏKTƏB FORMASININ RƏNGİ
Məlahət Ağacanqızı
İki il əvvəl valideynlər əllərində lupa, dükanlarda məktəb forması axtarırdılar. Azərbaycan Forma və Test nazirinin qərarına əsasən hər məktəbin şagirdləri bir cıqqana rəng fərqi ilə məktəb forması geyməli idilər. Məsələn: Bir məktəb qara rəngli formada ,qonşuluqda olan məktəb tünd qara, bir az uzaqda olanlar lap tünd qara, lap uzaqda olanlar isə lap-lap tünd qara...Və ya göy, tünd göy... Xülasə, forma axtarmaqdan bezən valideynlər yeddi göy qurşağı rəngini - 7000 rəngdə görürdülər...
Bu il də məktəb forması ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Əsas formanın rənginin xoş olmasıdır, təhsilin rəngi cəhənnəm rəngində olsa da eyb etməz. Valideynlər həyəcanla söhbətləri ,şayiələri saf –çürük edirlər. Yeni dərs ilində övladlarına forma, məktəb ləvazimatı almaq üçün kimi danasını, kimi inəyini, kimi üzüyünü hərraca çıxaracaq. Kimin nə satmağı uşağın boyuna, çəkisinə və sayına görə olacaq. Qabaqlar uşaqların boyu, sayı artanda valideynlər oxşamalar oxuyurdular,
qurban kəsirdilər. İndi isə övladlarının boyuna, kürəyinə ,ayağına baxıb ağı deyirlər. Sanki ,övladlarımız məktəbə yox, əsgərliyə, müəmmalı ölümə gedirlər...
Yeni vahid məktəbli forması ,ləvazimatları almaq üçün mən də üç qoç saxlayıram. Qoçlar müftəxor məmurlar kimi “ver yeyim, ört yatım, yoxsa mələyərəm ”dirlər. Dünyanın naz - nemətini qabaqlarına qoysam da səhərdən-axşama kimi mələyirlər. Gündə beş dəfə kəllə vurub qapının cəftəsini qırıb çevriliş etmək istəyirlər. Bağçada gül - çiçək, məndə hal qoymayıblar. Ailədə adımın “Mə” hecası ilə başlamasını qoçlar da bilir. “Məəə...” edən kimi hamı üzümə baxır. Lap bezmişəm. Ucuz başa gəlsəydi,
özümə insan və heyvan dilinə yatmayan bir ad qoyardım.
Kaş, qoçlar heç olmasa bir dəfə “Miii...”mələyə idilər. Gedib yapışardım Misir müəllimin qolundan, gətirərdim düz qoçların yanına. Deyərdim ki, heç olmasa bircə gün bu “vahid forma qurbanlarına” dərs keç, onlara su, ot, yem ver, əsl zülmün və zəhmətin kefini gör. Eh, ADAMlarda Vətəni çapıb-talayanların adının baş hərfini deməyə cəsarət yoxdursa, heyvanlarda olarmı?!
Dünya-aləm yeni kəşfləri ilə şellənir, təhsil naziri isə illərdir “Məktəb forması hansı rəngdə olsun?” kəşfi üzərində vurnuxur. Elə ona görə də övladlarımız sadə misalların həllində saatlarla çapalayır. ”Təhsil Naziri gəzən ağacı, müəllimlər budaq-budaq gəzər” valideynlər sözündə böyük həqiqət var.
Üç övladı məktəbə gedən valideyn üçün hər il məktəbli forması, keyfiyyətsiz məktəb ləvazimatları, test kitablarını almağın nə demək olduğunu övladları məktəbdə oxuyanlar bilər. Qabaqlar bir qələmlə mürrəkəbi boşalınca yazmaq olurdu. İndi isə bir cümlə yazan kimi qələmin içi dolu olsa da yazmır. Görünür, qələmin ucuna bir damcı mürəkkəb qoyulur, qalanı isə qara mazutla doldurulur. Hələ corablar...Səhər uşaq ayağına geyəndə bütöv, günorta çıxardanda yarısı olmur, ayaqqabının içində əriyib mazuta dönür. Elə millət də yavaş-yavaş mazuta dönür...
Neft ölkəsiyik - mazutdan boluq. Hətta, bəzi impotentlər cuşa gəlib qara mazutu üzünə sürtüb “Dədəm-nənəm sənə qurban a neft, sayəndə kişi oldum...”deyirlər.
Kosmosa tədqiqat üçün gedən kosmonavtlar qələm ilə qeydlər edə bilməyiblər, qələmin mürəkkəbi aşağı axmayıb. Amerikanlar külli miqdarda vəsait ayırıb, təzyiqlə işləyən qələm icad ediblər .Azərbaycan Təhsil sistemi çəkisizlik şəraitində olduğu üçün qələmdən tutmuş müəllimə kimi gərək hər şey təzyiqlə işləməlidir.
Yaxşı olar ki, yeni formanın rəngi üçün amerikan alimlərinə müraciət olunsun. Biz ancaq yaxşı milli eşşək BİZləri qayıra bilirik...
Xaliq Bahadır: AH, ARABUL, ARABUL
TÜRKİYƏLİ HÜQUQSUZ BİR QARA QUL…
Xaliq Bahadır
ARABUL GƏRƏK BİLƏYDİ: BU HAKİMİYYƏTİN TÜRKÜ GÖRƏN GÖZÜ YOXDUR!
Avqustun 25-dən Arabulun məhkəməsi başlayıb. Özü də harda? “Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmə”də. Qabaqca bu boyda məhkəmənin adını niyə dırnaqda yazdığımı deyim. Bunu indiyədək dönə-dönə bildirsəm də, yenə bildirməyə gərək var. Kökündən yanlış olan bu hakimiyyət ən azı bu yanlışını düzəldənədək yazmaq gərəkir. “Dair” ərəbcədir, üzrə türkcə. Hər ikisi bir anlamı bildirir. Təhsil nazirliyi, Dilçilik institutu, lap elə prezident administrasiyası korrupsiyaya bulaşmış bir hakimiyyətin məhkəməsi belə anormallıqla adlanmalıdır.
Ağır Cinayət Işləri üzrə Məhkəmə, ya da Ağır Cinayətlər Məhkəməsi adlandırmaq olar. Məncə, ən yaxşısı sonuncu varinatdır. Lap yaxşısı ilkin variant olaraq bu hakimiyyətin arxivə göndərilməsi olardı. Yoxsa bu ölkədə nəsə düzələn deyil - sözsüz, bu hakimiyyət qaldıqca. Bunu indi təkcə biz yox, Allahın Arabulu da bilir.
Niyə Allahın Arabulu? Bunun da öz nədəni var. Arabul bu gün bu ölkədə Allah umuduna qalmış bir Türkiyəli qara quldur. Hüquqsuz bir qala qul!
Indi mən Arabuldan durum nə danışım. Hamınız bilirsiz: bu adam gəlişiylə Bakıya IŞIQ gətirmişdi. Sözün gerçək anlamında IŞIQ. Bildiyiniz kimi, Arabuladək Bakının işıq-elektrik sistemi darmadağın gündə idi. Arabul gəldi, xeyli pul tökəndən sonra Bakı yavaş-yavaş gerçəkdən-gerçəyə (gecələr!) işıq üzü görməyə başladı. Buna söz ola bilməz: Arabul qazanırdı da. Ancaq Arabulun başlıca qazancı qarşıda idi. Nəyə görə? O hələ daha çox pul töküb, işləri yenidən qurmalı olduğuna görə. Işlər yavaş-yavaş qurulur, Arabul da
əlini-əlinə sürtərək böyük qazanc axınının başlayacağı çağları gözləyirdi. Arabulun qazancını manatınacan sayan, gözdən qaçırmayan Oğru hakimiyyət bax elə bu yerdəcə ona “Stop!” dedi. Beləliklə, Arabulun indiki türmə-dustaqlıq bioqrafiyasının başlanğıcı qoyuldu. Oğru hakimiyyət də o boyda qazancı başqasına, üstəlik, yad oğlu yadın birisinə verərdimi?! Arabul yalnız oğru hakimiyyətin qazanc ortağı deyildi, o bir də… Türk idi!
Arabulun türklüyündən gələn böyük bir yanlışı oldu: işinin yağ kimi getdiyi çağlarda mediaya çıxıb, hakimiyyət adamlarını işıqpulu verməməklə bağlı, demək olar, birbaşa oğurluqda suçladı. Xalqı öydü, xalqa yad hakimiyyəti söydü: “xalqınız mədəni xalqdır, hakimiyyətiniz yox”. Bu, Türk ürəyiaçıqlığından doğan bir yanlış idi. Bağışlanmaz yanlış! Oğru hakimiyyətin qazancına ortaq olasan, üstəlik, onu qınayasan - olan işdimi?! Deyəcəksiz: yox. Axı, biz demokratik rejimdə yaşamırıq. Bunu hamımız hər gün görür, hər
gün bilirik. Arabul bunu görüb-bilməməyindən, ya da görüb-bilmək bacarığının olmaması üzündən türməlik oldu. Arabul gərək burasını da biləydi: bu hakimiyyətin Türkü görən gözü yoxdur!
Arabulun məhkəməsi avqustun 25-də yox, sentyabrın 2-də başlamalı idi. Necə oldu belə oldu? Öcalanlar ondan belə də öc almaq istədilər. Avqustun 25-i Arabulun ad günüdür. Indiki Əliyevçi YAP dustağı Hüseyn Arabul 1940-cı il avqustun 25-də Türkiyədə anadan olub. Elə ondaca yanlışa yol verib: Rusiyada doğulsaydı, özü də ən azı pasportuna görə bir rus olsaydı, kim idi indi onu məhkəməyə çəkən?! Onu məhkəməyə çəkiblər - özü də necə! Bütün vəsatətlərinə “yox” deməklə. Onun məhkəməsində yalnız hakimiyyətə bağlı hakimlə
prokurorun sözü keçərlidir!
Arabulun yaxşı, işıqpulu yığan çağlarında yazmışdım:
Ey Arabul, Arabul;
Öncə bizə para bul;
ondan sonra ara bul.
Indi yazıram:
Ey Arabul, Arabul;
Türkiyəli qara qul;
yamanca ilişmisən - get özünə para bul!
Ondan qazandıqlarını qoparmayınca buraxmayacaqlar. Türkiyə hökuməti yurddaşı kimi Arabula yiyə durmalı idi, durmadı. Türkiyənin hökuməti varmı? Öz hökuməti!
mənbə: 26 August, 2009, Xaliq Bahadır (Azadlıq qəzeti)
Şahvələd Çobanoğlu: QƏBƏLƏDDİN ŞƏHƏRİNDƏ PUL FESTİVALI
BƏLKƏ BUNDAN SONRA BİZİ MUSİQİLİ DİKTATURA ÖLKƏSİ
KİMİ SEVƏCƏKLƏR?
Əliyevlərin bir nömrəli kassiri, fövqəladə pullar naziri Kəmaləddin Heydərovun oylağı kimi tanınan (bizdə hər bölgəni nəzarətdə saxlayan bir vəzir var) Qəbələdə dünya piano festivalı keçirilir. Mən televizorda festival iştirakçılarının çıxışlarını dinlədim. Dərhal düzəliş verim ki, çıxışlar deyəndə musiqi ifalarını nəzərdə tutmuram, sadəcə iştirakçıların təəssüratlarını dinlədim. ABŞ-dan, Fransadan, Bolqarıstandan, Xorvatiyadan, Rusiyadan, bir sözlə dürlü-dürlü ölkələrdən bu festivala gələnlər var. Jüri üzvləri arasında da müxtəlif ölkələrin musiqiçiləri var. Tanınmış, şöhrətli, yekə adları olan adamlardır.
Bəs onlar nə deyirdilər? Hamısı festivalda yaradılan yüksək şəraitdən danışırdılar. Açıq şəkildə deyirlər ki, indiyəcən bir çox mötəbər festivalda iştirak ediblər, amma belə yüksək səviyyədə və ali qonaqpərvərliklə təşkil olunan festival görməyiblər. Hamısı da eyni sözləri dedilər. Belə çıxdı ki, bu adamlara elə qulluq edirlər ki, elə xidmət göstərirlər ki, özləri də şoka düşüblər. Yağ içində böyrək kimi saxlayırlar, krallara layiq qulluq edirlər, süd gölündə üzdürürlər. Pula pul demirlər və necə var xərcləyirlər ki, dünyanın dörd yanından gələn bu musiqi adamları festival keçirsinlər. Bir sözlə, tədbir analoqu olmayan bir şəraitdə keçir. Başqa sözlə, dütdülü bir tədbirə Azərbaycanın neft pullarını necə gəldi səpələyirlər. Həm də normalda olacağından qat-qat artıq.
Bilirəm ki, kimsə deyə bilər - bu, dünyada Azərbaycanın təbliğidir. Guya faydalıdır, lazımlıdır. Əgər faydalıdırsa, lazımlıdırsa, bu qədər yüksək bədxərclik niyə lazımdır? Məgər biz dünyanın ən varlı ölkəsiyik ki, dünyanın ən zəngin piano festivalını keçiririk?
Ikinci tərəfdən, harasına yarışır bu festivallar Azərbaycanın? Adı dünyanın qeyri-azad ölkələri arasında olan dövləti bu festival necə təbliğ edəcək? Bəlkə bundan sonra bizi musiqili diktatura ölkəsi kimi sevəcəklər?
Hələ Qəbəlini demirəm, Bakıdan baxanda bu festival taun zamanı kef eləməyə bənzəyir. Ümumiyyətlə, mədəniyyət azad olmayan bir ölkəyə nə üçün lazımdır? Qullar üçün, yoxsa ağalar üçün? Bax bu sualın cavabını tapa bilməzsiniz. Misir Mərdanovla Məleykə Abbaszadə bir-birini qırır, ölü təhsilin üstündə dava gedir. Ölkəni əsasən “iki” və “üç” alanlar idarə etdiyi kimi, ali məktəblərə də başlıca olaraq “iki” və “üç” alanlar girdilər. Keçid ballarını aşağı saldılar ki, boş yerlər dolsun. Azərbaycan təhsili qoca bir at
kimi can verir. Qalmaqallı qəbul çoxdan başa çatıb, fəqət Ilham Əliyev bu haqda hələ danışmayıb. Ümumiyyətlə, bundan danışan yoxdur. Başları festival keçirməyə qarışıb. Ölkədə elm və təhsillə bağlı bircə tədbir keçirən yoxdur. Bu sahədə bir yarışma, bir olimpiada keçirilmir. Ancaq təfəkkür tələb olunmayan sahələr neft büdcəsindən pay ala bilir.
Budur, azərbaycanlı bir ifaçı da festivalın finalına vəsiqə qazanıb. Soyadı Hüseynlidir. Yəqin ki, onun uğurunu Azərbaycanda inkişafın yüksək göstəricilərindən biri kimi təbliğ edəcəklər. Gənc ifaçının hörməti də birə-on artacaq. Bəla orasındadır ki, bu ölkəyə uğur gətirən bircə professor Hüseynli yoxdur. Daha ağır bəla ondadır ki, professor Hüseynova musiqiçi Hüseynov qədər hörmət qoyulmur. Elm adamı bu ölkədə yamaq kimi görünür. Elə bil, Azərbaycanın yaxasına elm adamlarını şit bir rəngdə olan sapla
yamayıblar ki, onlar da gözə çarpsın.
Bəla bununla bitirmir. Dünyada yüksək piano ifaçısı olan bir kəs bu ölkədə yaşaya bilərmi? Yaşaya bilsə də, yaşamaz. Onun nəyinə lazımdır yaltaqlanmaqla, qorxu-ürkü ilə pul qazanmaq? Yüz qat artığını dünyanın azad ölkələrində ləyaqətlə və daha rahat qazanmaq mümkündürsə, burada kim qalar?!
Faciəli piano xəbəri
Bu günlərdə Italiyanın sahil qoruyucuları qanunsuz olaraq beş nəfər immiqrantı daşıyan qayıq aşkar edib. Qayıqdakılar deyiblər ki, mənzil başına çatana qədər yolda 73 nəfər ölüb. Insanlar artıq doğma ölkəsindən qurtulmaq və normal ölkədə yaşamaq üçün özlərini ölümün ağzına atmaqdan çəkinmirlər. Maraqlıdır ki, qayığa minənlər arasında bir nəfər istedadlı, gələcəkdə dahi piano ifaçısı ola biləcək bir gənc də varmış.


