Telman İsmayılovun qardaşı Fazil İsmayılov işdən çıxarıldı
Fazil İsmaylov
mənbə: musavat.com
“Çerkizov” bazarı qalmaqalından sonra Fazil İsmayılov Moskvanın şimal dairəsi üzrə prefekti vəzifəsinə təsdiqlənməyib
Rusiyada Azərbaycan əsilli yəhudi iş adamı Telman İsmayılovun vurulmasına yönələn kampaniya onun yaxınlarından da yan keçmir. İş adamının sahibi olduğu “Çerkizov” bazarı ilə bağlı davam edən qalmaqal Telman İsmayılovun qardaşının vəzifəsini itirməsi ilə nəticələnib.
“Lenta.ru” xəbər verir ki, oliqarxın qardaşı Fazil İsmayılov Moskvanın Şimal inzibati dairəsinin prefekti vəzifəsinə təsdiqlənməyib. Moskva meri Yuri lujkov onun yerinə Rusiya Təbiəti Mühafizə Agentliyinin keçmiş rəhbəri Oleq Mitvolu təyin etməyi qərara alıb. Mitvol səlahiyyətlərinin icrasına bu gündən başlayacaq. Xatırladaq ki, F.İsmayılov indiyədək Rusiya paytaxtının ən iri inzibati vahidlərindən olan şimal dairəsinin prefekti vəzifəsini icra edib. T.İsmayılovla bağlı qalmaqalın başlamasından sonra onun həmin
vəzifəyə təsdiqlənməsi şübhə altında qalıb. F.İsmayılovun familiyası hazırda “İzmailov” kimi gedir. O, familiyasını iki dəfə dəyişdirib və T.İsmayılovun qardaşı olduğunu büruzə verməməyə çalışıb. Bununla belə, Moskvada onun “AST Telman”ın qardaşı olduğunu bilənlər çox idi.
Bu arada “Çerkizov” bazarında 2 milyard dollarlıq qaçaqmalın aşkarlanması ilə bağlı aparılan cinayət işinin istintaqında daha bir həbs sanksiyası verilib. Həbs olunan Moskva vilayətinin Şelkovsk rayonunun 62 yaşlı sakini Nikolay Rıbkindir. Lakin Rıbkin sadə pensiyaçı deyil, Federal Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki və T.İsmayılovun dostudur. FTX polkovniki Kalininqrad vilayəti üzərindən Çin istehsalı olan malları qaçaqmal yoluyla keçirilməsini təşkil etməkdə və onu “Çerkizovsk” bazarında satmaqda ittiham olunur. Bildirilir ki, Rıbkin ona qarşı irəli sürülmüş ittihamları qəbul edib. Bu isə T.İsmayılova qarşı rəsmi ittiham irəli sürmək üçün istintaqa imkan yaradır. Xatırladaq ki, T.İsmayılov hazırda Rusiyada deyil və Türkiyədən vətəndaşlıq almaq üçün gözləyir. Onun ailə üzvləri də Rusiyanı vaxtında tərk ediblər. İş adamının qardaşı isə bu yaxınlarda şahid qismində istintaqa çağrılmışdı.
Telman İsmaylova aid Çerkizov bazarı bağlandı
Rusiya informasiya agentliklərinin yaydıqları məlumata görə, "AST" şirkətləri qrupunun sahibi Telman İsmaylova aid olan Çerkizov bazarı iyunun 29-da bağlanmışdır. Moskvanın şərqi inzibati dairəsinin prefekti Nikolay Yevtixiyevin müvafiq bəyanatında deyilir ki, vətəndaşlardan alınan saysız-hesabsız məktublara cavab olaraq bazar, sanitariya normaları pozulduğuna görə müvəqqəti olaraq bağlanır.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə Londonda Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
İyunun 29-da Böyük Britaniya paytaxtında, Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. “Amnesty İnternational” təşkilatının Böyük Britaniya bölməsinin təşəbbüsü ilə baş tutan aksiyada “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması, Azərbaycanda jurnalistləri qandallayan repressiya zəncirlərinin yığışdırılması tələb edilib.
“Media forum” saytı xəbər verir ki, aksiyaçıların əllərində E.Fətullayevin fotoşəkilləri, “Eynulla Fətullayevə azadlıq”, “Azərbaycan mətbuatında zəncirləri qırmalı” şüarları yazılmış plakatlar, kağızdan düzəldilmiş, Azərbaycanda jurnalistlərin zəncirlənməsini ifadə edən simvolik zəncir olub.
Aksiya zamanı simvolik zəncirin halqaları üzərinə imzalar atılıb. Əvvəlcədən də məlumat verildiyi kimi, bu imzalar belə bir mesajı dəstəkləmək üçündür: “Mən inanıram ki, söz azadlığı olmalıdır. Mən inanıram ki, Eynulla Fətullayev azad edilməlidir. Mən inanıram ki, Azərbaycanda mətbuat zəncirlənməməlidir”.
E.Fətullayev 2007-ci ilin aprelində böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Az sonar o, terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay həbs cəzası verilib.
E.Fətullayev hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
"Media Forum"



