Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Dağ yəhudilərinin Telman İsmayılova qarşı gedən kampaniyaya münasibəti: Telman İsmayılov bazarda tapılan qaçaq mal üçün cavabdeh deyil

Mirzə Xəzər 30 İyn 2009

no comments

telman vatan

foto: "Vatan" qəzeti

 

 

 

 

 

 

"AST" şirkətlər qrupunun sahibi, dağ yəhudisi Telman İsmayılova qarşı Rusiyada başlanan kampaniya Moskvanın dağ yəhudiləri icmasını narahat edir. Bu sözlər, dağ yhəhudilərinin ən iri internet portalı olan "gorskie.ru"da dərc edilmiş şərhdə qeyd olunur. Yakov İlyaquyev öz şərhində Telman İsmaylovun təmiz adını ləkələməyə yönələn təşəbbüsləri qınayır və yazır ki, Telman İsmaylov Çerkizov bazarında aşkar edilmiş qaçaq mal üçün cavabdeh sayıla bilməz. Bu malların məsuliyyəti gömrük xidmətinin və malların sahiblərinin boynuna düşür. Bununla yanaşı, müəllif hər bir biznesmenin qazandığı pulları istədiyi ölkədə sərmayə qoymağa və ya istədiyi kimi xərcləməyə haqqı olduğunu qeyd edir. Şərhinə yekun vuran İlyaquyev "İsmayılov işi"nin antisemitizm "işi" olmadığına inandığını yazır və təxmin edir ki, bu əməllər, Rusiyanı bürüyən böhranın mülkiyyətin yenidən bölüşdürülməsinə təkan verdiyini göstərir.

 

 

 

("Mirzə Xəzərin Səsi" qəzeti)

Məlahət Ağacanqızı: DOSTLARA BALTANI KÖKÜNDƏN VURANLAR...

Mirzə Xəzər 29 İyn 2009

no comments

yujet

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 


Uşaqlıqda çox sevdiyim bir TUT ağacı var idi. İri, qara, şirin tutların dadını unutmaq mümkün deyil. Demək olar ki, uşaqlığım həmin tut ağacının budaqları üstündə keçib. Ağaca təkcə tut yemək ,əylənmək üçün yox, çox vaxt tənha qalmaq üçün çıxırdım. Mən hələ indiyə qədər o yekəlikdə tut ağacı görməmişəm və heç bir ağacı o AĞAC qədər sevməmişəm. TUT ağacı da məni çox sevirdi. Çox rahatlıqla onun ən əlçatmaz , ayaqqoymaz olan budaqlarında olmağıma imkan yaradırdı. Hətta bir-birinin üstündən keçən budaqlarında uzanıb yatırdım. Bəzən budaqlara ilişib qalan paltarlardan cırılan parçalar, balaca rəngli bayraq kimi ağacda yellənəndə, TUT ağacı uzaqdan qlobusa bənzəyirdi. Bacım, qardaşım, dostlarım tut ağacından yıxılsalar da, mən heç vaxt yıxılmamışdım. Ağacdan baxanda bütün məhəllə ovcumun içində idi. Mənə müşahidə etməyi TUT ağacım sevdirdi. Küçə ilə keçən adamların söhbətlərinin müəyyən hissəsini eşidirdim. Və sonradan mənə maraqlı olan söhbətlərin əvvəlini, sonunu balaca başımda fikirləşib bir hekayə qururdum.

 

 

 

 

Evdə kimsə məni incidəndə, xətrimə dəyəndə tez qaçıb Tut ağacında gizlənirdim. Gecə düşəndə, məni axtaran əli fənərli bacıma, qardaşıma ağacdan baxanda, nədənsə hirsim soyuyurdu .Elə bil möhkəm-möhkəm qucaqladığım AĞAC mənə ”Dostum, mərhəmətli ol!” əmrini verirdi. Mən sakitcə ağacdan düşüb, hasarın üstü ilə küçəyə çıxıb, evə gedərdim. Hamı elə bilirdi ki, küçədə veyllənməkdən bezib geri dönmüşəm. Və məni növbəti dəfə bir az gec incidərdilər.

 

 

 

 

Bəzən qara tutlar ilə üzümdə müxtəlif rəsmlər çəkməkdən xüsusi zövq alardım. Üzümə qara bığları, çatma qaşları, qara saqqalı çəkmək üçün ağ əllərimi qapqara etməkdən çəkinmirdim. Qardaşım məni o halda görəndə qulağımın arxasına bir şapalaq vurub, əllərimdən qara ləkələr getməyincə evə buraxmazdı. Mən, kömək üçün TUT ağacının yanına qaçardım. Kal tutları yığıb həyəcanla əllərimə sürtərdim. Qırmızı, yaşıl tutlar sehrli sabun kimi əllərimdən bütün ləkələri yox edərdi.

 

 

 

 

Çox vaxt acığım gələn adamlar küçədən keçəndə onlara qara tut ilə “hücum” edirdim. Üst-başı qara tutun şirəsi ilə bulaşan PİS adamlar heyrətlə ağaca baxar, sanki ağacın onlara cəza verdiyini düşünüb qorxa-qorxa yolu keçərdilər. Xoşum gələn adamalar yol ilə keçəndə isə, iri tutlarla dolu olan budaqları əyib, onların qarşısını kəsərdim. YAXŞI adamlar bir anlıq dayanıb ,təbəssümlə ağaca baxıb, əllərini uzadıb bir-iki tut dərib gülə-gülə yollarına davam edərdilər. O AĞAC məni bir baba, nənə kimi sevirdi, qoruyurdu, əyləndirirdi, yol göstərirdi. Sanki ,üzlərini görmədiyim nənələrimin, babalarımın ruhu TUT ağacına dönüb bağçamızda bitmişdi. Mən ONU xatırlayanda möhkəm kövrəlirəm.

 

 

 


Bir gün ailəm qərara aldı ki, TUT ağacını kəssinlər. Guya, o qara tutları ilə həyəti zibilləyir, balacaların üst-başını bulayır. Hardasa beş –altı kişi əlinə balta alıb AĞAC dostumun üstünə düşdü. KİŞİ gücünə ilk nifrətim bəlkə elə o vaxtdan başladı. Hay-küylə ,gülə-gülə kəsilən AĞACın iniltilərini hələ də eşidirəm. Mənim DOSTumu gözümün qabağında balta ilə doğrayırdılar, mən isə heç nə edə bilmirdim. Hətta ağlaya da bilmirdim. Bəlkə də ağlasaydım ,heç olmasa AĞAC cəlladları, qatilləri əllərində balta gülməzdilər, iyrənc səslərlə qışqırmazdılar. Cəlladlar yekə bir ağacı-dostumu doğram-doğram edib araq-çaxır ilə “zəfərlərini” qeyd etdilər. Bir günün içində mənim ən yaxın, ən əziz DOSTUMu öldürüb, ən rahat EVİMi uçurtdular. Qalan bir kötük oldu. Sonradan o KÖTÜK dostu da mənə çox gördülər. Son damarına kimi qazıyıb yerdən çıxartdılar...

 

 

 


Çox sevdiyim müğənni Aygün Hümbətovanın oxuduğu ”Tut ağacım” mahnısına qulaq asanda dostum TUT ağacını xatırlayıram. Həmin mahnı əsasında bir klip də çəkilib. Klipdə bir kişi gözünə qara eynək taxıb, tut ağacının kölgəsində nərd oynayır. Mən başa düşə bilmirəm, qara eynəkdə zərin üstündəki xırda nöqtələri necə görmək olar? Bir dəfə ,hətta ,yoxladım. Heç bilmədim zər hardadır, daş hardadır.

 

 

 


Klipdəki qara eynəkli kişi ,ağac dostuma ilk baltanı vuran cəllad kişiyə bənzəyir. O da gözünə qara eynək taxıb TUT ağacını baltalayırdı. Sanki ,gözlərini gizlətmək, etdiyi cinayəti ört-basdır etmək üçün qara eynək taxmışdı. Nərd oynaya-oynaya, ağac kəsə-kəsə, arvad döyə-döyə görən gözlərinə qara eynək taxanlar, qulaqlarına qulaqcıq taxıb musiqiyə qulaq asanlar, gözdən və qulaqdan şüurlu şəkildə imtina edənlərdir. Bəlkə də ən çox göz, qulaq problemi olan Azərbaycan vətəndaşlarıdı. Amma avamlıqdan, lovğalıqdan, vəhşilikdən əksəriyyət gözlük yox, qara eynək taxıb şellənir. Gözəl dünyanı qara eynək şüşələri ilə seyr etdiklərinə görə başqa rənglərdən xəbərləri yoxdur. Hətta ,onlar yeddi rəngli göy qurşağını da qara rəngdə görməkdən zövq alırlar.

 

 

 

Bir nəfər gözü zəif görən qohumdan ”Niyə gözlükdən istifadə etmirsən ?” soruşanda, cavabı çox məzəli oldu: ”İş görəndə açki mənə meşat eləyir”. Mən başa düşə bilmirəm , o hansı işdi ki, onu görəndə gözlük mane olsun ,amma qara “açki meşat” eləməsin? Bəyəm gözlükdən imtina edənlər səhərdən-axşama kimi sevdikləri ilə öpüşüb-sevişirlər?! Bura bəyəm Avropadır? Heç orda elə qələtlər etməyə vaxt yoxdursa, bizdə necə ola bilər?! Eh, biz başdan –ayağa kimi qələt içindəyik də...Bizə ancaq göz və qulaq “meşat” elədiyindən onları müxtəlif üsullarla qapatmağa çalışırıq. Görmək və eşitmək nəyimizə lazımdır. Bir-birinin heç nəyin üstə gözünü çıxartmaq,qulağını kəsmək də o səbəbdəndir. Məsələn ,çoxu istəyər ki dörd əli, dörd ağzı, dörd ayağı olsun. Hələ başqa şeylərdən daha çox istəyər...


Qulaqlarına qulaqcıq, zəif görən gözlərinə qara eynək taxıb ,özünü qəsdən KAR-KOR edənlərin içində adam kimi yaşamaq mümkün deyil. Onlar adamın sevdiyi ,zövq aldığı hər şeyi baltalayıb ,məhv ediblər.

 

 


Ən çətin anlarda bizə dəstək olan nəinki dost, heç TUT ağacı da yoxdursa niyə yaşayırıq?!
Mənim DOSTlarımı, sevdiklərimi kim kökündən baltaladı?! Bəlkə yanlışlıqla elə özüm...


Mərhum Hüseyn Əfəndinin ”DOMİNO” kitabından ürək parçalayan bir hekayə “Mirzə Xəzərin Səsi”ndə

Mirzə Xəzər 29 İyn 2009

no comments

huseyn_efendi

Mərhum Hüseyn Əfəndi

 

 

 

 

 

 

 

Yazıçı, publisist, şair Hüseyn Əfəndiyə ilk kitabını görmək qismət olmadı. Onun ürəyi gördüklərinə , duyduqlarına, yazdıqlarına dözə bilmədi-dayandı.


Mərhum Hüseyn Əfəndinin ”DOMİNO” kitabından ürək parçalayan bir hekayə “Mirzə Xəzərin Səsi”ndə

 


 

Tank (hekayə)


 

 

 

Dul qadın kimiydi kənd-hər səsə diksinirdi. Canından qorxmurdu,
oğullarına binamus deyiləcəyindən qorxurdu.

 

 

 


Gecə göydən gəlmirdi, uzaqdakı dağın ətəyindən gəlirdi, gələ-gələ
böyüyüb qaralırdı. Bütün işıqları və səsləri canına çəkirdi. Hamı elə bilirdi ki, dünyanın axırı yaxınlaşır. Bunu bildiklərindən bütün olanlara barmaqarası baxıb köks ötürürdü...Bir azdan pırıl-pırıl ulduzlar doğulacaqdı .Düzdü, o ulduzlar gecənin qaranlığından çox az şey dəyişəcəkdi, amma hər halda başını yuxarı qaldıran hər kəs biləcəkdi ki,Allah var və bu nizam –işığıyla, qaranlığıyla, bəlasıyla ,sevinciylə onundur.

 

 

 

 

Mağarın qırağını açmışdılar, camaat dörd tərəfi hasarlayıb oynayanlara tamaşaya durmuşdu. İndi postdan qayıdanlar rəqs eləyirdi.
Bir azdan bəylə gəlin ortaya gətirilməliydi . Əsgərlər meydanı tərk eləmək istəmirdilər. Yeyib-içmişdilər, doymuşdular, indi də sümüklərindən səngərin rütubətini , soyuğunu çıxarırdılar. Avtomatlarını musiqiçilərin qabağındakı böyük stolun ayağında çarpazlamışdılar. ”Tərəkəmə”dən “Helliyoza” ya ,ondan da “Lambada” ya oxşar bir havaya keçmişdilər. Heç kəs onların xətrinə dəymək istəmirdi. Amma ayrı dəliqanlıları da vardı bu kəndin. Onlar cilov gəmirsələr də ,ağsaqqallardan keçə bilmirdilər.

 

 

 


Handan- hana Ağamalı kişi irəli durdu və əvvəl çalğıçılara işarə elədi ki, dayansınlar, sonra ortada duruxub qalmış əsgərlərə üzünü tutdu:
-A bala ,indicə işığı söndürəcəklər, saat 12-yə qədər danışmışıq, qoyun gəlini də bəylə oynadaq, sonra baxarıq, vaxt qalsa ,yenə meydan sizindir.
İncəvara söz əsgərlərə çatdı, cəngsiz-cidasız avtomatlarını götürüb camaatın arasına qarışdılar.

 

 

 


Gəlin başını yuxarı qaldırmırdı. Bəy də sıxılıb oynayırdı. Bəlkə birinci dəfəydi bu qədər belə yanaşı dururdular. Özü də bu qədər adamın arasında. Gəlinin qollarından yapışıb yuxarı qaldırırdılar ki, oynasın. Amma onunku oynamaq deyildi, eləcə “Gəlin oynayanda bərəkət olar” sözünə qüvvət vermək üçün fırlanırdı...

 

 

 

“Vağzalı”nın sədası mağarın yuxarısındakı böyük lampanı titrədirdi.
İşıqların sönməyi ilə çalğıçıların susmağı və qaraqışqırıq içində guruldayan motorun səsiylə tırtılların harayı eyni vaxta düşdü. Əvvəl heç kim heç nə anlamadı, ermənicə söyüş hamını ayıltdı. Qadınlar və uşaqlar həyətin künc-bucağına çəkildi.

 

 

 


Tankın solğun işığı meydanın ortasında qoşa ağac kimi bitmış bəylə gəlinin üstünə tuşlanmışdı, daha solğun parçaları isə qohum-əqrəbanın kölgələrini oynadırdı. İşıq aşağıdan gəldiyi üçün kölgələr mağarın tavanına qədər uzanıb gedirdi.
-Gic musurman, ilin-günün bu vaxtında toy eləyirsiz, amma qonşuları çağırmırsız. Görürsüz, özümüz gəlmişik-bunu tankın içindən çıxıb qapağının üstündə dayanan dolu və yaşlı erməni dedi, gözünü hərləyib Ağamalı kişini tapdı:

 

 


-Ağamalı, ara,nə qadar toyunuza gəlmişik, nə qadar toyumuza gəlmisiz. Heç ayıb döyülmü, oğlunu evləndirəsən, bizi çağırmayasan.

 

 

 

Camaatın elə bil bir az eynəsi avazıdı. Ağamalı kişi irəli durub nəsə demək istədi. Bəlkə deyəcəkdi ki, düşün, qonağımız olun, müharibə öz yerində, adamlıq öz yerində. Amma həmin erməni ki qapağın üstündə dayanmışdı və onu bu kənddə çoxları tanıyırdı, ucadan və adamın sümüyünü buza döndərə bilən bir tərzdə şaqqanaq çəkib güldü. Gülüşü sona çatmamış avtomatın səsi gəldi və Ağamalı kişi üzü üstə -bəylə gəlinin qənşərində yerə sərildi. Bəy atasının qolundan yapışıb üzünü yuxarı çevirdi və hamı gördü ki, Ağamalı kişi canını tapşırıb. Bəy qalxıb tanka ayaqlandı. Avtomat ikinci dəfə çığırdı. Bəy düz tırtılların altına yıxıldı. Gəlin durduğu yerdə əvvəl ikiqat oldu, sonra dördqat, yeddiqat oldu və küləyin oynatdığı kələğayı kimi burulub yerə çökdü. Camaatın əksəriyyəti yoxa çıxmışdı. Meydanda qalan qohum-əqrəba isə irəli durmaq hayında deyildi.

 

 

 

Yaşlı erməni tankın üstündən düşdü, onun yerini bir başqa pəzəvəng tutdu. Meydanı dolaşıb pis bir söyüş söyəndən sonra üzünü tanka tutub ermənicə nəsə dedi, tankın içindən ona hay verib yenə özlərinə məxsus tərzdə güldülər. Sonra bir neçəsi də gəlib gəlini yerdən qaldırdı və tankın içinə apardılar. Qapağı örtməmişdən əvvəl vidalaşdılar: ”Toyunuz mübarək olsun, bəylər! ”Tank yerində gərdiş eləyib fırlandı və sürətlə həyətdən çıxdı.

 

 

 


Sonra da işıqlar yanmadı.
Mağarın içində arvadlar yalquzaq kimi dolaşırdı. Əliyalın kişilər Allaha yalvarırdılar ki, işıqlar bir də heç vaxt yanmasın, səhər açılmasın, ya da elə bu gecə ,bu kəndin ortasında onların sayı qədər yer ayrılsın. Amma səhər açılacaqdı, yer ayrılmayacaqdı və həmən kişilər həmən arvadların qolundan yapışıb bu sahibsiz, bu yiyəsiz yurddan baş götürüb qaçacaqdılar. Düzdü, ürəklərində nə danışdıqlarını hərdən Allaha deyəcəkdilər, amma cavab almayacaqdılar, sanki buna haqları olmayacaqdı...Bunların hamısı sonra baş verəcəkdi, hələliksə gecə qurtarmamışdı və mağar boşalmamışdı.

 

 

 

Gün günortanın yerindəydi. Ağacların, otların üstünə yamyaşıl işıq çilənmışdı. Ağacların yarpaqları arasında meyvələr sozala-sozala ömrünü yaşayırdı. Kəpənəklər və arılar otlara nəğmə oxuyurdu. Kənd evlərinin uçuq damları ,kor pəncərələri günəşlə dərdləşirdi.
Kənddə adam qalmamışdı və kəndin bundan sonra itirəcəyi bir şeyi yoxdu. Qəbirstanlıq yerləşən təpədə indi erməni əsgərləri post qurmuşdular. Cındırından cin hürkən bir gəlin cırıq qaloşlarını sürüyə-sürüyə özündən ağır səhəngı çiyninə alıb posta doğru qalxırdı.
Yolun ortasında nəfəsini dərmək üçün dayandı. Geri çevrilib kəndə baxdı. Amma o bu kəndi tanıya bilmirdi. Əlini qaldırıb qaşlarının üstünə qoymuşdu, gözlərini də qıymışdı. Elə bil soruşmaq istəyirdi: ”Haradı bura, Allah?” Amma soruşa bilmədi, çünki yuxarıda onu çağırırdılar: ”Harda batdın, a haxçı?”

 

 

 

Əvvəlki məqalələr