Bakıda Peyğəmbər məscidi sökülür
Bakıda qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidini sökməyə başlayıblar.
Yasamal rayon Dini İcmasının rəhbəri Mir Valeh Mövsümov Trend News-a bildirib ki, aprelin 1-də rayon İcra Hakimiyyətinin başçısı və bir neçə əməkdaşı məscidə gələrək, hasarları, məscidin qapılarındakı "Quran" kitabını və məscidin adı yazılmış lövhəni söküb.
İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev isə Trend News-a bildirib ki, məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanması qanunsuzdur.
"Yasamal rayon məhkəməsinin məscidin sökülməsi ilə bağlı verdiyi qətnamədən apellyasiya şikayəti vermişik və şikayətimiz hələ ki, baxılma mərhələsindədir. Apellyasiya Məhkəməsi şikayətimizə baxmadan və qərar qəbul etmədən Yasamal rayon məhkəməsinin qətnaməsinin icrası qanunsuzdur. Həmçinin məkəmə qərarları məhkəmə icraçıları tərəfindən icra olunmalıdır, İcra Hakimiyyəti nümayəndələri tərəfindən deyil",-Mustafayev vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.
Məscidin nümayəndələri Avropa Şurasının Baş katibi Terri Devisə müraciət edərək, Peyğəmbər Məscidinin sökülməməsinə yardımçı olmasını xahiş ediblər.
Devis onların məktubuna cavab olaraq bildirib ki, məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır və bu məsələ onun təmsil etdiyi qurumun səlahiyyətində deyil.
http://news-az.trend.az/society/religion/1448505.html
Məvzu ilə əlaqədar əlavə məlumatı "Yeni Musavat" qəzetində oxumaq olar: http://www.musavat.com/site/shownews.php?news_id=50648
Sizcə hansı “xalq”ımız qalib oldu???
Allahın adı ilə! Kasıb camaat arasında bayramsonrası bir-biriylə görüşən insanlar adətən ənənəvi sual verirlər: “Bayramı necə keçirdin?” Bu ənənəvi sualın cavabı da, ənənəvidir: “Ehh, nə bayram? Bayram bizim üçün deyil ki, varlılar üçün, bir də, məmurlar üçündür.” Burada ənənəvi cavabı səsləndirən şəxs çox cüzi bir səhvə yol verir. İqtidar referendumda konstitusiyaya “əl gəzdirdiyi” kimi, bu cavaba da, bir balaca “əl gəzdirmək” lazım gəlir. Axı, bu cavabın referendumdan nəyi əskikdir? Bilmək lazımdır ki, cavabdakı “məmurlar” burada artıqdır. Çünki bir dəfə “varlılar” kəlməsi işlədilirsə, daha “məmurlar” sözcüyünün burada yeri yoxdur. Məgər, kasıb olan m əmurlar da, var??? Bu cavaba bir balaca “əl gəzdirdikdən” sonra, mətləbə keçirəm!
Referendum keçirildi, yekunlaşdı, səslər sayıldı, nəticələr bəyan edildi, olan oldu. İqtidar nəticələrin bəlli olmasından sonra, xalqı təbrik edib, öz “səmimi qəlbdən minnətdarlıq”ını da, bildirdi. Prezidentin səlahiyyət müddəti ilə bağlı olan qanuna “əl gəzdirib” uzumömürlü hakimiyyət üçün, gözəl şans yatardılar. Müxalifət isə, burada referendumu boykot etdi. Referendumqabağı efirdən xalqa səsləndi ki, bəs ey mənim xalqım, martın 18-də səsverməyə gəlməyin! Bu, referendum demokratiyaya ziddir, anti-demokratikdir, avtoritarizmə aparır, diktaturaya aparır, xalq kral istəmir və s. və i. a. İqtidar öz “xalq”ını referendumda fəal iştirak etməyə çağırdı, müxalifət də, öz “xalq”ını bu referendumu boykot etməyə, bayramqabağı, tətilqabağı özləri üçün bir gün də, art ıq bayram və tətil etməyə çağırdı. Referendumdan sonra da, iqtidar öz “xalq”ının fəallıq göstərib seçkiyə gəlib şad-xürrəm iştirak etməsindən, müxalifət də, öz “xalq”ının seçkiyə getməməsindən, seçkini boykot etməsindən danışdı.
Bəs görəsən xalq nə etdi? İqtidarın “xalq”ı olub referendumda fəallıq nümayiş etdirib öz iqtidarını dəstəklədi, yoxsa müxalifətin “xalq”ı olub seçkini boykot etdi? İqtidarın guya referendumda iştirak edibmiş kimi, öz “xalq”ına təşəkkür etməsinə nə var ki? Eləcə də, müxalifətin sanki onun sözünü dinləyib seçkini boykot edibmiş kimi, öz “xalq”ını təbrik etməsi də, asan məsələdir. Tarix boyu əksər iqtidar və müxalifətlər belə ediblər. Seçkiqabağı əl-ayağa düşüb hər biri istəyir ki, “xalq” onun sözünü dinləsin! Bu dəfə də, belə oldu! İqtidar və müxalifət öz “xalq”ını özlərinin arxasında olmağa çağırdı. İqtidar öz əməlinə haqq qazandırmaqdan ötrü, referendumu öz “xalq”ının iradə və istəyi, həmçinin, azadlığı adlandırdı, müxalifət də, seçkiyə boykot qərarını verməsinə bəraət qazandırmaq üçün, öz “xalq”ının “kral” istəmədiyini təkidlə bəyanladı. Özünə sərf etdikdə xalqa müraciət etmək və bu xalqın adından danışmaq çox asandır. Əslində xalqın qeydinə qalmaq, halına yanmaq lazımdır ey iqtidar və müxalifət! İndi sizdən soruşuram: “Sizcə hansı “xalq”ımız qalib oldu???”
Qasımbala Səfərov.
30 mart, 2009.
Arif Yunusov: “Azərbaycan Özbəkistanın yolunu gedir”
Son aylarda Azərbaycanda 9 terrorçu və ekstremist qrupların ifşa edilib zərərsizləşdirildiyinə dair milli təhlükəsizlik naziri Eldar Mahmudovun bəyanatını şərh edən politoloq Arif Yunusov, məlum Özbəkistan hadisələrinin Azərbaycanda təkrarlana biləcəyini istisna etmədiyini bildirib. Arif Yunusov Rusiyanın Regnum informasiya agentliyi ilə müsahibəsində deyib: “Biz Özbəkistanın yolunu gedirik. Özbəkistanda rejim müxalifəti məhv edəndən sonra siyasi İslam fəallaşmağa başladı. Azərbaycanda da məhz bu baş verir. Təcrübə göstərir ki, boşluğu həmişə radikallar doldurur.Məndə olan məlumata görə, Azərbaycanda bu gün təxminən 40-50 min vəhhabi vardır. Onlardan 5-7 min nəfəri fəal, yəni fanatik vəhhabidir.” Arif Yunusovun fikrincə, ölkədə güclü narazılıq olduğu üçün vəhhabilərin sayı artmaqda davam edəcək. Narazılığın bir çox səbəbi var və burada Qarabağ, ağır sosial problemlər və bir sıra digərlərini qeyd etmək olar. Bu narazılığın soyuması üçün şərait mövcud deyildir: mitinqlər qadağan olunur, müxalifət əzilir, fərqli düşünmə təzahürləri təqib edilir. Arif Yunusov belə hesab edir ki, güclü narazılıq və mövcud qadağalar siyasi İslamın fəallaşmasına gətirib çıxardır.
("Mirzə Xəzərin Səsi")

