Avropa Şurası və Isveç Parlamentindən Azərbaycan Respublikasında monarxiya qurmaq təşəbbüslərinə qarşı dəstək istənildi
27.02.2009-cu il tarixdə Müsavat partiyası Stockholm özəyinin sədri Əli Ağayevin təşkilatçılığı ilə Isveç Parlamentinin qarşısında Azərbaycan Respublikasında Əliyev rejiminin istədiyi monarxiya quruculuğuna və qanunsuz 18 mart referendumuna qarşı etiraz mitinqi keçirildi.
Mitinqi aparan Əli Ağayev YAP-ın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin ”Azərbaycan Respublikası Konstitutsiyasına əlavə və dəyişikliklərlə bağlı” qəbul etdiyi18 mart referendum qərarının Azərbaycan Konstitusiyasına zidd qəbul olunduğunu, ölkədə söz, mətbuat və xalqın seçki hüququnun davamlı pozulduğunu mitinq iştirakçılarının diqqətinə çatdırıldı. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika quran xalqımızın 21- ci əsrdə monarxiya rejimi ilə qarşı – qarşıya gəldiyi təhlükədən danışdı. Sonra mitinq iştirakçıları adından Gülnarə Qasımova, Telman Verdiyev, Baycan Azəroğlu, Aytaş Təbrizli çıxış etdilər.
Sonra mitinqin qətnaməsi oxundu və qəbul olundu.
Qətnamə Isveçdən Avropa Parlamentinə seçilmiş millət vəkillərinə təqdim olunmaq üçün Isveç Parlamentinə təqdim olundu. Mitinq istirakçilari adından onlardan xahiş olundu ki, Isveç və Avropa parlamentarilərinin diqqətini Azərbaycan Respublikasında monarxiya qurmaq təşəbbüslərinə yönəltsinlər və Azərbaycan iqtidarına təsir göstərsinlər.
Nardaran sakinləri Konstitusiya Məhkəməsinə müraciət edəcəklər
Fevralın 27-də Nardaran sakinlərindən bir qrup mətbuat konfransı keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə Nardaran sakinlərinin nümayəndəsi Rasim Ağayev çıxış edərək, 30 hektar ərazinin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderoya satılmasını qanunsuz adlandırıb. Onun sözlərinə görə, sakinlər bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət ediblər.
Tədbirdə iştirak edən Bakı Dirçəliş İctimai Birliyinin rəhbəri Abbasağa Məmmədov da Nardaran sakinlərinin fikri ilə razı olduğunu deyib: “Yaxın vaxtlarda Bakı ətrafı kəndlərdəki şəraiti xarici təşkilatlara göstərib, yardım istəyəcəklər. Necə ki, Qarabağ qaçqınlarının vəziyyətini göstərib, yardım alırdılar. Azərbaycanda torpaqlar xarici vətəndaşlara satılır, yerli əhali isə ev tikməyə yer tapmır”.
Konfransda Rasim Ağayev tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun Nardaranda torpaq sahəsi alaraq turizm sahəsini inkişaf etdirməsini deyib: “Nardaranda Araz Ağalarov torpaq alarkən əhali ilə halallaşıb. Orada turizm mərkəzləri açır. Bu bizim üçün də xeyirlidir. Çünki yeni iş yerləri yaranacaq. Biz Araz Ağalarovdan razıyıq. O, qanunla iş görür”.
Nardaran sakinlərinin nümayəndəsi kənddə bələdiyyənin olmamasını mənfi hal kimi qiymətləndirərək, bunun torpaqların qanunsuz satılmasına səbəb olduğunu söyləyib: “Biz tələb edirik ki, Nardaranda da bələdiyyə seçkiləri keçirilsin, kəndin bələdiyyəsi olsun”.
Şəhriyar Əlizadə
Martın 2-də - “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ili tamamlanır
Həmin gün mərhum jurnalistin İkinci Fəxri xiyabandakı məzarı ziyarət olunacaq. Bunu “Media forum” saytına “Qanun” jurnalının baş redaktoru, Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, həmkarları və yaxınları gələn bazar ertəsi saat 16-da E.Hüseynovun qəbrini ziyarət edəcəklər. Hər hansı başqa tədbir planlaşdırılmayıb.
E.Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan ictimai qurum - fond yaradılıb. Fondun rəhbəri mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynovadır. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.
«Media forum»


