Məlahət Ağacanqızı: OXUMAQ MİN DƏFƏDİR, ƏRƏ GETMƏK BİR DƏFƏ...
Məktəblərdə müxtəlif adlarla pul yığılanda artıq heç kim heyrətlənmir. Amma müəllimlərdən tualet açarı üçün 2 manat yığıldığını eşidəndə elə bildim tanış müəllimə zarafat edir.
Gör, bir zaman MÜQƏDDƏS sayılan müəllim nə günə qalıb ki, ondan məktəb tualetinin qapısını açmaq üçün açar pulu yığılır. Bir vaxtlar isə uşaqlar elə bilirdi ki, müəllimlər nə çörək yeyir, nə də tualetə gedir. Ah, səni yanasan bazar iqtisadiyyatı! Bütün sirləri açıb tökdün ortalığa. Qabaq tərbiyəli uşaqlar elə bilirdi ki, balacaları hacıleyləklər ata-analara hədiyyə edir. İndi isə körpələrin artıq ana bətnində rüşeym ikən bütün haqq-hesabdan xəbərləri olur. Dünyaya gəlməmişdən bağırları yarılır ki, “İlahi , mən hara gedirəm ...”.
Bir -iki gün əvvəl 5 yaşı tamam olan Ceyranı təbrik etmək üçün dostlar ürək sözlərini deməkdə elə bil yarışa girmişdilər. Ağzını açan “o gün olsun ki, toyuna gələk...” deyirdi. Balaca Ceyran ayağa qalxıb” Mən hələ ərə getmək istəmirəm, oxumaq istəyirəm. Çünki oxumaq bir dəfə var, ərə getmək min dəfə...” nitqini söyləyəndən sonra qaçıb yazı dəftərlərini gətirdi. Eh, uşaq hardan bilsin ki, Azərbaycanda oxumaq min dəfədir, ərə getmək bir dəfə. Heç birindən də barmağın bala batmır...
Deməli, müəllimlərin siyahısı tutulub ki, hərə 2 manat pul gətirsin, tualet açarı alsın. Tualetə girəndə içəridən, çıxanda isə çöldən qapını mütləq bağlasın. Xuliqan şagirdlər müəllimləri heç olmasa tualetdə narahat etməsin. Və başqa “qayğılar” dan xilas olmaq üçün mütləq müəllimin tualet açarı olmalıdır. Məsələn, şagird müəllimi hirsləndirəndə çıxıb dəhlizdə veyl-veyl gəzməsin. Açarını götürüb, sakitcə getsin tualetə, qapını içəridən bağlasın və anlasın ki, tualet çox gözəl məkandır. İstəsə dostlara mesaj çəksin, internetə bağlansın. Xülasə, kef eləsin. Açarı əlində, ağlı başında. Kimin nə həddi var, qapını döyüb onu narahat etsin. O dəqiqə ”Ay mədəniyyətsiz, görmürsən qapı bağlıdır ...” deməkdən çəkinməsin. Müəllimlikdən bezməsin, əksinə qürur duysun ki, avara məktəblərdə müəllim işləyir, xaraba küçələrdə kanalizasiya təmizləmir. Nə isə, xanım müəllimlərdən biri 2 manatı verməkdən imtina edib. Kişi direktor iclasda müəlliməni ayağa qaldırıb “Sən niyə açar üçün 2 manatı vermirsən, bəyəm tualetə getmirsən?” soruşub. Müəllimənin cavabını yazmıram. Elə sualın cavabını yazmazlar, mentalitetimizə ziddir. Bir də mən direktor deyiləm ki, başımdan yekə qələtlər edim...
Təsəvvür edin, 270 müəllimdən təkcə bir nəfər tualet açarı üçün pul verməkdən imtina edib. Qalanları hamısı qarnını tuta-tuta pulu verib, açarı alıb, qaçıb tualetə. Görərsiz ,bir azdan şagirdlərdən də tualet qapısının açarı üçün pul yığacaqlar. Bütün şagirdlər sevinə-sevinə pulunu verib, açarını alıb qoyacaq cibinə. Bir nəfər də etiraz etməyəcək. Sonra da ürəkbulandıran dərslərdən xilas olmaq üçün şagirdlər tualetdə oturub zəngləri sayacaqlar...
Misir Mərdanovun təzə tikilən məktəblərində , qəşəng, Avropa standartlarına uyğun tualetlərin qapılarına açar salmaq hansı “alim” məmurun “pul yemək” kəşfidir görəsən? Köhnə məktəblərin bəzilərində isə kanalizasiya sistemi işləmədiyinə görə tualetlərin qapısı möhürlənib. Xızı rayonu Giləzi kənd orta məktəbində olduğu kimi. Müəllimli, şagirdli hamı üz tutur qapısı olmayan tualetlərə - dağlara tərəf. Bizim dərdlərimizə ancaq uca dağlar minnətsiz qucaq aça bilər...
Yəqin ki, bir azdan məktəb tualetləri jeton, kart sisteminə keçəcək. Jetonu, kartı olmayan, mədəsi pozulan şagirdin, müəllimin “dəmir qollar” arasındakı halını təsəvvür etmək çətin deyil. Müəllimlər üçün ayrılan xüsusi tualetlər , rüşvət verməyən şagirdlərə analoqu olmayan bir mesajdır. Yəni, ay şagird, özünü korluğa qoyma, müəllim də bütün insanlar kimi yeyir-içir, mələk deyil, uça bilmir, kömək et, tələbatlarını ödəsin. Onsuz da, Azərbaycan təhsil sistemində pulun
dövriyyəsi heç vaxt pozulmur: atalar analara, analar uşaqlara, uşaqlar müəllimlərə, müəllimlər direktora, direktor nazirə, nazir isə prezidentə pulu ötürür. Prezident də millətə maaş paylamaq üçün ayda iki –üç dəfə qalxır göyə. Azərbaycan sərhədini tərk edənədək təyyarədən pulları sovurur havaya. Yenidən, Sizif taleli atalar ağır daşların altından, hündürmərtəbəli binaların damından it zülmü ilə AÇAR pulu yığırlar.
P.S. Xalqın cibinə girib oğurluq edənlərin “tualet kabinet” lərinın qapısını isə heç bir açarla açmaq olmur. Başqa çarə yoxdur, gərək təpiklə açaq...
