Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Kişilər üçün gələcək “İŞ” yerləri...

Mirzə Xəzər 16 Noy 2009

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 

 

 

Sovet dönəmində qızlar əsgərlik çəkməyən oğlana kişi kimi baxmırdılar. Elçilərini qapıdan qovurdular. Bərkə-boşa düşməyəndən nə kişi, deyirdilər. İndi isə şərlənib zindana düşməyənə, başına qəfildən armatur vurulmayana, döyülməyənə, təqib olunmayana... şübhə ilə baxırlar. Əcaba, yoxsa...Düzdür, əksər bığı-saqqalı olanların arxasınca dörd tərəfdən- dörd evdən dəstə ilə qaçıb “ata, dədə, papa...”deyənlər var. Nə olsun! Ona qalsa, quzular da qoçların arxasınca qaçıb “məəə” edir. Sonra da tullana-tullana, qığlarını səpələyə-səpələyə ,göy çəmənə QOÇ ataları ilə otlamağa gedirlər. Hələ EŞŞƏKlərin “kişiliyindən” danışsaq , qoçlar gərək xəcalətdən tövlədən çölə çıxmasın...

 

 

 

 

Son vaxtlar boşanmaların ,ailə münaqişələrinin, intiharların sayının artmasına səbəb azadlıqdakı əks cinslərin bolluğundandır. Nə qədər bütün günü boş-boşuna gəzib, sonra da üzgün-üzgün “iş yoxdur” eşitmək olar? Bəsdi dəə...A kişilər(kişi olduğunuza əminsizsə), götürün bir vicdanlı bloqdan, saytdan yaradın, əsl kişi işi görün , qoy nakişilərin sizə “İŞ” verməyə əsasları olsun. Adını kişi qoyan “İŞ” qovluğundan tanınar. O şərəfə nail olmaq üçün isə ağıllı, savadlı başın və qüsursuz zahiri görünüşün olmalıdır.

 

 

 

 

Gördüz, Qənimət, Eynulla, Müşfiq... durduqları yerdə neçə illiyə “İŞ” aldılar? Yəni ağzından süd iyi gələn Adnan, Emin qədər də deyilsiz, ay saqqalı ağarmışlar, qarnı piylənmişlər? Görünür ,altdan-altdan hökümətə işləyirsiz, maaşınızı xarici banklara yığırsız. O səbəbdən də dünya-aləm vecinizə deyil :tulalarınız, pişikləriniz komfort içində yaşayır. Ya da həqiqəti deməyə qorxursuz. Ona görə də “İŞ” üzünə həsrət qalmısız. İndiki zamanda əsl kişi, düz iş yerinə getdiyinə görə, düz SÖZ danışdığına görə “İŞ” alır. Yoxsa, elə belə kimdir sənə “İŞ” verən.


Ölkəmizdəki gələcək “İŞ” yerlərinin sayını öyrənmək üçün heç bir falçı, ekstrasens uzaqgörənliyinə ehtiyac yoxdur. Məmləktmizdə keçirilən məhkəmə qərarları əsasında Azərbaycanın yeni “İŞ” yerləri haqda geniş məlumat əldə etmək olar. Hal-hazırda hakimlər yeni “İŞ” adları üstündə mübahisə edirlər. Hər hakim ört –basdır etdiyi cinayətə, verdiyi “İŞ”lərə uyğun ad tapıb seçki qutusuna salmaq istəyir. Qalibə bağında istədiyi qədər qızıl basdırmağa icazə veriləcək. Yəqin ki, Faciəbaycana dönən Azərbaycanda bütün kişilər iki ildən az olmamaq şərti ilə “İŞ” alacaqlar. Çünki, iki il ərzində xəstə MİLLƏT öləcək və bütün “İŞ”lər bağlanacaq...


20 Yanvarda, Qarabağ uğrunda savaşda say- seçmə, aslan oğullar şəhid ,əlil oldu. Vaqonların altında gizlənib qumar oynayanların, anaşa çəkənlərin altına kreslo qoyub, əllərinə möhür verdilər. Ona görə də, möhürlü ölüm kağızı üçün də para verməli oluruq. Bəs əli möhürlülər qumarda uduzduqlarını, eyş-işrət paralarını nəyin hesabına ödəsinlər?

 

 

 

 

Cılız toxumdan keyfiyyətli məhsul gözləmək axmaqlıqdır. ”Dünən qorxulu idi, bu gün dəhşətdi, sabah faciə olacaq” fəlsəfəsini beynimizə necə yeridilbsə, bu günün dəhşətlərinə “şükür!” edirik. Dünəndən ,sabahdan qorxa-qorxa BU GÜNün dəhşətlərinə göz yumuruq. Xəstənin xəstəlikdən nə qorxusu ola bilər? Bizə viruslardan qorunmaq üçün ağız-burun maskası kömək edə bilməz. Quru canımızı qorumaq üçün BİZlərə bütün bədənimizi qoruya bilən dəmir forma lazımdır. Təxminən kosmonavt kombezyonları kimi .Axı, biz çəkisiz bir şəraitdə - adamı uçurdan, dağa-daşa çırpan faciələr içində yaşayırıq. Belə iyrənc, quduzlaşan, “bandit”... mühitdən qorunmağın başqa yolu yoxdur.

 

 


Günün alqış və qarğışı:” Səni görüm ağlına, savadına görə “İŞ” alasan”.

 

“NARAZI ÖLÜLƏR” PYESİNƏ ŞƏRH

Mirzə Xəzər 15 Noy 2009

no comments


Bu günlərdə Əflatun Amaşovun Mətbuat Şurası qara siyahıya salınan qəzetlərin adlarını açıqlamışdı. Siyahıda olan nəşrlərdən biri isə “Molla Nəsrəddin” adlanırdı. Mən bilirəm ki, bu, mətbuatın lap qara siyahısı deyil. Lap qara siyahıda başqa nəşrlərin adı var. O siyahı yəqin Əli Həsənovun stolunun üstündə olur və ora hakimiyyətin siyasi anlamda xoşlamadığı qəzetlərin adı salınır. Şura yetkilisinə bu haqda şifahi məlumat verirlər. Həmin siyahı açıqlanmır, yayılmır. Fəqət elə gizli də deyil, oradakı adları təxmin etmək çətin bir iş sayılmaz. Amma mənim sözüm bunda deyil, mən siyahıda “Molla Nəsrəddin” adını görəndə xeyli fikrə getdim. Əgər həmin “Molla Nəsrəddin” bu gün dursaydı, onun adı ağ siyahıda olardımı? Təbii ki, yox.

Hətta bizim “Molla Nəsrəddin”i öyrədən müəllimlərimizdən bir xeylisi Mirzə Cəlilin üzünə durardı. Mirzəni jurnalistika fakültəsinin müəllimlərinin və Mətbuat Şurasının üzvlərinin əli ilə tutdurardılar.
Mənim fantaziyam bir az da inkişaf edir və bir anlığa Şeyx Nəsrullahı düşünürəm. Fikrimdə onunla iş birliyi qurur və ondan Mirzə Cəlili diriltməyi xahiş edirəm. “Ölülər”dəki möhtəşəm dramanı göz qabağına gətirir, bunun ardınca əzizlərini dirilməkdən imtina edənləri düşünərək, özümə sual verirəm: “Görəsən indi nə qədər adam Mirzə Cəlilin dirilməsinə razı olardı?”

Elə bu zaman fikrimdə “Narazı ölülər” adlı pyes yazmağa başladım. Mirzə Cəlil “Ölülər”i yazıb, amma mənim pyesimdə yalnız bir nəfərin – Mirzə Cəlilin dirilməsindən söhbət gedir. O ki sadə bir ölü deyil, bir əsər üçün bəs edir. Yəni əsər Şeyx Nəsrullahın Əliyevlər hakimiyyəti zamanında Mirzə Cəlili diriltmək cəhdindən bəhs edir.


Nələr baş verdiyini özünüz təsəvvür etməyə çalışın. Şeyx Nəsrullahla mən çox adamların üstünə gedirik ki, bəs Bakıya səfərə gələn Şeyx Mirzə Cəlil ibn Məmmədqulunu dirildə bilər, əzizlərinin əvəzinə sayılan araşdırmaçıları, alimlər, yazıçılar, jurnalistlər buna öz razılıqlarını verməlidirlər. Və bir də belə bir xeyrül-əmələ görə Şeyxə hədiyyələrini çatdırsınlar. Bir Mirzə Cəlil deyəndə ağzından ikisi düşən adamlardan xeyli müddət səs-soraq çıxmır. Bu arada mən Şeyx Nəsrullahı Bakıda gəzdirir, onun görüşlərini təşkil edir, müsahiblərini dərc elətdirirəm. Təkcə Natiq Cavadlı ondan 7 səhifəlik müsahibə alır.

Şeyx Nəsrullahla Zirəddin birlikdə canlı efirə çıxırlar və “El içində” verilişində elin suallarına cavab verirlər. Bu arada xalq arasında Şeyxin nüfuzu artmağa başlayır, Prezident Aparatından və Qafqaz Müsəlmanları Idarəsindən narazılıqlar gəlir. Bu, bir yana, Şeyx Nəsrullahın Mirzə Cəlili dirildəcəyi xəbərini eşidən həmin qurumlar lap qeyzlənir. Televiziyalarda Şeyxin təxribatçı olması ilə bağlı bəyanatlar səslənir. Birinci bəyanatı Akademiyanın Ədəbiyyat Institutu oxuyur, dalınca Yazıçılar Birliyi. Universitetlərin ədəbiyyat və jurnalistika kafedralarının müəllimləri, Mətbuat Şurasının üzvləri Şeyxə qarşı çıxış edirlər. Məlumat daxil olur ki, Şeyxi ölkədən deportasiya etməyə hazırlaşırlar. Şeyx mənə deyir ki, tez bir zamanda cəmi 7 adam tap, həyatında Mirzə Cəlili 7 dəfə tərifləmiş olsun, yaşı isə 50-dən çox olsun, bəs edər. Onda ustadı dirildə bilər. Mən tələsik bu adamları tapmağa çalışıram. Amma kimə zəng edirəm, imtina edir.

7 nəfər düzəlmir. Şeyx Nəsrullah özü də bir neçə nəfərə zəng edir, lakin heç kimi razı sala bilmir. Axırda kiməsə telefonda deyir: “Ay kişi, bu qədər fırıldaqçı olmayın! Mən bu ölkədən gedirəm.”
Sonra biz bir neçə gənc yazarla Şeyx Nəsrullahı Gürcüstana yola salmağa hazırlaşırıq. Getməmişdən öncə təşkil etdiyimiz məclisdə Şeyxlə Kefli Isgəndər bir-birinin sağlığına içirlər. Ayrılanda isə Şeyx bizi qucaqlayıb deyir: “Məni bağışlayın, bir iş görə bilmədim, bu ölkədə heç kimi diriltmək olmur. Mən sizə bir sirr açım, ölülər özləri də dirilib bura qayıtmağa narazılıq edirlər.”
Bunu deyəndən sonra Şeyx hönkür-hönkür ağlayır. Bizim də gözlərimiz dolur və pərdə sallanır…

“Azadlıq” qəzeti

Pərviz Cəbrayıl: QƏNİMƏT ZAHİDİN YOLU...

Mirzə Xəzər 10 Noy 2009

1 comment

Perviz


QƏNİMƏT ZAHİD: MƏN ÖZ HƏBSİMƏ FƏRDİ FACİƏ
KİMİ BAXMIRAM...

Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə!

Biz məhbəsdə yatanlarımız üçün vaysınan deyilik. Məhbəs də yolun bir hissəsidir! Ölüm də, zülm də… Yanmamız – yolumuz sarıdandı. Yanmamız – məhbəsdə olana yox, məhbəsdəki yoldaşdan, sirdaşdan olanlaradı – yəni özümüzdən yanadı. Bu yolda kimlərinsə “içəri” salınmağı onu yox, onun yoldaşlarını cəzalandırmaq, qolunu-qanadını qırmaq, uçuşdan saxlamaq üçündü. Qənimətin əskilərdəki kimi yanımızda olmamağı bizi Qənimətdən çox ağrıdır. Onun savaşını dostları aparır (bəzən ələnə-ələnə olsa da), o isə bu savaşda dostlarla ürək-ürəyə dayansa da, əl-ələ tutub addımlamır. Ağırlıq güllə qulağının dibindən keçənlərə düşür. Güllənin tutduğu adamları şəhid, yayındığı adamları ekstremist elan eləyirlər. Məhbəsə düşənlərə kəsilən iş, düşməyənlərin ömründən kəsilən illərdi. Ömrümüzdən kəsilən iki qos-qoca il tamam oldu!

RUH YEYƏNLƏR


Həbsi təkcə hakimiyyətin riyakarlığını, şər-şəbədə mahiyyətini, qisasçlığını, küsəyən məhlə uşağı təbiəti ilə idarə olunmasını, insan faktorundan yalnız alver məqsədilə yararlandığını ortaya qoymur, onun nə qədər işgəncəyə, sadizmə tutqulu olduğunu göstərir. Onlar öncə məhbəsə aparacaqlarının bayır həyatını dərindən izləyir, bağlılıqlarını, sevgilərini, mənəvi marşrutlarını dəqiq bəlirləyir, adamı içəri soxmaqla hansı nisbətdə doğmalarının ürəyinə xəncər saplayacaqlarını götür-qoy eləyir, siyahıya alırlar. Bu, xalis işgəncə aparatıdı. Gestapoda, “bandotdel”də cürbəcür alətlərlə verilən işgəncələr bunun yanında toya getməlidi. Bunlar insan ruhunu yeyənlərdi. Bu cür vandallığın analoquyla, bəlkə də az oxuduğumdan, tarixdə qarşılaşmamışam.

ÇAYXANA QARDAŞLIĞI


Onlar udum-udum izləmişdilər:
Saat 11-də Qənimət nəşriyyata daxil olur. Redaksiyaya baş çəkməmiş birbaşa Malikin çayxanasına, şənbə günü olsa – birinci qatdakı çayxanaya gəlir. Sücəddin, ya həmin gün bir başqamız daha tez gəlibsə, yeni qəzetləri götürüb çayxanada gözləyir. Yavaş-yavaş uşaqlar toplaşır. Hətta Xəyalı da həmin çağlarda çayxanada görmək qismət olan bir şey idi. Bir azdan o yan-bu yana qaçmaqdan təntiyən Azər, fikrini uzun-uzadı izah eləməyə çalışan Alı masanın başında görünür, çay eşqilə alışan qara həbəşi dodaqlarıyla Vidoş özünü redaktoruna yetişdirəndə gec olsa da, Qənimət onun xətrinə daha bir çay ismarlayır. Masada yer çatışmır. Illah da bir bükülüm qəzeti buradaca oxumaq, qeydlər aparmaq, o birinə ötürmək, səhifələmək… Adamın bu darlıqdan az qala nəfəsi kəsilir. Külqabı dolur, boşalır. “Malik, başuva dönüm, bir namuslu külqabı ver…” Vidoş danışdıqca danışır, çayı yenə də biz içirik, Qənimətin səbri kəsilir, əlini ağrıyan belinə qoyub qalxır və: “həzərat, Quantanomaya!” – uçuq-sökük redaksiyamızı belə adlandırırdı. (Iş vaxtı bitəndən sonra isə Baş redaktorumuz Elşənin sürücüsü olurdu.) Qənimətdən sonra “Azadlıq” artıq ayrı-ayrı vaxtlarda bir masa başında deyil, iki-iki, üç-üç, çayxanaya toplaşır.

HEYDƏRİZM-GÜNDƏLİK TƏLƏBAT MALI


Avropa belə şeyləri anlamaz. Onları düşündürən qanunlar, mexaniki azadlıqlardı. Onların pozulması avropalını heyrətləndirir. Ona bir müxalifət partiyasının liderinə hökumətin, dövlətin başında oturan adamın şəxsi iradəsiylə ümumvətəndaşlıq pasportunun verilməməsi dəhşət gəlir. Bunu heç cür anlaya bilmir avropalı. Ki, pasportu verməməkdə məqsəd onu xarici səfərlərdən saxlamaq deyil, sadəcə əlini-əlinə sürtə-sürtə həzz almaqdı. Öz gücündən, hakimiyyətindən ehtizaza gəlməkdi.


Bizimçünsə qanun pozuntusu hava və su kimidi, gündəlik zəruri tələbat malıdı. Möcüzə nəticəsində nəyinsə qanun üzrə getdiyini görməyimiz Qar adamını görmək mislindədi. Onunçündü ki, biz hər şeyi hisslərimizlə idarə eləyirik. Elə hakimiyyətimiz də!

Qənimətin həbsində də bizi ağrıdan onun necə iyrənc yolla şərlənməyi deyil – burda nə var ki! Heydərizm bundan artığını bilirmi? Ya səni evin alaqapısından girəndə öldürəcəklər, ya hansısa gözdəniraq göl qırağında it gününə qoyub çuvala salacaq, sahibsiz itlərin qismətinə buraxacaq, ya da kimlikləri hakimiyyətlə dəhşətli dərəcədə üst-üstə düşən, bir-birini tamamlayan sevgiladələr, vüsallarla iyrənc oyuna ürcah eləyib həbsə atacaqlar. Bunlar bizi əsla heyrətləndirməz. Ağrıtmaz. Biz də öyrəncəliyik. Bizi ağrıdan özgə şeylər var. Onu avropalı qanmasa da, sapı özümüzdən olan yapist texnoloqlar yaxşı anlayır.

MANİYALI HƏZZ


Onlar Qənimətin daş kimi olduğunu bilirlər. Yenə deyirəm, məqsəd onu cəmiyyətdən, savaşdan təcrid eləmək deyil, cəmiyyəti ondan təcrid eləməkdi. Ilham Əliyevə həzz verən Qənimətin dörd il məhbəsdə oturacağı deyil, dörd il övladlarının, xanımının, dostlarının, iş və savaş yoldaşlarının, yazı masasının onsuz qalmasıdı. Səlim kişinin dünyadan köçməsi bu həzzi birə min artırdı – Qəniməti hüznlü azadlığa buraxıb, yenidən içəri qaytardılar. Bu cür maniyalı həzz növü avropalıya zərrəcə tanış deyil.


“HALAL”ETİKETLİ DEMOKRATİYA


Mən Qənimətin təkidiylə qəzetə qayıdandan sonra ilk dəfə nahara düşdük. Gec olduğundan isti xörək qalmamışdı, kolbasadan-sosisdən götürəsi olduq. “”Halal”ından olsun”,- bufetçi Nizamiyə dedi. Mən də “Halal” yeməli oldum. O qədər dadsız-duzsuzdu ki! “Bax, buna görədi də bu ölkədə heç kim halal yemək istəmir,- mən dedim,- çünki halalın dadı yoxdu”. Hamı harama qaçır. Haram qatılmış dadsız halaldansa, dadlı haram xoş gəlir. Bəlkə də harama öyrənmişik deyə, halal belə dadsızdı? Yox, sadəcə bu cür rejimlərdə “halal” deyə bir şeyin olması mümkün deyil. O sosislər də, üstündəki “halal” yazısıyla birgə haram idi. Bu da avropalıya yaddı – halal-haram. Haram – haram haqda təsəvvürlərin formalaşdığı yerdə ola bilər. Onlara da dünyada haram deyilən bir şeyin mövcud olduğunu, onu yeməyi heydərizm kimi rejimlər öyrədib. Haram dadmış Avropa heydərizmdən daha təhlükəlidi. Indi onlar da bizə “Halal” etiketli demokratiya, ədalət yedirtməklə başımızı qatırlar – dadsız-tamsız.

İLHAM ƏLİYEVİN DİLİ

Qəniməti içəri atanlar təkcə bizə pislik elədiklərini düşünürdülər. O isə, onların sayəsində dünyanın dilini öyrəndi – ingilisin ana dilini. Əvvəldən də hisslərə aludə olmayan Qənimət içəridən çıxandan sonra bizimlə də Avropa dilində danışacaq, hakimiyyətlə də. Hökumət başına iş açdı. Onunla ingilis dilində danışanın biri də artdı. Indi o Əliyevin dilini lap yaxşı bilir. Indi bu ölkədə təkcə Ilham Əliyev bilmir bu dili – o dili ki, təkcə ona görə onu prezidentliyə layiq sanırdılar.


BİZ HAMIMIZ QƏNİMƏTİK


Qənimətin həbsindən sonra təklifimlə bir aksiya başlatdıq. Hər bir köşə yazarının şəklinin yerində Qənimətin şəkli gedirdi. Bu o demək idi ki, onu həbs eləmək boş şeydi – biz hamımız Qənimətik. Onun yazdığını yazır, dediyini deyir, düşündüyünü düşünür, savaşdığı yolda savaşırıq. Ondan cəsarətsiz də deyilik. Lakin…
Lakin bu, onu həbs eləyənlər üçün təzə xəbər deyildi. Bunu əvvəldən də bilirdilər. Onların istədiyi Qəniməti içəridə çürütmək deyil, bizləri Qənimətsiz çürütməkdi. O bilir ki, biz də, gül balaları da onunlayıq. Ama biz onsuzuq. Onsuz olmur, qardaşım, olmur! Deməli, “dediklərincə var imiş” – doğrudan da dövlət başçısı ağıllı adammış – Qənimətsiz olmadığını bilirmiş!..

HA BUDU YAZ GƏLDİ…


Bütün Azərbaycan “Lazım”ı gözləyir, bizə Qənimət lazımdı. Minsk qrupu “Lazım”dan, Əliyev Qənimətin dostlarıyla bir olmasından qorxur. Qoca Avropa, sarını udma, Əliyevlər durduqca, “Lazım” heç vaxt gəlməyəcək, bizə lazım olan isə gələcək. Mütləq gələcək. Papağını fırlat, ha budu yaz gəldi!..
P.S. 09.11.09. Yazının bu yazılma tarixini Pifaqor sistemiylə hesablayın. Hansı rəqəm alındı?.. Gələn il hesablasınız, yenə uyğun mistik rəqəm alınacaq. Ama hesablamağa gərək qalmayacaq. Çünki Qənimət Azadlıqda olacaq! Bu bizim saydığımızdı, görək onlar nə sayacaq…

Əvvəlki məqalələr

Sonrakı məqalələr