Məlahət Ağacanqızı: Kişilər üçün gələcək “İŞ” yerləri...
Məlahət Ağacanqızı
Sovet dönəmində qızlar əsgərlik çəkməyən oğlana kişi kimi baxmırdılar. Elçilərini qapıdan qovurdular. Bərkə-boşa düşməyəndən nə kişi, deyirdilər. İndi isə şərlənib zindana düşməyənə, başına qəfildən armatur vurulmayana, döyülməyənə, təqib olunmayana... şübhə ilə baxırlar. Əcaba, yoxsa...Düzdür, əksər bığı-saqqalı olanların arxasınca dörd tərəfdən- dörd evdən dəstə ilə qaçıb “ata, dədə, papa...”deyənlər var. Nə olsun! Ona qalsa, quzular da qoçların arxasınca qaçıb “məəə” edir. Sonra da tullana-tullana, qığlarını səpələyə-səpələyə ,göy çəmənə QOÇ ataları ilə otlamağa gedirlər. Hələ EŞŞƏKlərin “kişiliyindən” danışsaq , qoçlar gərək xəcalətdən tövlədən çölə çıxmasın...
Son vaxtlar boşanmaların ,ailə münaqişələrinin, intiharların sayının artmasına səbəb azadlıqdakı əks cinslərin bolluğundandır. Nə qədər bütün günü boş-boşuna gəzib, sonra da üzgün-üzgün “iş yoxdur” eşitmək olar? Bəsdi dəə...A kişilər(kişi olduğunuza əminsizsə), götürün bir vicdanlı bloqdan, saytdan yaradın, əsl kişi işi görün , qoy nakişilərin sizə “İŞ” verməyə əsasları olsun. Adını kişi qoyan “İŞ” qovluğundan tanınar. O şərəfə nail olmaq üçün isə ağıllı, savadlı başın və qüsursuz zahiri görünüşün olmalıdır.
Gördüz, Qənimət, Eynulla, Müşfiq... durduqları yerdə neçə illiyə “İŞ” aldılar? Yəni ağzından süd iyi gələn Adnan, Emin qədər də deyilsiz, ay saqqalı ağarmışlar, qarnı piylənmişlər? Görünür ,altdan-altdan hökümətə işləyirsiz, maaşınızı xarici banklara yığırsız. O səbəbdən də dünya-aləm vecinizə deyil :tulalarınız, pişikləriniz komfort içində yaşayır. Ya da həqiqəti deməyə qorxursuz. Ona görə də “İŞ” üzünə həsrət qalmısız. İndiki zamanda əsl kişi, düz iş yerinə getdiyinə görə, düz SÖZ danışdığına görə “İŞ” alır. Yoxsa, elə belə kimdir sənə “İŞ” verən.
Ölkəmizdəki gələcək “İŞ” yerlərinin sayını öyrənmək üçün heç bir falçı, ekstrasens uzaqgörənliyinə ehtiyac yoxdur. Məmləktmizdə keçirilən məhkəmə qərarları əsasında Azərbaycanın yeni “İŞ” yerləri haqda geniş məlumat əldə etmək olar. Hal-hazırda hakimlər yeni “İŞ” adları üstündə mübahisə edirlər. Hər hakim ört –basdır etdiyi cinayətə, verdiyi “İŞ”lərə uyğun ad tapıb seçki qutusuna salmaq istəyir. Qalibə bağında istədiyi qədər qızıl basdırmağa icazə veriləcək. Yəqin ki, Faciəbaycana dönən Azərbaycanda bütün kişilər
iki ildən az olmamaq şərti ilə “İŞ” alacaqlar. Çünki, iki il ərzində xəstə MİLLƏT öləcək və bütün “İŞ”lər bağlanacaq...
20 Yanvarda, Qarabağ uğrunda savaşda say- seçmə, aslan oğullar şəhid ,əlil oldu. Vaqonların altında gizlənib qumar oynayanların, anaşa çəkənlərin altına kreslo qoyub, əllərinə möhür verdilər. Ona görə də, möhürlü ölüm kağızı üçün də para verməli oluruq. Bəs əli möhürlülər qumarda uduzduqlarını, eyş-işrət paralarını nəyin hesabına ödəsinlər?
Cılız toxumdan keyfiyyətli məhsul gözləmək axmaqlıqdır. ”Dünən qorxulu idi, bu gün dəhşətdi, sabah faciə olacaq” fəlsəfəsini beynimizə necə yeridilbsə, bu günün dəhşətlərinə “şükür!” edirik. Dünəndən ,sabahdan qorxa-qorxa BU GÜNün dəhşətlərinə göz yumuruq. Xəstənin xəstəlikdən nə qorxusu ola bilər? Bizə viruslardan qorunmaq üçün ağız-burun maskası kömək edə bilməz. Quru canımızı qorumaq üçün BİZlərə bütün bədənimizi qoruya bilən dəmir forma lazımdır. Təxminən kosmonavt kombezyonları kimi .Axı, biz çəkisiz bir şəraitdə - adamı uçurdan, dağa-daşa çırpan faciələr içində yaşayırıq. Belə iyrənc, quduzlaşan, “bandit”... mühitdən qorunmağın başqa yolu yoxdur.
Günün alqış və qarğışı:” Səni görüm ağlına, savadına görə “İŞ” alasan”.
Əvvəlki məqalə: “NARAZI ÖLÜLƏR” PYESİNƏ ŞƏRH
Sonrakı məqalə: Məlahət Ağacanqızı: AZAD VƏTƏN- “ SƏN gəlməz oldun...”
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4640
