Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Pərviz Cəbrayıl: QƏNİMƏT ZAHİDİN YOLU...

Mirzə Xəzər 10 Noy 2009

1 comment

Perviz


QƏNİMƏT ZAHİD: MƏN ÖZ HƏBSİMƏ FƏRDİ FACİƏ
KİMİ BAXMIRAM...

Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə!

Biz məhbəsdə yatanlarımız üçün vaysınan deyilik. Məhbəs də yolun bir hissəsidir! Ölüm də, zülm də… Yanmamız – yolumuz sarıdandı. Yanmamız – məhbəsdə olana yox, məhbəsdəki yoldaşdan, sirdaşdan olanlaradı – yəni özümüzdən yanadı. Bu yolda kimlərinsə “içəri” salınmağı onu yox, onun yoldaşlarını cəzalandırmaq, qolunu-qanadını qırmaq, uçuşdan saxlamaq üçündü. Qənimətin əskilərdəki kimi yanımızda olmamağı bizi Qənimətdən çox ağrıdır. Onun savaşını dostları aparır (bəzən ələnə-ələnə olsa da), o isə bu savaşda dostlarla ürək-ürəyə dayansa da, əl-ələ tutub addımlamır. Ağırlıq güllə qulağının dibindən keçənlərə düşür. Güllənin tutduğu adamları şəhid, yayındığı adamları ekstremist elan eləyirlər. Məhbəsə düşənlərə kəsilən iş, düşməyənlərin ömründən kəsilən illərdi. Ömrümüzdən kəsilən iki qos-qoca il tamam oldu!

RUH YEYƏNLƏR


Həbsi təkcə hakimiyyətin riyakarlığını, şər-şəbədə mahiyyətini, qisasçlığını, küsəyən məhlə uşağı təbiəti ilə idarə olunmasını, insan faktorundan yalnız alver məqsədilə yararlandığını ortaya qoymur, onun nə qədər işgəncəyə, sadizmə tutqulu olduğunu göstərir. Onlar öncə məhbəsə aparacaqlarının bayır həyatını dərindən izləyir, bağlılıqlarını, sevgilərini, mənəvi marşrutlarını dəqiq bəlirləyir, adamı içəri soxmaqla hansı nisbətdə doğmalarının ürəyinə xəncər saplayacaqlarını götür-qoy eləyir, siyahıya alırlar. Bu, xalis işgəncə aparatıdı. Gestapoda, “bandotdel”də cürbəcür alətlərlə verilən işgəncələr bunun yanında toya getməlidi. Bunlar insan ruhunu yeyənlərdi. Bu cür vandallığın analoquyla, bəlkə də az oxuduğumdan, tarixdə qarşılaşmamışam.

ÇAYXANA QARDAŞLIĞI


Onlar udum-udum izləmişdilər:
Saat 11-də Qənimət nəşriyyata daxil olur. Redaksiyaya baş çəkməmiş birbaşa Malikin çayxanasına, şənbə günü olsa – birinci qatdakı çayxanaya gəlir. Sücəddin, ya həmin gün bir başqamız daha tez gəlibsə, yeni qəzetləri götürüb çayxanada gözləyir. Yavaş-yavaş uşaqlar toplaşır. Hətta Xəyalı da həmin çağlarda çayxanada görmək qismət olan bir şey idi. Bir azdan o yan-bu yana qaçmaqdan təntiyən Azər, fikrini uzun-uzadı izah eləməyə çalışan Alı masanın başında görünür, çay eşqilə alışan qara həbəşi dodaqlarıyla Vidoş özünü redaktoruna yetişdirəndə gec olsa da, Qənimət onun xətrinə daha bir çay ismarlayır. Masada yer çatışmır. Illah da bir bükülüm qəzeti buradaca oxumaq, qeydlər aparmaq, o birinə ötürmək, səhifələmək… Adamın bu darlıqdan az qala nəfəsi kəsilir. Külqabı dolur, boşalır. “Malik, başuva dönüm, bir namuslu külqabı ver…” Vidoş danışdıqca danışır, çayı yenə də biz içirik, Qənimətin səbri kəsilir, əlini ağrıyan belinə qoyub qalxır və: “həzərat, Quantanomaya!” – uçuq-sökük redaksiyamızı belə adlandırırdı. (Iş vaxtı bitəndən sonra isə Baş redaktorumuz Elşənin sürücüsü olurdu.) Qənimətdən sonra “Azadlıq” artıq ayrı-ayrı vaxtlarda bir masa başında deyil, iki-iki, üç-üç, çayxanaya toplaşır.

HEYDƏRİZM-GÜNDƏLİK TƏLƏBAT MALI


Avropa belə şeyləri anlamaz. Onları düşündürən qanunlar, mexaniki azadlıqlardı. Onların pozulması avropalını heyrətləndirir. Ona bir müxalifət partiyasının liderinə hökumətin, dövlətin başında oturan adamın şəxsi iradəsiylə ümumvətəndaşlıq pasportunun verilməməsi dəhşət gəlir. Bunu heç cür anlaya bilmir avropalı. Ki, pasportu verməməkdə məqsəd onu xarici səfərlərdən saxlamaq deyil, sadəcə əlini-əlinə sürtə-sürtə həzz almaqdı. Öz gücündən, hakimiyyətindən ehtizaza gəlməkdi.


Bizimçünsə qanun pozuntusu hava və su kimidi, gündəlik zəruri tələbat malıdı. Möcüzə nəticəsində nəyinsə qanun üzrə getdiyini görməyimiz Qar adamını görmək mislindədi. Onunçündü ki, biz hər şeyi hisslərimizlə idarə eləyirik. Elə hakimiyyətimiz də!

Qənimətin həbsində də bizi ağrıdan onun necə iyrənc yolla şərlənməyi deyil – burda nə var ki! Heydərizm bundan artığını bilirmi? Ya səni evin alaqapısından girəndə öldürəcəklər, ya hansısa gözdəniraq göl qırağında it gününə qoyub çuvala salacaq, sahibsiz itlərin qismətinə buraxacaq, ya da kimlikləri hakimiyyətlə dəhşətli dərəcədə üst-üstə düşən, bir-birini tamamlayan sevgiladələr, vüsallarla iyrənc oyuna ürcah eləyib həbsə atacaqlar. Bunlar bizi əsla heyrətləndirməz. Ağrıtmaz. Biz də öyrəncəliyik. Bizi ağrıdan özgə şeylər var. Onu avropalı qanmasa da, sapı özümüzdən olan yapist texnoloqlar yaxşı anlayır.

MANİYALI HƏZZ


Onlar Qənimətin daş kimi olduğunu bilirlər. Yenə deyirəm, məqsəd onu cəmiyyətdən, savaşdan təcrid eləmək deyil, cəmiyyəti ondan təcrid eləməkdi. Ilham Əliyevə həzz verən Qənimətin dörd il məhbəsdə oturacağı deyil, dörd il övladlarının, xanımının, dostlarının, iş və savaş yoldaşlarının, yazı masasının onsuz qalmasıdı. Səlim kişinin dünyadan köçməsi bu həzzi birə min artırdı – Qəniməti hüznlü azadlığa buraxıb, yenidən içəri qaytardılar. Bu cür maniyalı həzz növü avropalıya zərrəcə tanış deyil.


“HALAL”ETİKETLİ DEMOKRATİYA


Mən Qənimətin təkidiylə qəzetə qayıdandan sonra ilk dəfə nahara düşdük. Gec olduğundan isti xörək qalmamışdı, kolbasadan-sosisdən götürəsi olduq. “”Halal”ından olsun”,- bufetçi Nizamiyə dedi. Mən də “Halal” yeməli oldum. O qədər dadsız-duzsuzdu ki! “Bax, buna görədi də bu ölkədə heç kim halal yemək istəmir,- mən dedim,- çünki halalın dadı yoxdu”. Hamı harama qaçır. Haram qatılmış dadsız halaldansa, dadlı haram xoş gəlir. Bəlkə də harama öyrənmişik deyə, halal belə dadsızdı? Yox, sadəcə bu cür rejimlərdə “halal” deyə bir şeyin olması mümkün deyil. O sosislər də, üstündəki “halal” yazısıyla birgə haram idi. Bu da avropalıya yaddı – halal-haram. Haram – haram haqda təsəvvürlərin formalaşdığı yerdə ola bilər. Onlara da dünyada haram deyilən bir şeyin mövcud olduğunu, onu yeməyi heydərizm kimi rejimlər öyrədib. Haram dadmış Avropa heydərizmdən daha təhlükəlidi. Indi onlar da bizə “Halal” etiketli demokratiya, ədalət yedirtməklə başımızı qatırlar – dadsız-tamsız.

İLHAM ƏLİYEVİN DİLİ

Qəniməti içəri atanlar təkcə bizə pislik elədiklərini düşünürdülər. O isə, onların sayəsində dünyanın dilini öyrəndi – ingilisin ana dilini. Əvvəldən də hisslərə aludə olmayan Qənimət içəridən çıxandan sonra bizimlə də Avropa dilində danışacaq, hakimiyyətlə də. Hökumət başına iş açdı. Onunla ingilis dilində danışanın biri də artdı. Indi o Əliyevin dilini lap yaxşı bilir. Indi bu ölkədə təkcə Ilham Əliyev bilmir bu dili – o dili ki, təkcə ona görə onu prezidentliyə layiq sanırdılar.


BİZ HAMIMIZ QƏNİMƏTİK


Qənimətin həbsindən sonra təklifimlə bir aksiya başlatdıq. Hər bir köşə yazarının şəklinin yerində Qənimətin şəkli gedirdi. Bu o demək idi ki, onu həbs eləmək boş şeydi – biz hamımız Qənimətik. Onun yazdığını yazır, dediyini deyir, düşündüyünü düşünür, savaşdığı yolda savaşırıq. Ondan cəsarətsiz də deyilik. Lakin…
Lakin bu, onu həbs eləyənlər üçün təzə xəbər deyildi. Bunu əvvəldən də bilirdilər. Onların istədiyi Qəniməti içəridə çürütmək deyil, bizləri Qənimətsiz çürütməkdi. O bilir ki, biz də, gül balaları da onunlayıq. Ama biz onsuzuq. Onsuz olmur, qardaşım, olmur! Deməli, “dediklərincə var imiş” – doğrudan da dövlət başçısı ağıllı adammış – Qənimətsiz olmadığını bilirmiş!..

HA BUDU YAZ GƏLDİ…


Bütün Azərbaycan “Lazım”ı gözləyir, bizə Qənimət lazımdı. Minsk qrupu “Lazım”dan, Əliyev Qənimətin dostlarıyla bir olmasından qorxur. Qoca Avropa, sarını udma, Əliyevlər durduqca, “Lazım” heç vaxt gəlməyəcək, bizə lazım olan isə gələcək. Mütləq gələcək. Papağını fırlat, ha budu yaz gəldi!..
P.S. 09.11.09. Yazının bu yazılma tarixini Pifaqor sistemiylə hesablayın. Hansı rəqəm alındı?.. Gələn il hesablasınız, yenə uyğun mistik rəqəm alınacaq. Ama hesablamağa gərək qalmayacaq. Çünki Qənimət Azadlıqda olacaq! Bu bizim saydığımızdı, görək onlar nə sayacaq…

Əvvəlki məqalə: GƏNCLƏRƏ İŞ VERDİLƏR

Sonrakı məqalə: “NARAZI ÖLÜLƏR” PYESİNƏ ŞƏRH

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4636

Şərhlər

(Cavab formasına keç)

  1. Məlahət 919 gün bundan əvvəl dedi

    Pərviz bəy,BİZ hamımız Qənimət ola bilsəydik nə dərdimiz vardı?!Haqsız yerə zindana düşmək və soyuq ZİNDANı sevmək hər kişinin işi deyil. İndi çoxu dünya səyahətinə çıxmaq,tez-tez qırmızı lentlər kəsmək ,bahalı kostyumlar geyinmək ,süfrəsinin sür-sümüyünü camaatın qabağına tullamaq və MANİYALI həzz almaq üçün İlham olmaq istəyir…

Fikrinizi bildirin