Turxan Qarışqa: QRANTAMYOT AXTARIŞI
Qəzetlərə bir balaca yaxın olan adamlar – oxucular – bilirlər ki, qəzetlərdə maddi durum çox ağırdır. Söhbət bütün qəzetlərdən getmir, gedə də bilməz. Hamı bilir ki, bəzi qəzetlər nəzir-niyazla dolanır, bəziləri ruslar demiş, “papa şotu”na. Satışdan da azca pul qazanan qəzetlər var. Nə isə uzatmayaq. Tağı Əhmədov demiş: “Burcutmayaq!”
Hər zaman qəzetlərin maddi durum məsələsi gündəmə gələndə çox qəzet redaktoru ağzını göyə açıb, hökumətdən pul gözləyir. Hökumətdən qəzetlərə para ayrılan müddətdə yeni-yeni qəzet redaktorları, jurnalistlərin peyda olması adama xüsusi zövq verir. “Dağ Çiçəyi” qəzetindən tutmuş “Qayka” qəzetinə qədər adlarını heç bir zaman eşitmədiyimiz əndirəbadi qəzetlərin redaktorları da civ-civ salıb, pul istəyirlər. Yazıq Əflatun Amaşov ha and-aman eyləyir ki, ə bir sıraya düzülün, özünüzü adam kimi aparın, hamınıza pul çatacaq.
Amma kimə deyirsən? Hökumət maddi yardım edən ərəfədə aləm dəyir bir-birinə. Redaktor jurnalistini tanımır, jurnalist də diktofonunu. Hamı balaca uşaq kimi konfet gözləyir. Hökumət də konfeti kimə istəyir verir. Bu yerdə ağlamayana pəpə yoxdur anlamı, ağlamayana konfet yoxdur anlamıyla əvəz edilir.
Qardaş ölkə olan Fransa hökuməti isə (özüm qəsdən belə yazıram ki, həmsədr Bernard Fasyeni öz tərəfimizə çəkim) fransız mediasına başqa cür yardım edir. Hökumət mətbuata yardım proqramı çərçivəsində, tələbə və təqaüdçülərə bir il müddətində pulsuz olaraq istədikləri qəzetə abunə yazılmaq şansı yaradır. Hər kəs istədiyi qəzetə pulsuz abunə yazılır. Belə bir şəraitdə rəqabət mühiti də yaranır, qəzetlər də satılır…
Bir də gördün bizim hökumət də “fransuzskiy” yardım etdi. Qatıqsatanlara yardım məqsədiylə istədikləri qəzetdə bir illik abunə yazılma şansı verdi. Axı qatıq balonunun ağzını bağlamaq üçün qəzetdən istifadə edilir. Nə bilim meyvə-tərəvəzi də yeşik-meşikə yığanda altına qəzet salırlar. Kənd təsərrüfatının fantastik inkişaf ediyi vaxtda belə bir təklif göydəndüşmədir. Təndir çörəyi satanların da qəzetdən istifadə etməyini düşünsək lap qiyamət olar. Hələ fəhlələrin iş zamanı başlarına qoyduqları üçbucaqlı qəzet papağından danışmıram.
Gül iyi gələn Fransanı bir tərəfə qoyub, qayıdaq mazut iyi verən Məmləkətmimizə… Gül dedim, yadıma Natiq Güləhmədoğlu düşdü. “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu səhər yuxudan ayılanda görüb ki, qollarında ərəbcə nəsə yazı yazılıb. Güloğlan hadisəylə bağlı ərəb dilini bilən molla, axund yanına gedib, onlar da deyiblər ki, bala sənin işin qəzetin direktoruna qalıb. Natiqin qollarına “Azər, maaşı ver” sözləri yazılıbmış. Bunu eşidən Natiq yerindəcə tək səbir gətirib, asqırıb. Asqıraq tozunda molla əmi
“Maaş” sözlərini yenidən oxuyub.
Bu qeyri-adi hadisə də özü-özlüyündə jurnalistlərin vəziyyətinin yaxşı olmadığını sübut edir. Həqiqətən də vəzyyət yaxşı deyil… 1-2 gündür Ədliyyə Nazirliyi RATI-də “şmon”a başlayıb. Eşidiblər ki, ofisdə qrantamyot var. Qrant və qrantamyotu müəyyən edə bilməyən nazirlik əməkdaşları “Bomba rabatay” deyib, doluşublar RATI-yə… Di gəl, baş çıxar bu məsələdən.
Vəziyyətin ağır olduğu vaxtda siz də Əziz Nesinin məşhur “Biz evə qəzet almırıq…” hekayəsindəki kimi etməyin. Evə qəzet alın. Əgər hər gün mədəniz üçün çörək alırsınızsa, beyniniz üçün də kitab, qəzet alın!
“Azadlıq” qəzeti
Əvvəlki məqalə: Salam Mirzə müəllim!
Sonrakı məqalə: Siz ne vaxtdan muselman olubsuz ki,islamiyyet sizi inksafdan da saxliya ?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4633
