Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

NATO STANDARTLI İNƏKLƏR

Mirzə Xəzər 03 Noy 2009

no comments

zamin

Zamin Hacı

YAXUD FRANSIZLAR ŞAMİL QURBANOVA RƏHMƏT OXUMALIDIR

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov rəsmi qəzetə intervüsündə deyib ki, ölkəmiz NATO standartına uyğun tapançalar qayırıbdır. Hətta bu tapançalara məzəli adlar da qoyulubdur: “İnam”, “Zəfər” və “Zəfər-K”. Doğrusu tapança ilə zəfər qazanmağa inam hardan yaranıb, məlum deyil. Bu adamlar hələ də başa düşmür ki, tapança dağlıq ərazidə, irimiqyaslı əməliyyatlar aparmaqla torpaq azad eləməyin silahı deyil. Tapança ilə kabinetdə-zadda döyüşmək olar. Bir də uzağı tülkü kimi blokda gizlənib jurnalist öldürmək olar tapança ilə. Bəlkə də elə Yavər əkə tapançanın birinə “Zəfər” adı qoyandan sonra ikincisinə “Zəfər-K” adını bu üzdən qoyubdur, mənası budur ki, zəfər çox köpəyoğlu şeydir.


Hələ Yavər yoldaşın açıqlamasında Cənubu Afrika Respublikası ilə birgə istehsal edəcəyimiz zirehli transportyorun ismi-şərifi lap yerinə düşür. Sizcə nə olsa yaxşıdır? “Maroder”! Yəqin bu sözün mənasını bilirsiniz. Savaş vaxtı ölünü-dirini soyan, qarətlə məşğul olan adama “maroder” deyilir. Qısa söyləsək talançı. Nə oldu, dünyanın gözünü çıxardıb zirehli transportyorun da özünüzə tayını tapdınız, yoldaş yapokratlar? Qan çəkir, neyləsinlər.


Bu yaxında hansısa qəzetdə oxumuşdum, sən demə Yavər Camalov Salyan rayonunda fermer təsərrüfatı yaradıbdır, adı da yanılmıramsa “Camalxan” idi. Görünür bizim müdafiə sənayemiz üçün fermer təsərrüfatı ilə tapança eyni dərəcədə vacibdir. Fermada zirehli camışlar, optik nişangahlı danalar, partlayıcı qoyunlar istehsal olunacaq. Deyəsən 41 min dollarlıq sirrli eşşəkləri də elə bu gətizdiribmiş. Hələ dünyanın heç bir yerində müdafiə sənayesi ilə kənd təsərrüfatı bu cürə ülvi bağlarla bir-birinə geydirilməmişdir.


Etibarlılıq ayrı şeydir. “Bloomberq” agentliyi təzəlikcə “dünyanın ən etibarlı maliyyə mərkəzi haradır” sualıyla sorğu keçirmişdi, Nyu-York şəhəri birinci yeri tutmuşdu. Halbuki bunun gop olduğunu Elman bəy dəqiq bilir. Elman Rüstəmovu deyirəm - Mərkəzi Bankımızın sədrini. Ən etibarlı maliyyə mərkəzi bizim analoqu olmayan Bakımız, özəlliklə də Mərkəzi Bankdır. Yoxsa harda görünüb ki, bir bankdan bir vaqon pul oğurlana, 4-5 arvadı tutub zindana qoyasan, iqtisadiyyatın isə qılı da tərpənməyə. Hamısı yüksək etibarlılıq əlamətidir. (Dəli şeytan deyir ki, bizim maliyyə sisteminin başında heç tərpənəsi tük yoxdur, ancaq mən hər dəli-dülünün sözünü qəzetə yaza bilmərəm).

Ancaq bəzi soydaşlarımız vardır ki, xaricdə üzümüzü qara eləyirlər, adımızı batırırlar. Məsələn, Ukraynada prezident seçkisi olacaq, orada bir azərbaycanlı - Zaur Abbasov adında - namizədliyini vermişdi. Təbii ki, onu heç qeydə almadılar, çünki adam gəlirləri haqda bəyannaməni, namizədliyini qeydə aldırmaq üçün pul girovu sənədini, seçki platformasını, yaşayış yerindən arayışı və hətta öz tərcümeyi-halını da Ukrayna Mərkəzi Seçki Komissiyasına təqdim etməyibmiş! Üstəlik, MSK sədrinin adını da ərizədə yanlış yazıbmış. Bu boyda lağlağı olarmı? İndi xoxollar bizim haqqımızda “qeyri-ciddi adamlardır” düşünsələr haqlı olmazlarmı? Görünür Zaur bəyin ağlı Azərbaycana gedibmiş. Axı bizdə heç bir seçici qarşısında çıxış etməyən adam axırda prezident oldu.


Axırda bir qeydimi yazım, söhbət bitsin. Fransada keçmiş prezident Jak Şiraka qarşı cinayət işi açıblar. Onu prezidentlik vaxtı korrupsiyaya yol verməkdə suçlayırlar, sübut olunsa 10 il qazamatda yata bilər. Bəli, rəhmətlik deputat Şamil Qurbanov bir vaxt “Jak Şirak qudurub” deyə təkid edəndə bizdə bəziləri ağzını büzürdü. Buyur, kişi nəsə bilirmiş..

.

“Yeni Müsavat” qəzeti


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: AKADEMİK ÜZƏRLİK ƏKƏNDƏ...

Sonrakı məqalə: Salam Mirzə müəllim!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4631

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin