Məlahət Ağacanqızı: UÇURUMDA SEVGİ...(şeirlər)
GÖZ YAŞLARI BOL OLAN YERDƏ
ŞİRİN SULAR TAPILMAZ...
BİR GÜN GÖRMƏDİM…
Sənli anlarım,
Dəqiqələrim,
Saatlarım
Ömrüm içində
24 saat ola bilsəydi
məzarım üstünə deyərdim yazın:
“Ömründə BİR GÜN görüb”
QƏZAM...
Bütün ürəklərdə
yer
iki nəfərlik...
Üçüncü gələndə
qəza baş verir...
CANIM ,ürəyim-
qəzam xoş gəldin...
Ürəyim, canım-
qəzan mübarək...
VƏRDİŞ EDİRƏM...
Səni görmək üçün
Canım canımdan çıxır...
İstəsəm elə indi gələrəm-
Ölərəm
Dirilərəm...
Sevərəm
Sevilərəm...
Gəlmirəm!-
Sənsiz yaşamağa
vərdiş edirəm...
***
Səni unutmaq üçün
əllərimi açıb
dua edirəm-
əllərimin içində
rəsmin görünür...
TƏNHALIQ...
Səndən və
Allahdan başqa
heç kimim yoxdur...
Amma
nə sənin yanına
gələ bilirəm,
nə Allahın yanına
gedə bilirəm...
Niyə yaşayıram,
necə yaşayıram,
heç özüm də bilmirəm...
SONUNCU...
Tənha qalanda
darıxanda
qorxanda
məğlub olmamaq üçün
başıma çaxmaq istədiyim
SONUNCU gülləmsən...
SƏNi-
sonuncu gülləmi
gicgahıma tuşladım
dodaqlarıma sıxdım
ağzımdan qan yerinə
çiçək töküldü...
ƏRDOĞAN BAKIDA TÜRKİYƏ BAYRAQLARININ ENDİRİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRDİ
Rəcəb Teyyub Ərdoğan
Bu gün Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Böyük Millət Məclisində çıxış edərək Azərbaycanla münasibətlərdən söz açıb.
“Media forum” saytı xəbər verir ki, Ərdoğan oktyabrın 14-də azərbaycanlı deputatlardan ibarət heyəti qəbul etdiyini və Ermənistanla imzalanan protokolları dəyərləndirdiklərini söyləyib: “Hökumətim və şəxsim olaraq Azərbaycandakı çıxışımın arxasındayıq. Azərbaycanla bağlı mənfi bir addım atmağımızdan söhbət belə gedə bilməz. Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq üçün dedi-qodularla, iftiralarla ictimaiyyətin yönləndirildiyini müşahidə edirik. Nifaq cəhdlərinə imkan verməyək. Bu dedi-qodulara kimsə qulaq asmasın”.
Baş nazir daha sonra deyib: “Biz Azərbaycan bayrağını Türkiyə bayrağı kimi, Azərbaycan torpaqlarını Türkiyə torpağı kimi əziz və müqəddəs bilmişik və yenə elə biləcəyik. Bu sözlərim daha çox Azərbaycan xalqına ünvanlanıb. Bakıda yatan şəhidlərimiz bunun canlı şahidləridir. Azərbaycanın mənafelərini Türkiyənin mənafelərindən geridə tutmadıq, tutmarıq. Onların sevinci bizim sevincimizdir. Kimsə Türkiyənin xoş niyyətli davranışını başqa yerə yozmasın”.
Ərdoğan son zamanlarda fitnə mərkəzlərinin bu məsələ üzərində çox yaxşı işlədiklərini deyib: “Davamlı olaraq Azərbaycanla da paylaşaraq prosesi təhrik edirlər. Türkiyə-Ermənistan milli matçında FİFA-nın aldığı qərarı icra etməyə çalışan yoldaşlarımızı da, milli matçı pozmağa çalışan insanları da xalqımız yaxşı tanıdı. Bundan sonra superliqada oynanan matçda asılan Azərbaycan bayrağını göstərərək “Bursada beləydi, İstanbulda belədir” deyən zavallılar da var. Bu, həssas dönəmdə təhrikçilikdən başqa bir şey deyil.
Məlum siyasi partiya toplantılarında bu məsələdən yararlanmaqla nə istədikləri bəllidir. Özlərinin 3 il yarımlıq koalisiya ortağı olduqları dönəmdə nə etdikləri məlumdur. Hər şey onların əsərləri ilə ortadadır. Xalqımızın bunu qəbul etməyəcəyini bilirik. Amma Azərbaycan xalqının da bu oyuna imkan verməməsi lazımdır”.
Ərdoğan sonda bir daha bayraq məsələsinə qayıdaraq deyib: “Bizi yaralayan şey Azərbaycanda şəhidlikdən Türkiyə bayrağının endirilməsidir. Bu bayrağın götürülməsinin hansı məna daşıdığını Azərbaycan da bilməkdədir”.
«Media forum»
Məlahət Ağacanqızı: “NU, POQODİ !” BOZQURD...
Məlahət Ağacanqızı
Ruslar məşhur “Nu,poqodi!” cizgi filmini çəkəndə yəqin ki, Bozqurdu məsxərəyə qoyublar. Balaca bir dovşan böyük bir qurdu hansı gülünc vəziyyətlərə salmır? Guya, qurd istəsə balaca bir dovşanı “hop” edib yeyə biməzmiş. Bu gün TÜRKün qürur duyduğu Bozqurd “Nu, poqodi!” cizgi filmindəki qurdun durumundadır. Çox acınacaqlıdır. Qorxaq dovşanlar biclikləri, fırıldaqları hesabına dünyaya ağalıq edirlər. Aslan oğulların şəhid qanına boyanan müqəddəs torpaqların , şərəfli tarixin, bitib –tükənməyən yeraltı-yerüstü sərvətlərin olsun, amma dovşanların əlində oyuncağa çevriləsən. Rusun siyasət maşını işə düşüb. Növbəti qanlı 20 yanvarların olması istisna deyil...
Azərbaycanda türk iş adamları sıxışdırılır, şirkətləri bağlanır. İllər öncə məşhur iş adamı Hüseyn Arabula ilk təzyiqlər başlayanda bugünkü utanc durumun təməli qoyulurdu. Hörmətli Hüseyn Arabul rüşvətbaz, hiyləgər boynu qalstuklu, əli möhürlü tülkülərin, dovşanların əlindən canını zorla qurtara bildi. Yolu açıq olsun. Fırıldaqla ondan alınan paraları üçün qəm yeməsin. Oturub başına gələn dəhşət hadisələr, ”Barmek-Azərbaycan Elktrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin hansı hoqqalar hesabına məsuliyyətsiz “Bakı Elektrikşəbəkə Açıq SOYMAQDAR Cəmiyyəti” olması haqqında bir kitab yazsa, “kayb” etdiyi milyonlardan qat-qat artıq qazanmış olar. Kitabın adını “Nur hırsızları” qoysa super olar. Bu xidməti ilə dahi Hüseyn Arabul millətimizə ikinci tarixi yaxşılığı etmiş olar. Hamı kitab oxumaq həvəsinə düşər. Hətta dovşanlar da...
Murad Köhnəqala köşə yazılarının birində Hüseyn Arabulu məşhur meşə həkimi Aybolitə bənzədib. Çox dəqiq bənzətmədir. Doktor Aybolit meşədə olan heyvanlara fərq qoymadan onları müalicə edir. Eşşək, tülkü, çaqqal, ayı...min hoqqadan çıxıb xəstələnirlər, sonra da gəlib doktor Aybolitin yanında zarıldayırdılar. Aybolit kimi həkimlərdi eşşəkləri qudurdan, ayıları nərildədən. Qanmazlara nə müalicə. Doktor Hüseyn Arabul da qaranlıqda azan, evinə yolu tapa bilməyən abonentləri işıqla müalicə etmək istədi,
eşşəklər, tülkülər, çaqqallar, ayılar ona xaincəsinə hücum etdilər. Üz-gözünü cırmaqladılar, müxtəlif qorxulu səslər çıxartdılar. Əsl sovet siyasəti. Arabul hörümçək torlardan –naqillərdən, sınıq-salxaq dirəklərdən qaranlığa qərq olan məmləkəti təmizləyib abıra saldı. İşıqları yandıran kimi, təşəkkür əvəzinə qollarına qandal vuruldu.
Ah,Arabul abi, Siz Azərbaycana əlidolu gəlib,Türkiyəyə əliboş getdiz. Sizin yerinizdə oturanlar isə əliboş gəlib əlidolu getmək üçün nələr etmirlər...
Abi, nə olar arada canlı yayımda azeri abonentlərinizdən hal-əhval tutun, dəyərli tövsiyələrinizi verin. Bakı Elektrikşəbəkəyə ayaq döyən abonentlərin şikayətləri ilə tanış olsanız hönkür-hönkür ağlayarsız. Qıymıram. Burda Sizi elə incitdilər ki, yəqin hələ də göz yaşlarınız qurmayıb. Türk iş adamı kimi siyasi oyunların ilk qurban Siz olduz.
Məlumat üçün deyim ki, bir-iki gün əvvəl bizim binanın blokuna yeni sayğaclar qoyulub. Evdə adam olmadığına görə kimsə təzə sayğaca “mübarəkdir” deməyib. Sayğacqoyanlar da hirslənib 240 manat cərimə yazıb qapıya yapışdırıblar. Bir-iki gün sonra isə köhnə sayğacı aparmaq üçün siqnal verə-verə gəldilər. Hörmətli Hüseyn Arabuldan yadigar qalan qaragözlü sayğacın başına qırmızı lent vurub onu laboratoriyaya göz yaşı içində yola saldım. Sayğacı aparan maşın limuzin olmasa da(limuzin tamam dəbdən düşüb, hətta zir-zibil daşımağa da yaramır) amma maqnitofonda toylar kralı elə hey “ay qız toyun mübarək...” oxuyurdu. Yengə- nəzarətçi, güzgünü - protokolu əlində dimdik saxlamışdı. Nəhayət, mənə xəbər gəldi ki, sayğac üzüqara çıxmayıb, bütün testlərdən uğurla keçib. Amma Bakı Elektrikşəbəkədə oturan yoldaşlar cəriməni silmirlər. Hələ üç ay fikirləşməlidirlər. Qərara almışam əgər cəriməni ləğv etməsələr, Bakı Elektrikşəbəkənin işığından imtina edəcəyəm. Qaranlıq otağın divarına əziz Hüseyn Arabulun üzü nurla dolu portretini vuracağam. Qapıdan isə Azərbaycan və Türkiyənin bayrağını asacağam. Hiyləgər tülkülərə, qorxaq dovşanlara ÜSYAN portretlərdən, bayraqlardan başlayır...


