Məlahət Ağacanqızı: AKADEMİK ÜZƏRLİK ƏKƏNDƏ...
Məlahət Ağacanqızı
Bu yaxınlarda akademik Nizami Süleymanovun” Yeni Müsavat” qəzetində müsahibəsini oxuyub, gözlərimdən mənfi enerji çəkilənə qədər güldüm. Elm yolunda saç ağardan akademikimiz apardığı elmi təcrübələrdən sonra qərara alıb ki, bir çətinliyə düşəndə üzərlik yandırmaq lazımdır. Amma pis gözə tüpürmək, gözə gəlməmək üçün yanını qaşımaq haqqında hələlik heç nə deməyib. Akademik, gözündə mənfi enerji daşıyan adamları evə qonaq çağırmamağı, maşınla olanda salona dəvət etməməyi, xülasə, imkan olarsa onları məmləkətdən qovmağı məsləhət görür. Onsuz da indi istəyirsən mələk ol, kimdir səni qonaq çağıran, maşınına mindirən və ya “sən allah qal, getmə...” deyən. Əksəriyyət evinin, maşının qapısına, bəziləri isə üz-gözünə də“Yaxın gəlmə,mən də acam” yazıb yapışdırıb...
Hikmət Hacızadənin “ölkə dəlixanadır ...” sözlərində böyük həqiqət var. Bir vaxtlar prezident olmaq istəyən Nizami Süleymanov nə əcəb o vaxtlar seçki məntəqələrində üzərlik yandırıb prezident olmadı? Heç olmasa seçicilərini xəbərdar edəydi. Hər seçici əlində bir dəstə üzərliklə seçki məntəqələrinə gedib, üzərlik yandırıb, tüstü içində səs verərdi. Bəlkə də indi akademikimiz ömürlük prezident seçilmişdi. Kimin nə həddi olardı ki, akademik prezidentin savadına şübhə etsin. Yəqin ki, Azərbaycan
üzərlik plantasiyaları sayəsində inkişaf etmiş dövlətlərin başında dayanmışdı. İşsizliyə, savadsızlığa son qoyulmuşdu. Uşaqlar noğul-nabat yeyirdilər...
İngilis, rus dilində təmiz danışmağı bacaran prezidentimizin NEFT ölkəsini reklam etməsindən bir xeyir görmədik, barı, el-aləmi kəşfləri ilə mat qoyan akademik prezidentin ÜZƏRLİK ölkəsində gün görərdik. Milli akademikin sayəsində, millətin yolu Akademik Milli Dram Teatrına doğru istiqamət alardı. “Dəli yığıncağı”, ”Ölülər” tamaşalarına əllərimizdə üzərlik dəstələri ilə gedərdik. Tamaşa bitəndə, üzərlik dəstələrini səhnədə yandırardıq ki, M.F. Axundovun, Cəfər Cabbarlının, Hüseyn
Cavidin də ölməz əsərləri yada düşsün...
İkinci gülməli xəbər isə ekspertlərin “biz müharibəyə hazırıq...”açıqlamaları idi. Mən başa düşə bilmirəm “güclü ordumuz var...” deyən ekspertlər məgər başqa planetdə yaşayırlar? Yəni, onların ordudakı vəziyyətdən həqiqətən xəbərləri yoxdur. Yoxsa onlar da fantastikanı, yumoru sevən ekspertlərdir? Bəlkə, ermənilərə “xox” gəlirlər. Hətta ölkədən kənarda yaşayanların ordumuzdakı acınacaqlı vəziyyətdən xəbərləri var. Çoxu elə ona görə ailəsini götürüb Vətəndən getmək istəyir. Təhqir olunan, alt paltarından
tutmuş ,diş şotkasına kimi valideynləri tərəfdən təmin olunan əsgərlərdən ibarət ORDU hansı savaşa hazırdır? Bəlkə ,əsgərlər döyüşəndə Səfər Əbiyev üzərlik yandırıb vertolyotla göyə qalxıb, ordunun başına çevirəcək. Və BİZ qalib gələcəyik. Akademik üzərliyə ümid olursa, biz niyə olmayaq? Sabahdan bazara gedib bir kamaz üzərlik sifariş verəcəyəm. Uşaqlar dərsə gedəndə yandıracağam. Həvəngdəstədə əzdiyim üzərliyi ciblərinə tökəcəyəm. Onlar məktəbdən gələndə, mənə üç çanta “5” gətirəcəklər.
İşdi xəstələnsələr, hərarətləri olsa, kimdir onları həkimə aparan. Tez üzərlik yandırıb evi tüstü ilə dolduracağam. Qollarının altına qoyduğum termometrdəki civə 42 - dən 36-ya düşəcək...
Akademikin canı sağ olsun! Başımızın altına şüar qoyub yata bilərik: ”Üzərlik bol olarsa, çox yatar ana!” ,“Üzərlik bol olarsa, rədd olsun dərman”, ”Üzərlik yandıranda, yox olar düşmən!”
Nostradamus da beş yüz il əvvəl xüsusi bir otaqda öncə ətirli otlar yandırıb, bayılıb, sonra gələcək haqqında cızma- qaralar edib. Çoxu elə bilir Nostradamus narkotik otların təsirindən ağlına gələni yazıb, amma yanılırlar. O, üzərlik tüstüsündən dahiləşib...
Rusiyada, dünyaya körpə gətirən azərbaycanlı anaya qızıl bağışlamışdılar. Burda isə bir həftə xəstəxanada qalan müddətdə nişan üzüyünü satmağa məcbur olan analar var...
Uşaq dünyaya gəlir xəstəxanaya paltar, pul daşıyırsan...
Uşaq məktəbə gedəndə yenə hər il bir rəngdə paltar almağa, pul daşımağa məcbursan...
Övladın əsgər gedəndən sonra yenə üç ayadan bir paltar almalısan, hər ay pul daşımalısan...Yaxşı bəs gur-gur guruldayan ata DÖVLƏT, ana QANUN harda ölüb? Yetim qalan çılpaq körpəni, məktəblini, əsgəri valideyn min zülmlə geyindirirsə ,avara DÖVLƏT hansı üzlə “Körpələr bizim gələcəyimizdir! Güclü ordumuz var! Biz savaşa hazırıq!” deyir. Bu qədər həyasız, saxtakar ATA olar?!
Son olaraq qeyd edim ki, məktəbdə, məhkəmədə, xəstəxanada, elə lap hər yerdə, haqsızlıqla üzləşən vətəndaşların gözündə müsbət enerji haradan olsun?
Belə getsə, bir azdan gözlərdəki mənfi enerji prezidentin, deputatların, nazirlərin par-par parıldayan binalarını göyə sovuracaq. Folklorumuz isə ancaq qarğışlardan ibarət olacaq. Nə qədər gec deyil, hamı qollarını çırmalayıb akademiklə bərabər üzərlik əksin...
P.S. Kaş, səkkiz milyonu vurub keçən Azərbaycan əhalisinin fotosunu çəkə bilən fotoaparatım olaydı. Əllərində üzərlik dəstəsi tutan SUSqun millətimin fotosunun üstünə “Bu millət diridir, yoxsa ölü?” yazıb akademikin kəşf etdiyi aparata salardım...
Əvvəlki məqalə: Şahvələd Çobanoğlu: HƏYƏCANLI BAL AYI
Sonrakı məqalə: NATO STANDARTLI İNƏKLƏR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4630
