Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Şahvələd Çobanoğlu: HƏYƏCANLI BAL AYI

Mirzə Xəzər 27 Okt 2009

no comments

coban

YAP-çı deputat deyir ki, 1992-ci ildə bal ayını həyəcanlı keçirən valideynlərin uşaqları imtahanda aşağı bal toplayıb. Belə getsə, hakim partiya özünün ən yaxşı müdafiəçisi, təmkinli, mədəni sözçüsü Aydın Mirzəzadəni əvəzləməli olacaq. Artıq onun da gücü, heyi çatmır.


Başa düşməyə nə var ki?! Aydın müəllim bu qədər çirkab içindən olan bir rejimi sözü ilə yuyub təmizləyə də bilməz. Nə qədər uydurasan, nə qədər yorum verəsən, nə qədər pərdələyəsən?! İnsanın ağlı çaşar. İnsan məntiqini itirər.
Srağagün radio polemikasına çıxan deputat Aydın Mirzəzadə son tələbə qəbulunda abituriyentlərin yarıdan çoxunun “iki” almasına, tələbə yerlərinin boş qalmasına və boş qalan yerləri doldurmaq üçün “iki” alanların ali məktəblərə qəbul edilməsinə normal bir izah tapa bilməyib və elə bir arqumentə əl atıb ki, tarix boyu bu arqumentdən danışacaqlar, söz salıb güləcəklər, ya da qəzəblənəcəklər.
“Bu il imtahanlarda toplanan ballar niyə çox aşağıdır” sualına başqa izah tapa bilməyən deputat deyib: “İş burasındadır ki, bu il qəbul olunanlar 1992-ci ildə doğulan uşaqlardır. 1992-ci il - müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur...”
Əvvəla, Aydın Mirzəzadə həkim deyil. İkincisi, tibb elmində belə şey yoxdur. Üçüncüsü, keçən il qəbul imtahanına qatılanların hamısı həmin il evlənənlərin uşaqları deyil. Dördüncüsü, ötən il imtahan verənlərin hamısı 1992-ci ildə anadan olanlar deyil. Beşincisi, 1991-ci illə 1992-ci ilin həyəcan baxımından heç bir fərqi olmadığı üçün “91-lər” də aşağı bal toplamalı idi.
Altıncısı, təhsil naziri Misir Mərdanov ötən ilin nəticələrinin aşağı olmasını qəbul etmir. Uzağı deyir ki, imtahan testləri çətinləşdirilib. Düzü, bilmirəm ki, test imtahanları niyə asan olmalıdır, amma hər halda nazir özü də Aydın Mirzəzadənin dediyini qəbul etmir. Nəticələrin analoqu olmayan inkişafa tam uyğun olduğunu inad edib durur.


Yeddincisini demirəm, o illərdə evlənənlərdən ayıb olar...
Amma bu söhbətdən sonra pis vəziyyətdə qalan, bellərinə “gerizəkalılıq” damğası vurulan 1992-ci il doğumlu yeniyetmələrə təsəlli verməyə söz tapmıram. Kimsə ölkəni talayır, kimlərsə milyonlar qazanır, Aydın Mirzəzadə də onların əl-üzünü yumaq üçün bu qədər gənc insana damğa vurur.
Ən pis vəziyyətdə 1941-45-ci illərdə doğulan müəllimlərdir. O cür qanlı-qadalı illərdə doğulanların “zay olmasını” düşünsək, onlar pedaqoji fəaliyyətləri ilə bütöv nəsilləri zay ediblər. Elə təhsil naziri də pis vəziyyətdə qalır, haradasa o illərdə doğulub.

Yeri gəlmişkən, bu günlərdə bir məktəbli mənə beşinci siniflər üçün informatika dərsliyində “lakin” bağlayıcısından sonra vergül işarəsi qoyulmasını göstərdi. Məktəbli deyir: “Mən bu səhvi imtahanda təkrar etsəm, kəsilə bilərəm. Onda bu kitabı əlimdə əsas tutub haqqımı müdafiə edə bilərəmmi?”
Kitabı alıb baxdım, müəlliflərdən birincisi kim olsa yaxşıdır? Misir Mərdanov. Neynəyək, nazir adamdır, ondan vergül soruşmaq olmaz. Bir də ki, Misir müəllimin kitab yazmağa vaxtımı var?! Onun işi-gücü qurtarıb ki, vergül qovlasın?! Kitabı bir az vərəqlədim, orada yazılanları heç cür anlamaq olmurdu. Ən adi biliklər elə bərbad üsulla çatdırılır ki, çaşıb qalırsan.
Görünür, adamlar yaxşı illərdə doğulmayıblar. Mənim isə vecimə deyil, Heydər Əliyevin Azərbaycanın başına gəldiyi ildə anadan olmuşam. Atam məqamı tutub.

“Yeni Müsavat” qəzeti


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MİRZƏSİZ QALAN MƏMLƏKƏT...

Sonrakı məqalə: Məlahət Ağacanqızı: AKADEMİK ÜZƏRLİK ƏKƏNDƏ...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4629

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin