Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: MİRZƏSİZ QALAN MƏMLƏKƏT...

Mirzə Xəzər 24 Okt 2009

no comments

melahet2

Məlahət Ağacanqızı:

Millət möcüzəli xəbərləri eşitmək xəstəliyinə tutulub. Müğənnilərin ürək bulandıran davalarının tozu ekranlardan çəkilməmiş, sarsaq möcüzəli xəbərlər tozanaq qaldırıb. Qəribədir, qəzetlər, telekanallar həmin xəstə toz-torpağı BAŞ xəbər kimi təqdim edirlər :uşaq doğulan kimi iməkləyib, körpənin ayaqlarına “Allah” yazılıb...Hə, nə olsun! Ona qalsa mənim də bədənimə çox şeylər yazılıb, gilas ağaclarım oktyabr ayında çiçək açıb, toyuqlarım üç sarılı yumurta edir, quzularım məni adımla çağırır, pişiyim itlə bir damda yatır...Foto və video ilə də göstərə bilərəm. Amma nə mənası. Mənim üçün möcüzə tamam başqa şeylərdi...


Təhsilin bərbad gündə olmağını bu dərəcədə bilmirdim. Yəni ,doğrudanmı ərəb əlifbası ilə oxuyan bir adam yoxdur ki, bədənə, fındığa, pomidora, ağaca... yazılanları düz oxusun? Bu qədər savadsızlıq olar! Uzun müddət qürbətdə yaşayan hörmətli Elman Mustafazadə Vətənə ayağını qoyan kimi dəstə-dəstə adamlar əllərində dəftər - qələm üstünə qaçdılar ki, bizə bir məktub yaz, dərdimizdən prezidenti agah edək. Yəqin, prezident elə şikayət məktublarının qıtlığından problemləri görə bilmir. Gör ,millət nə qədər küt olub ki,prezidentə dərdini izah etmək üçün meyvə- tərəvəz, əşya göndərmək də ağlına gəlmir. Məsələn, zonalara bölünən nar, qarpız, qanlı bayraq, qəfəsdə bülbül, bir ovuc torpaq...


Elman bəyin “Azadlıq” radiosuna verdiyi müsahibəsini internetdə oxuyanda çox utandım. Bir azdan məktublarımızı yazıb –oxumaqdan ötrü xaricdə yaşayan soydaşlarımızı MİRZƏ kimi Vətənə dəvət etmək üçün xarici səfirliklərin qarşısında aksiya keçirdəcəyik. Mirzəsiz qalan məmləktdə millətin bədəninə hər dildə “SİZ MƏHVƏ MƏHKUMSUZ” yazılar. Bəlkə də artıq yazılıb. Sadəcə, oxumağı bacaran yoxdur. Yaxşı deyəlim ki, yazılanları yanlış oxuyuruq: ”şeytan” əvəzinə “Allah”, ”nifrət” sözünü “sevgi” kimi . Bəs, buynuz, quyruq çıxardanları niyə görə bilmirik? Quyruğu, buynuzu olan məmurlar niyə öz “möcüzələrini” gizlədirlər ?Yəqin, hələ quyruqlar, buynuzlar çox balacadır, gizlətmək mümkündür. Bir azdan “möcüzələr” şalvarları, papaqları deşib ortalığa çıxanda biabırçılıq olacaq. Yəni, bu məmləkətdə dərdi, eyibi, möcüzəni quyuya pıçıldayan ,”İsgəndərin buynuzu var, buynuzu...”deyə bilən bir cəsarətli dəllək də yoxdur? Xırdalan qamışlığını yəqin ona görə tez-tələsik qurudub, yerində evlər tikdilər. Hər qamış, bir dəlləkin pıçıldadığı sirr idi, tütək olmamış yandırıldı. Yəqin, qurudulan bataqlığın üstündə tikilən evlərdə yaşayanlar hər gecə “Əlinin buynuzu var, Vəlinin quyruğu var, Mehbalının bağında 3 yox, 5 ton qızıl basdırılıb...”pıçıltılarını eşidəndə vahimə içində evlərini tərk edəcəklər...


Bir-iki gün əvvəl uşaqları yaxınlıqda olan (bütün parklar Heydər Əliyev adınadır, ona görə hər dəfə parkın qabağında ad yazmaq vaxt itirməkdir) parka gəzməyə aparmışdım. Rus balası Qena da bizimlə getmişdi. Onu da deyim ki, Qenanın saçlarının sarı, gözlərinin göy olmasına baxmayaraq azəri türkcəsi ilə bəzi qarasaçlı-qaragözlü nazirlərimizdən təmiz danışır. Balacalar hay-küylə qaçdı-tutdu, gizlən-qaç oynamağa başladılar. Mən isə fürsətdən istifadə edib kitab oxuyurdum. Bu vaxt hiss etdim ki, uşaqların səsi birdən-birə kəsildi. Başımı qaldırıb ətrafa baxdım. Uşaqlar bir az uzaqda nəyi isə dövrəyə alıb hüznlü halda dayanmışdılar. Əlləri ilə məni çağırdılar. Getdim. Hə, bax möcüzə buna deyərəm. Uşaqların heyrətlə baxdıqları bir itın məzarı idi. Qara mərmər daşdan düzəldilən məzarın üstünə “Nika. 27. VII . 1998 -03. V. 2009” yazılmışdı. Və tarixin altında ağ sümük rəsmi çəkilmişdi. Bəxtəvər tula Nikanın başına, gör necə və harda dəfn olunub! Sükutu Qena pozdu. Nikanın məzarı başında söylədiyi nitq mənim üçün növbəti möcüzə oldu: ”Biz Azərbaycandan bir-iki ilə köçəcəyik. Tezliklə Yevrosoyuzda ən bahalı ölkə Azərbaycan olacaq...”.Bir az fikrə gedib, Nikanın məzarına baxa-baxa köks ötürüb dedi: ”Nikanın moqilası, babamın moqilasından daha akuratnıdı”.


Quyruqlu, buynuzlu məmləkət buna deyərlər: QƏHRƏMANların məzarları dağıdılsın, heç yerli-dibli olmasın, tula nikaların məzarları isə parklarda məskən salsın. Bir azdan parklarda it-pişik, ilan-qurbağa heykəlləri görsəm təəccüblənmərəm.
Qenanın ailəsi haqsızlıqdan bezib başqa vilayətə, nənələrinin yanına köçür. Bəs, nənəsi ölmüşlər hara köçsün? Məzara?! Axı, o da yoxdur, dağıdılıb...


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: UÇURUMDA SEVGİ...(şeirlər)

Sonrakı məqalə: Şahvələd Çobanoğlu: HƏYƏCANLI BAL AYI

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4628

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin