Məlahət Ağacanqızı: “NU, POQODİ !” BOZQURD...
Məlahət Ağacanqızı
Ruslar məşhur “Nu,poqodi!” cizgi filmini çəkəndə yəqin ki, Bozqurdu məsxərəyə qoyublar. Balaca bir dovşan böyük bir qurdu hansı gülünc vəziyyətlərə salmır? Guya, qurd istəsə balaca bir dovşanı “hop” edib yeyə biməzmiş. Bu gün TÜRKün qürur duyduğu Bozqurd “Nu, poqodi!” cizgi filmindəki qurdun durumundadır. Çox acınacaqlıdır. Qorxaq dovşanlar biclikləri, fırıldaqları hesabına dünyaya ağalıq edirlər. Aslan oğulların şəhid qanına boyanan müqəddəs torpaqların , şərəfli tarixin, bitib –tükənməyən yeraltı-yerüstü sərvətlərin olsun, amma dovşanların əlində oyuncağa çevriləsən. Rusun siyasət maşını işə düşüb. Növbəti qanlı 20 yanvarların olması istisna deyil...
Azərbaycanda türk iş adamları sıxışdırılır, şirkətləri bağlanır. İllər öncə məşhur iş adamı Hüseyn Arabula ilk təzyiqlər başlayanda bugünkü utanc durumun təməli qoyulurdu. Hörmətli Hüseyn Arabul rüşvətbaz, hiyləgər boynu qalstuklu, əli möhürlü tülkülərin, dovşanların əlindən canını zorla qurtara bildi. Yolu açıq olsun. Fırıldaqla ondan alınan paraları üçün qəm yeməsin. Oturub başına gələn dəhşət hadisələr, ”Barmek-Azərbaycan Elktrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin hansı hoqqalar hesabına məsuliyyətsiz “Bakı Elektrikşəbəkə Açıq SOYMAQDAR Cəmiyyəti” olması haqqında bir kitab yazsa, “kayb” etdiyi milyonlardan qat-qat artıq qazanmış olar. Kitabın adını “Nur hırsızları” qoysa super olar. Bu xidməti ilə dahi Hüseyn Arabul millətimizə ikinci tarixi yaxşılığı etmiş olar. Hamı kitab oxumaq həvəsinə düşər. Hətta dovşanlar da...
Murad Köhnəqala köşə yazılarının birində Hüseyn Arabulu məşhur meşə həkimi Aybolitə bənzədib. Çox dəqiq bənzətmədir. Doktor Aybolit meşədə olan heyvanlara fərq qoymadan onları müalicə edir. Eşşək, tülkü, çaqqal, ayı...min hoqqadan çıxıb xəstələnirlər, sonra da gəlib doktor Aybolitin yanında zarıldayırdılar. Aybolit kimi həkimlərdi eşşəkləri qudurdan, ayıları nərildədən. Qanmazlara nə müalicə. Doktor Hüseyn Arabul da qaranlıqda azan, evinə yolu tapa bilməyən abonentləri işıqla müalicə etmək istədi,
eşşəklər, tülkülər, çaqqallar, ayılar ona xaincəsinə hücum etdilər. Üz-gözünü cırmaqladılar, müxtəlif qorxulu səslər çıxartdılar. Əsl sovet siyasəti. Arabul hörümçək torlardan –naqillərdən, sınıq-salxaq dirəklərdən qaranlığa qərq olan məmləkəti təmizləyib abıra saldı. İşıqları yandıran kimi, təşəkkür əvəzinə qollarına qandal vuruldu.
Ah,Arabul abi, Siz Azərbaycana əlidolu gəlib,Türkiyəyə əliboş getdiz. Sizin yerinizdə oturanlar isə əliboş gəlib əlidolu getmək üçün nələr etmirlər...
Abi, nə olar arada canlı yayımda azeri abonentlərinizdən hal-əhval tutun, dəyərli tövsiyələrinizi verin. Bakı Elektrikşəbəkəyə ayaq döyən abonentlərin şikayətləri ilə tanış olsanız hönkür-hönkür ağlayarsız. Qıymıram. Burda Sizi elə incitdilər ki, yəqin hələ də göz yaşlarınız qurmayıb. Türk iş adamı kimi siyasi oyunların ilk qurban Siz olduz.
Məlumat üçün deyim ki, bir-iki gün əvvəl bizim binanın blokuna yeni sayğaclar qoyulub. Evdə adam olmadığına görə kimsə təzə sayğaca “mübarəkdir” deməyib. Sayğacqoyanlar da hirslənib 240 manat cərimə yazıb qapıya yapışdırıblar. Bir-iki gün sonra isə köhnə sayğacı aparmaq üçün siqnal verə-verə gəldilər. Hörmətli Hüseyn Arabuldan yadigar qalan qaragözlü sayğacın başına qırmızı lent vurub onu laboratoriyaya göz yaşı içində yola saldım. Sayğacı aparan maşın limuzin olmasa da(limuzin tamam dəbdən düşüb, hətta zir-zibil daşımağa da yaramır) amma maqnitofonda toylar kralı elə hey “ay qız toyun mübarək...” oxuyurdu. Yengə- nəzarətçi, güzgünü - protokolu əlində dimdik saxlamışdı. Nəhayət, mənə xəbər gəldi ki, sayğac üzüqara çıxmayıb, bütün testlərdən uğurla keçib. Amma Bakı Elektrikşəbəkədə oturan yoldaşlar cəriməni silmirlər. Hələ üç ay fikirləşməlidirlər. Qərara almışam əgər cəriməni ləğv etməsələr, Bakı Elektrikşəbəkənin işığından imtina edəcəyəm. Qaranlıq otağın divarına əziz Hüseyn Arabulun üzü nurla dolu portretini vuracağam. Qapıdan isə Azərbaycan və Türkiyənin bayrağını asacağam. Hiyləgər tülkülərə, qorxaq dovşanlara ÜSYAN portretlərdən, bayraqlardan başlayır...
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: SOYHASOY BAŞLAYIB , ÖLMƏK OLMAZ...
Sonrakı məqalə: ƏRDOĞAN BAKIDA TÜRKİYƏ BAYRAQLARININ ENDİRİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRDİ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4625
