Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: BIĞLI-SAQQALLI MİLLİ MANİKENLƏR

Mirzə Xəzər 08 Okt 2009

no comments

melahet2

Məlahət Ağacanqızı


Azərbaycan anaları “Qızını döyməyən, dizinə döyər” deyib qızlarını döyə-döyə ,danlaya-danlaya tərbiyə verməklə fəxr edirlər. Səhərdən-axşama kimi “bax ha, qadının əri onun ətindən kəssə də, səsi çıxmasın gərək...” deyə-deyə qız övladlarına “qonşulardan ayıbdır” qorxusu ilə tərbiyə verirlər. Rəfiqəm danışır ki, ərim blokda hirsləndi, bıçağı cibindən çıxardıb boğazıma gətirəndə ,pıçıltı ilə dedim ki “ qurban olum gedək evə, burda qonşulardan ayıbdır. İndiki qızlara bir şillə dəyən kimi eyvana çıxıb ulayırlar, ya da çamadanlarını yığıb ata evinə qaçırlar. Axı, qonşulardan ayıbdır...”.Rəfiqəm elə sevgi ilə söhbət edirdi ki, ayıb olmasın, sanki əri onu blokda öpmək istəyib, o da “ qurban olum, qonşulardan ayıbdır...” deyib...


Hə, biz beləyik...Nədənsə başımızı kəsmək istəyənlərə, üstümüzə kükrəyənlərə “qurban olum, qonşulardan ayıbdır ...” deyib onların bıçaqlarını sığallayırıq, qonşuların xətrinə faciənin üzünə gülürük. Əslində isə qonşu evlərdə, qonşu ölkələrdə yaşayanlar öz keflərindədir. Las - Veqasda yaşı əllini keçən qadınlar “Miss 50 years old” - “babuşka – devoçka” müsabiqəsi keçirdib dünyadakı bütün boş -bekar kişilərin ağzını açıq qoyublar. Müsəlman ölkələrində isə balaca qızlar “devoçka –babuşka” olduqları üçün saçlarını daramaq üçün vaxt tapa bilmirlər. “grandma devoçkalar” müsəlman müsabiqələrinin, oyunlarının adların eşidəndə qıdıqları gəlir: “arvad –baz”, ”quş-baz”, ”deduşka-malçik”, ”jenşina –rabınya”...
Yaxşı, tutalım ki, qadınlar “qonşulardan ayıbdır...”,”jenşina –rabınya” tərbiyəsi ilə böyüyüblər. Ona görə də, boğazlarına keçirilən kəndiri veclərinə almayıb, bozbaşlarını bişirirlər. Bəs, kişilərə nə olub?! Axı, onlar dünyaya gələn kimi şərəflərinə muştuluq verilib, adlarına qurban kəsilib, səhərdən- axşama kimi “vur-yıx, əzilmə, haqqını tapdalayanın gözünü çıxart...” və başqa odlu- alovlu nəsihətlər verilib. Yoxsa ,onlar ancaq zərif məxluq olan qadınlara güclərini, hünərlərini sübut etməklə özlərini kişi sayırlar?! Kişilik- arvad döymək, təhqir etmək, küçədə kiməsə kəllə atmaq, təsbeh şaqqıldatmaq deyil. Kişilik- haqqın-ədalətin tərəfində olmaq, qadını- uşağı qorumaq, haqsızlığa üsyan etməkdir. Sivil qəhrəmanlıq –SUSMAMAQdır! Ağ atlı igidlərin meydanlarda hünər göstərən zamanı çox uzaqlarda qalıb nağıllaşdı. İndi ağ vərəqlər, qara klaviatura üstə həqiqəti yazmaq üçün döyüşən barmaqların sahibləri qəhrəmandır. Bədən əzələsinin möhkəmliyi, qabarması əsas deyil. Əsas SÖZ əzələsinin möhkəmliyidir...


Uca boyu, bığı-saqqalı ,yekə qarnı olan, başına papaq qoyub susan kişi deyil ki, o, Azərbaycan kişisinin MİLLİ manikenidir. Elə ona görə də hər yer pal-paltar “Ticarət mərkəzi” ilə adamın gözünə girir. İlahi, sanki dünyanın bütün geyimləri hava, quru, su yolu ilə Azərbaycana gecə-gündüz daşınır. Tələbat var ki, daşınır da... Alış-veriş mərkəzlərində vurnuxanlar aldıqları şalvardan, papaqdan, qalstukdan... şaddırlar .Yaşlı adamların elələrinə “Eşşək kimi ... şaddır” deməsi çox dəqiqdir. Biz görmüşük maniken vitrində dayanıb tozlanar, türklər demiş “manikenlər oyunculuq yapamaz”, amma bizim milli manikenlər “harda aş- orda baş” dırlar. Min cür “oyunculuq yapmaqları” da yerli- yerində. Kimin hünəri var onlara “bığın üstə düyü var, saqqallından yağ tökülür...” desin. O dəqiqə “Sssss” deyib tutub basarlar zindana. Ya da başına torba keçirdərlər ,armatur vurarlar, ağaclıqdan hücum edərlər, qarnına bıçaq tıklayarlar...

Kaş milli manikenlər bığlarını, saqqallarını qırxıb, qabarıq qarınlarını, əyri çiyinlərini düzəldə biləydilər. Yəqin ki ,beynəlxalq maniken statusuna malik olardılar. İllər boyu çəkdikləri əziyyət boşa getməzdi...


Əvvəlki məqalə: Birinci dəfə rüşvət verəndə 17 yaşım tamam olmamışdı

Sonrakı məqalə: Məlahəıt Ağacanqızı: Şəfəq saçmayan günəş heykəl

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4618

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin