Məlahət Ağacanqızı: AKADEMİK ÜZƏRLİK ƏKƏNDƏ...
Məlahət Ağacanqızı
Bu yaxınlarda akademik Nizami Süleymanovun” Yeni Müsavat” qəzetində müsahibəsini oxuyub, gözlərimdən mənfi enerji çəkilənə qədər güldüm. Elm yolunda saç ağardan akademikimiz apardığı elmi təcrübələrdən sonra qərara alıb ki, bir çətinliyə düşəndə üzərlik yandırmaq lazımdır. Amma pis gözə tüpürmək, gözə gəlməmək üçün yanını qaşımaq haqqında hələlik heç nə deməyib. Akademik, gözündə mənfi enerji daşıyan adamları evə qonaq çağırmamağı, maşınla olanda salona dəvət etməməyi, xülasə, imkan olarsa onları məmləkətdən qovmağı məsləhət görür. Onsuz da indi istəyirsən mələk ol, kimdir səni qonaq çağıran, maşınına mindirən və ya “sən allah qal, getmə...” deyən. Əksəriyyət evinin, maşının qapısına, bəziləri isə üz-gözünə də“Yaxın gəlmə,mən də acam” yazıb yapışdırıb...
Hikmət Hacızadənin “ölkə dəlixanadır ...” sözlərində böyük həqiqət var. Bir vaxtlar prezident olmaq istəyən Nizami Süleymanov nə əcəb o vaxtlar seçki məntəqələrində üzərlik yandırıb prezident olmadı? Heç olmasa seçicilərini xəbərdar edəydi. Hər seçici əlində bir dəstə üzərliklə seçki məntəqələrinə gedib, üzərlik yandırıb, tüstü içində səs verərdi. Bəlkə də indi akademikimiz ömürlük prezident seçilmişdi. Kimin nə həddi olardı ki, akademik prezidentin savadına şübhə etsin. Yəqin ki, Azərbaycan
üzərlik plantasiyaları sayəsində inkişaf etmiş dövlətlərin başında dayanmışdı. İşsizliyə, savadsızlığa son qoyulmuşdu. Uşaqlar noğul-nabat yeyirdilər...
İngilis, rus dilində təmiz danışmağı bacaran prezidentimizin NEFT ölkəsini reklam etməsindən bir xeyir görmədik, barı, el-aləmi kəşfləri ilə mat qoyan akademik prezidentin ÜZƏRLİK ölkəsində gün görərdik. Milli akademikin sayəsində, millətin yolu Akademik Milli Dram Teatrına doğru istiqamət alardı. “Dəli yığıncağı”, ”Ölülər” tamaşalarına əllərimizdə üzərlik dəstələri ilə gedərdik. Tamaşa bitəndə, üzərlik dəstələrini səhnədə yandırardıq ki, M.F. Axundovun, Cəfər Cabbarlının, Hüseyn
Cavidin də ölməz əsərləri yada düşsün...
İkinci gülməli xəbər isə ekspertlərin “biz müharibəyə hazırıq...”açıqlamaları idi. Mən başa düşə bilmirəm “güclü ordumuz var...” deyən ekspertlər məgər başqa planetdə yaşayırlar? Yəni, onların ordudakı vəziyyətdən həqiqətən xəbərləri yoxdur. Yoxsa onlar da fantastikanı, yumoru sevən ekspertlərdir? Bəlkə, ermənilərə “xox” gəlirlər. Hətta ölkədən kənarda yaşayanların ordumuzdakı acınacaqlı vəziyyətdən xəbərləri var. Çoxu elə ona görə ailəsini götürüb Vətəndən getmək istəyir. Təhqir olunan, alt paltarından
tutmuş ,diş şotkasına kimi valideynləri tərəfdən təmin olunan əsgərlərdən ibarət ORDU hansı savaşa hazırdır? Bəlkə ,əsgərlər döyüşəndə Səfər Əbiyev üzərlik yandırıb vertolyotla göyə qalxıb, ordunun başına çevirəcək. Və BİZ qalib gələcəyik. Akademik üzərliyə ümid olursa, biz niyə olmayaq? Sabahdan bazara gedib bir kamaz üzərlik sifariş verəcəyəm. Uşaqlar dərsə gedəndə yandıracağam. Həvəngdəstədə əzdiyim üzərliyi ciblərinə tökəcəyəm. Onlar məktəbdən gələndə, mənə üç çanta “5” gətirəcəklər.
İşdi xəstələnsələr, hərarətləri olsa, kimdir onları həkimə aparan. Tez üzərlik yandırıb evi tüstü ilə dolduracağam. Qollarının altına qoyduğum termometrdəki civə 42 - dən 36-ya düşəcək...
Akademikin canı sağ olsun! Başımızın altına şüar qoyub yata bilərik: ”Üzərlik bol olarsa, çox yatar ana!” ,“Üzərlik bol olarsa, rədd olsun dərman”, ”Üzərlik yandıranda, yox olar düşmən!”
Nostradamus da beş yüz il əvvəl xüsusi bir otaqda öncə ətirli otlar yandırıb, bayılıb, sonra gələcək haqqında cızma- qaralar edib. Çoxu elə bilir Nostradamus narkotik otların təsirindən ağlına gələni yazıb, amma yanılırlar. O, üzərlik tüstüsündən dahiləşib...
Rusiyada, dünyaya körpə gətirən azərbaycanlı anaya qızıl bağışlamışdılar. Burda isə bir həftə xəstəxanada qalan müddətdə nişan üzüyünü satmağa məcbur olan analar var...
Uşaq dünyaya gəlir xəstəxanaya paltar, pul daşıyırsan...
Uşaq məktəbə gedəndə yenə hər il bir rəngdə paltar almağa, pul daşımağa məcbursan...
Övladın əsgər gedəndən sonra yenə üç ayadan bir paltar almalısan, hər ay pul daşımalısan...Yaxşı bəs gur-gur guruldayan ata DÖVLƏT, ana QANUN harda ölüb? Yetim qalan çılpaq körpəni, məktəblini, əsgəri valideyn min zülmlə geyindirirsə ,avara DÖVLƏT hansı üzlə “Körpələr bizim gələcəyimizdir! Güclü ordumuz var! Biz savaşa hazırıq!” deyir. Bu qədər həyasız, saxtakar ATA olar?!
Son olaraq qeyd edim ki, məktəbdə, məhkəmədə, xəstəxanada, elə lap hər yerdə, haqsızlıqla üzləşən vətəndaşların gözündə müsbət enerji haradan olsun?
Belə getsə, bir azdan gözlərdəki mənfi enerji prezidentin, deputatların, nazirlərin par-par parıldayan binalarını göyə sovuracaq. Folklorumuz isə ancaq qarğışlardan ibarət olacaq. Nə qədər gec deyil, hamı qollarını çırmalayıb akademiklə bərabər üzərlik əksin...
P.S. Kaş, səkkiz milyonu vurub keçən Azərbaycan əhalisinin fotosunu çəkə bilən fotoaparatım olaydı. Əllərində üzərlik dəstəsi tutan SUSqun millətimin fotosunun üstünə “Bu millət diridir, yoxsa ölü?” yazıb akademikin kəşf etdiyi aparata salardım...
Şahvələd Çobanoğlu: HƏYƏCANLI BAL AYI
YAP-çı deputat deyir ki, 1992-ci ildə bal ayını həyəcanlı keçirən valideynlərin uşaqları imtahanda aşağı bal toplayıb. Belə getsə, hakim partiya özünün ən yaxşı müdafiəçisi, təmkinli, mədəni sözçüsü Aydın Mirzəzadəni əvəzləməli olacaq. Artıq onun da gücü, heyi çatmır.
Başa düşməyə nə var ki?! Aydın müəllim bu qədər çirkab içindən olan bir rejimi sözü ilə yuyub təmizləyə də bilməz. Nə qədər uydurasan, nə qədər yorum verəsən, nə qədər pərdələyəsən?! İnsanın ağlı çaşar. İnsan məntiqini itirər.
Srağagün radio polemikasına çıxan deputat Aydın Mirzəzadə son tələbə qəbulunda abituriyentlərin yarıdan çoxunun “iki” almasına, tələbə yerlərinin boş qalmasına və boş qalan yerləri doldurmaq üçün “iki” alanların ali məktəblərə qəbul edilməsinə normal bir izah tapa bilməyib və elə bir arqumentə əl atıb ki, tarix boyu bu arqumentdən danışacaqlar, söz salıb güləcəklər, ya da qəzəblənəcəklər.
“Bu il imtahanlarda toplanan ballar niyə çox aşağıdır” sualına başqa izah tapa bilməyən deputat deyib: “İş burasındadır ki, bu il qəbul olunanlar 1992-ci ildə doğulan uşaqlardır. 1992-ci il - müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi bir vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulan uşaqlar bir qədər fərqli olur...”
Əvvəla, Aydın Mirzəzadə həkim deyil. İkincisi, tibb elmində belə şey yoxdur. Üçüncüsü, keçən il qəbul imtahanına qatılanların hamısı həmin il evlənənlərin uşaqları deyil. Dördüncüsü, ötən il imtahan verənlərin hamısı 1992-ci ildə anadan olanlar deyil. Beşincisi, 1991-ci illə 1992-ci ilin həyəcan baxımından heç bir fərqi olmadığı üçün “91-lər” də aşağı bal toplamalı idi.
Altıncısı, təhsil naziri Misir Mərdanov ötən ilin nəticələrinin aşağı olmasını qəbul etmir. Uzağı deyir ki, imtahan testləri çətinləşdirilib. Düzü, bilmirəm ki, test imtahanları niyə asan olmalıdır, amma hər halda nazir özü də Aydın Mirzəzadənin dediyini qəbul etmir. Nəticələrin analoqu olmayan inkişafa tam uyğun olduğunu inad edib durur.
Yeddincisini demirəm, o illərdə evlənənlərdən ayıb olar...
Amma bu söhbətdən sonra pis vəziyyətdə qalan, bellərinə “gerizəkalılıq” damğası vurulan 1992-ci il doğumlu yeniyetmələrə təsəlli verməyə söz tapmıram. Kimsə ölkəni talayır, kimlərsə milyonlar qazanır, Aydın Mirzəzadə də onların əl-üzünü yumaq üçün bu qədər gənc insana damğa vurur.
Ən pis vəziyyətdə 1941-45-ci illərdə doğulan müəllimlərdir. O cür qanlı-qadalı illərdə doğulanların “zay olmasını” düşünsək, onlar pedaqoji fəaliyyətləri ilə bütöv nəsilləri zay ediblər. Elə təhsil naziri də pis vəziyyətdə qalır, haradasa o illərdə doğulub.
Yeri gəlmişkən, bu günlərdə bir məktəbli mənə beşinci siniflər üçün informatika dərsliyində “lakin” bağlayıcısından sonra vergül işarəsi qoyulmasını göstərdi. Məktəbli deyir: “Mən bu səhvi imtahanda təkrar etsəm, kəsilə bilərəm. Onda bu kitabı əlimdə əsas tutub haqqımı müdafiə edə bilərəmmi?”
Kitabı alıb baxdım, müəlliflərdən birincisi kim olsa yaxşıdır? Misir Mərdanov. Neynəyək, nazir adamdır, ondan vergül soruşmaq olmaz. Bir də ki, Misir müəllimin kitab yazmağa vaxtımı var?! Onun işi-gücü qurtarıb ki, vergül qovlasın?! Kitabı bir az vərəqlədim, orada yazılanları heç cür anlamaq olmurdu. Ən adi biliklər elə bərbad üsulla çatdırılır ki, çaşıb qalırsan.
Görünür, adamlar yaxşı illərdə doğulmayıblar. Mənim isə vecimə deyil, Heydər Əliyevin Azərbaycanın başına gəldiyi ildə anadan olmuşam. Atam məqamı tutub.
“Yeni Müsavat” qəzeti
Məlahət Ağacanqızı: MİRZƏSİZ QALAN MƏMLƏKƏT...
Məlahət Ağacanqızı:
Millət möcüzəli xəbərləri eşitmək xəstəliyinə tutulub. Müğənnilərin ürək bulandıran davalarının tozu ekranlardan çəkilməmiş, sarsaq möcüzəli xəbərlər tozanaq qaldırıb. Qəribədir, qəzetlər, telekanallar həmin xəstə toz-torpağı BAŞ xəbər kimi təqdim edirlər :uşaq doğulan kimi iməkləyib, körpənin ayaqlarına “Allah” yazılıb...Hə, nə olsun! Ona qalsa mənim də bədənimə çox şeylər yazılıb, gilas ağaclarım oktyabr ayında çiçək açıb, toyuqlarım üç sarılı yumurta edir, quzularım məni adımla çağırır, pişiyim itlə bir damda yatır...Foto və video ilə də göstərə bilərəm. Amma nə mənası. Mənim üçün möcüzə tamam başqa şeylərdi...
Təhsilin bərbad gündə olmağını bu dərəcədə bilmirdim. Yəni ,doğrudanmı ərəb əlifbası ilə oxuyan bir adam yoxdur ki, bədənə, fındığa, pomidora, ağaca... yazılanları düz oxusun? Bu qədər savadsızlıq olar! Uzun müddət qürbətdə yaşayan hörmətli Elman Mustafazadə Vətənə ayağını qoyan kimi dəstə-dəstə adamlar əllərində dəftər - qələm üstünə qaçdılar ki, bizə bir məktub yaz, dərdimizdən prezidenti agah edək. Yəqin, prezident elə şikayət məktublarının qıtlığından problemləri görə bilmir. Gör ,millət
nə qədər küt olub ki,prezidentə dərdini izah etmək üçün meyvə- tərəvəz, əşya göndərmək də ağlına gəlmir. Məsələn, zonalara bölünən nar, qarpız, qanlı bayraq, qəfəsdə bülbül, bir ovuc torpaq...
Elman bəyin “Azadlıq” radiosuna verdiyi müsahibəsini internetdə oxuyanda çox utandım. Bir azdan məktublarımızı yazıb –oxumaqdan ötrü xaricdə yaşayan soydaşlarımızı MİRZƏ kimi Vətənə dəvət etmək üçün xarici səfirliklərin qarşısında aksiya keçirdəcəyik. Mirzəsiz qalan məmləktdə millətin bədəninə hər dildə “SİZ MƏHVƏ MƏHKUMSUZ” yazılar. Bəlkə də artıq yazılıb. Sadəcə, oxumağı bacaran yoxdur. Yaxşı deyəlim ki, yazılanları yanlış oxuyuruq: ”şeytan” əvəzinə “Allah”, ”nifrət” sözünü “sevgi” kimi .
Bəs, buynuz, quyruq çıxardanları niyə görə bilmirik? Quyruğu, buynuzu olan məmurlar niyə öz “möcüzələrini” gizlədirlər ?Yəqin, hələ quyruqlar, buynuzlar çox balacadır, gizlətmək mümkündür. Bir azdan “möcüzələr” şalvarları, papaqları deşib ortalığa çıxanda biabırçılıq olacaq. Yəni, bu məmləkətdə dərdi, eyibi, möcüzəni quyuya pıçıldayan ,”İsgəndərin buynuzu var, buynuzu...”deyə bilən bir cəsarətli dəllək də yoxdur? Xırdalan qamışlığını yəqin ona görə tez-tələsik qurudub, yerində evlər tikdilər. Hər qamış,
bir dəlləkin pıçıldadığı sirr idi, tütək olmamış yandırıldı. Yəqin, qurudulan bataqlığın üstündə tikilən evlərdə yaşayanlar hər gecə “Əlinin buynuzu var, Vəlinin quyruğu var, Mehbalının bağında 3 yox, 5 ton qızıl basdırılıb...”pıçıltılarını eşidəndə vahimə içində evlərini tərk edəcəklər...
Bir-iki gün əvvəl uşaqları yaxınlıqda olan (bütün parklar Heydər Əliyev adınadır, ona görə hər dəfə parkın qabağında ad yazmaq vaxt itirməkdir) parka gəzməyə aparmışdım. Rus balası Qena da bizimlə getmişdi. Onu da deyim ki, Qenanın saçlarının sarı, gözlərinin göy olmasına baxmayaraq azəri türkcəsi ilə bəzi qarasaçlı-qaragözlü nazirlərimizdən təmiz danışır. Balacalar hay-küylə qaçdı-tutdu, gizlən-qaç oynamağa başladılar. Mən isə fürsətdən istifadə edib kitab oxuyurdum. Bu vaxt hiss etdim ki, uşaqların
səsi birdən-birə kəsildi. Başımı qaldırıb ətrafa baxdım. Uşaqlar bir az uzaqda nəyi isə dövrəyə alıb hüznlü halda dayanmışdılar. Əlləri ilə məni çağırdılar. Getdim. Hə, bax möcüzə buna deyərəm. Uşaqların heyrətlə baxdıqları bir itın məzarı idi. Qara mərmər daşdan düzəldilən məzarın üstünə “Nika. 27. VII . 1998 -03. V. 2009” yazılmışdı. Və tarixin altında ağ sümük rəsmi çəkilmişdi. Bəxtəvər tula Nikanın başına, gör necə və harda dəfn olunub! Sükutu Qena pozdu. Nikanın məzarı başında söylədiyi nitq mənim
üçün növbəti möcüzə oldu: ”Biz Azərbaycandan bir-iki ilə köçəcəyik. Tezliklə Yevrosoyuzda ən bahalı ölkə Azərbaycan olacaq...”.Bir az fikrə gedib, Nikanın məzarına baxa-baxa köks ötürüb dedi: ”Nikanın moqilası, babamın moqilasından daha akuratnıdı”.
Quyruqlu, buynuzlu məmləkət buna deyərlər: QƏHRƏMANların məzarları dağıdılsın, heç yerli-dibli olmasın, tula nikaların məzarları isə parklarda məskən salsın. Bir azdan parklarda it-pişik, ilan-qurbağa heykəlləri görsəm təəccüblənmərəm.
Qenanın ailəsi haqsızlıqdan bezib başqa vilayətə, nənələrinin yanına köçür. Bəs, nənəsi ölmüşlər hara köçsün? Məzara?! Axı, o da yoxdur, dağıdılıb...


