Məlahət Ağacanqızı: PREZİDENT TƏYYARƏYLƏ UÇSA…
Məlahət Ağacanqızı
Hər dəfə İlham Əliyevlə mərhum Heydər Əliyevin iri, rəngli şəkilləri ilə Azərbaycanın hər tinində rastlaşanda dərindən bir “ah!of!” edirəm. Ona görə yox ki, mənim atam niyə prezident olmayıb. Olsaydı, mən də prezident olmasam da, nazirdən-filandan bir şey olardım. Yox! Ona görə ki, niyə mənim atamla yanaşı bir şəklim yoxdur. Niyə mən atamı vaxtız itirmişəm. Elə sızıltılar, “ahlar, oflar” var ki, ömrümüzün sonuna kimi bizi tərk etmir… Atasızlıq-yetimlik böyük dərddir. Ata-övlad şəklini görəndə bu yaşımda başımdan
tüstü çıxırsa, atasız qalan balacaların nə çəkdiyini, bir Allah bilir. Axı, son 16 ilin əksər ata-bala ayrılıqlarının səbəbkarı elə şəkilləri hər yanı bəzəyən “müqəddəs ATA-OĞUL”dur. İşsizlikdən Vətəni tərk edənlərin, maddi-mənəvi əzablardan boğazına kəndir salanların günahı kimdədir? Çıxılmazlıqdan əsəbləri pozulan, əlinə balta alıb ailəsini bələkdəkinə kimi doğrayan bədbəxtin etdiyi cinayətin kökü hara gedib çıxır?
Dünyanın hansı ölkəsində binalar, yollar, kitablar, otaqlar… ATA-OĞUL portretləri ilə bəzədilib?! Portretlə fora verən, onun altında AL-VER edən tək bir ölkə var - Azərbaycan! Bu qədər saxtakarlıq olar?! Vallah, saxta sevgidən, həqiqi nifrət daha əxlaqlıdır.
Ömrü boyu bir tuman-köynəkdə olan məşhur futbolçu Bekhem bir dəfə təsadüfən divarda alt paltarında böyük şəklini görəndə qızara-qızara deyib: “Çox utandım. Zəhrimara qalsın reklamdan qazanılan para, başdan-ayağa rəzalətdir”.
Millətə örnək olası o qədər şəkillər, portretlər var ki… Niyə onlar böyüdülüb divarlara vurulmur, kitablara salınmır?
Axı bu YETİM Vətənin divarlarına, sifarişlə qətlə yetirilən curnalist Elmar Hüseynovun qara lentli şəklini öpən balaca Aslanın böyüdülmüş rəsmi yaraşır. O şəkli görən qatil də utanar, xəcalət çəkər, bəlkə də yerə girər…
Bu Vətənin divarlarına, Azərbaycan bayrağının qeyrətini çəkən, ömürlük həbs edilən Ramil Səfərovun atası ilə yanaşı olan Macarıstan sərhədi boyda şəkli vurulmalıdır. Bəlkə, onda valideynlər övladlarını kişi kimi tərbiyələndirə bilər. Bayrağımızı təhqir edən düşmənlər isə bir daha onu ayağı altına salıb tapdalamaz…
Niyə işğal olunan torpaqlarımızın şəkillərinə heç yerdə rast gəlmirik?
Bəyəm, bizim dərdimiz ancaq üzümüzdəki ləkələrdən, dabanımızdakı çatlardan ibarətdir?! Bəs tarixdəki ləkələri, çatları nə vaxt təmizləyəcəyik, necə müalicə edəcəyik? ən Məşhur firmanın od qiymətinə olan ağardıcı kremləri mənəviyyatı qaralan, gündəlik çörək pulunu zorla qazanan millətin harasına yaraşır? Bizim bir tanış var. İşi elədi ki, əlləri, dirsəkləri tez-tez qaralır. O isə, Sumqayıt xlorunu qabağına qoyub, qollarındakı qara ləkələri silə-silə “bizim xlorun yanında “oriflame” kremi qələt eləyir”,- deyir.
Həqiqətən də bizim milli xlor bir çox məşhur firmaların ağardıcılarından daha keyfiyyətlidir. Çox sınamışam. Amma kimdir dəyər verən?! Kimdir uzunqıç, 90-60 ölçülü qızların əllərinə içi xlor dolu kanistrləri verib, üstünə “bir damlası həyatdır” yazılmış rəngli şəkillərini metro stansiyalarına, divarlara yapışdıran? Onda xarici firmalar kremlərini millətin üzünə, ayağının altına necə yaxar?! Kremlə üzünü ağardan, ayağının altını yumşaldan MİLLƏT boğulanda ayağının altına öpdüyü portreti qoyar…
Üç-dörd gün idi, Bakıdan Qusara kimi olan bütün yollarda polislər camaatı zəlil gününə qoymuşdular. Bir tikə çörək parasını qazanmaq üçün çöllərə düşənlər ev dustağı olmuşdular. Hər dəfə prezident harasa gedəndə millət siçan deşiyinə girməlidir? Onsuz da camaat qayğılardan başını elə itirib ki, yanlarından Allah da keçsə, fikir verməz. Bir də, bankirlər xoşladıqları müğənniyə təyyarə bağışlaya bilir, prezidentin səfərləri üçün bir təyyarə almaq çətin işdir? Elə divarlara vurulan plakatlara, portretlərə xərclənən pullara iki-üç təyyarə almaq olar. Maraqlıdır, prezident Azərbaycan bölgələrinə təyyarə ilə səfər etsə, Bakıdan Qusara kimi əyilə-əyilə gedənlər, portret yapışdıranlar nə işlə məşğul olarlar?! Yəqin ki, kütləvi bekarçılıq, kütləvi işsizlik başlayar. Hardasa “700 min”lik bir ordu…
Əvvəlki məqalə: MƏHKƏMƏDƏ İFADƏ VERƏN POLİS ƏMƏKDAŞLARI EMİNLƏ ADNANDAN BAŞQA XƏSARƏT ALAN KİMSƏ GÖRMƏDİKLƏRİNİ DEDİLƏR
Sonrakı məqalə: Salam hormetli ve eziz Mirze dayi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4613
