Məlahət Ağacanqızı: UÇURUMDA SEVGİ...(şeirlər)
Məlahət Ağacanqızı
GÖZ YAŞLARI BOL OLAN YERDƏ
ŞİRİN SULAR TAPILMAZ...
BİR GÜN GÖRMƏDİM…
Sənli anlarım,
Dəqiqələrim,
Saatlarım
Ömrüm içində
24 saat ola bilsəydi
məzarım üstünə deyərdim yazın:
“Ömründə BİR GÜN görüb”
QƏZAM...
Bütün ürəklərdə
yer
iki nəfərlik...
Üçüncü gələndə
qəza baş verir...
CANIM ,ürəyim-
qəzam xoş gəldin...
Ürəyim, canım-
qəzan mübarək...
VƏRDİŞ EDİRƏM...
Səni görmək üçün
Canım canımdan çıxır...
İstəsəm elə indi gələrəm-
Ölərəm
Dirilərəm...
Sevərəm
Sevilərəm...
Gəlmirəm!-
Sənsiz yaşamağa
vərdiş edirəm...
***
Səni unutmaq üçün
əllərimi açıb
dua edirəm-
əllərimin içində
rəsmin görünür...
TƏNHALIQ...
Səndən və
Allahdan başqa
heç kimim yoxdur...
Amma
nə sənin yanına
gələ bilirəm,
nə Allahın yanına
gedə bilirəm...
Niyə yaşayıram,
necə yaşayıram,
heç özüm də bilmirəm...
SONUNCU...
Tənha qalanda
darıxanda
qorxanda
məğlub olmamaq üçün
başıma çaxmaq istədiyim
SONUNCU gülləmsən...
SƏNi-
sonuncu gülləmi
gicgahıma tuşladım
dodaqlarıma sıxdım
ağzımdan qan yerinə
çiçək töküldü...
UÇURUMDA SEVGİ...
Qapımın kandarı
uçurum...
Bir addım atsam
ya uçurumun dibindəyəm
ya da uçub
gedəcəyəm...
Gözlərimi yumub
irəli gedirəm...
Qəribədir,
həm uçuram,
həm
uçurumun dibindəyəm ...
Həm diriyəm
həm də
ölü kimiyəm -
SƏNinləyəm...
CANIM...
Başımızı
qoşa yastıq üstə
qoymaq üçün
YER üzündə
yer olmadı:
həsrətindən
canı çıxdı bədənimin...
Heç olmasa
əllərini qoşa tut
qoyum başımı -
CANIM qayıtsın...
DARIXMAQ...
Ətrafımda
darıxmaqdan başqa
heç nə yoxdur...
O qədər çoxdur ki
nəfəsim üstə
elə bil şəhər tikilib...
O qədər böyükdür ki
azıb qalmışam -
hara gedəcəyimi
nə edəcəyimi bilmirəm...
DARIXIRAM...
Darıxmaqdan DAŞ oluram...
Nə olar
Səni görmək üçün
heç olmasa
bir anlıq
gözlərimin üstündən
darıxmaq daşlarını apar...
Eh, hara aparasan,
necə aparasan ?!-
Sənin gözlərin üstə
darıxmaqdan
karxana var...
MÖCÜZƏ...
İpə-sapa,
ev - eşiyə ,
həyət-bacaya,
şəhərə-ölkəyə,
yerə-göyə,
lap elə bütün dünyaya
sığmayan bir RUH idim-
SEVGİn bir küncdə
oturtdu məni...
Sevgidən dəli olarlar-
bu sevgi ağıllı etdi məni...
İNTİHAR ...
Qadınlar it olanda
kişilər pişik axtarır...
İt qadınlar
pişik qadınları
incidib
ağaclara çıxardır...
Kişilər
ağaclardan asılmaq
üçün
bəhanə axtarır...
... MM...
Sən mənim adımı
gizlin saxladın...
Adın özündən
cürətli oldu:
adın baş hərflərimizi
yanaşı yazdı...
Adındakı
qoşa hərflərdən
başqa
heç bir yaxınlığımız
doğmalığımız
qalmadı-
heç onu da
qoşa deyən yox,
yaxınlığını bilən yox...
“Aramızdan
su da keçməz...”
deyirsən,
eh, artıq aramızdan
ölkələr keçir...
VƏHŞİ QUŞ...
Mən bir quş idim-
uçmaq istəyəndə
qəfəsə
saldın...
Mən bir quş idim-
Sən mənə
ovcunda dən verməkdən
xəncər ucunda
qanı tökülən
leş verdin...
Mən bir bülbül idim-
ən şirin
nəğmələrimi unudub
“ah- of” oxudum...
Sən məni
elə yedirtdin,
elə incitdin-
vəhşi quşa dönüb
QƏLBİNİ yedim...
HƏQİQƏT...
Evimin divarları
kağızdan hörülüb...
İÇinə
tikanlı məftillərdən
çarpayılar düzülüb...
Hər axşam
tikanlı
məftillərə toxunan
əllərimdən
tökülən qan
yayılır evimin
kağız üzünə...
Qırmızı olur,
ürək kimi döyünür
evim...
Çöldən baxanlar
evimin rənginə,
ürəyə bənzəyən formasına,
“tuk -tuk” edən səsinə,
“İçi məni ,
çölü özgəni yandıran”
bir evə heyran olub...
Bacasından
canımdakı tüstülü
“ah ”ım çıxır...
Burda
əzizlənmək,
öpülmək,
sevilmək ,
zülm...
Mən bu saray evcikdən
yaman yoruldum...
Boğuluram,
çırpınıram,
üzülürəm...
Nə olar, -
məni də
üzü
bəzəkli kağızdan olmayan,
divarları
daşdan-dəmirdən hörülən,
məhbusları
döyülüb-söyülən
dırnaqları çəkilən
saçlarından asılan
həqiqi nifrət olan
saxta sevgi olmayan
bir ZİNDANa aparın ...
Əvvəlki məqalə: İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı – Avgust 2009-ci il
Sonrakı məqalə: MƏHKƏMƏDƏ İFADƏ VERƏN POLİS ƏMƏKDAŞLARI EMİNLƏ ADNANDAN BAŞQA XƏSARƏT ALAN KİMSƏ GÖRMƏDİKLƏRİNİ DEDİLƏR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4601

Cox gozeldir. Hem de urek agridandir. Cunki bu gun bele bir sevginin olmasina, qalmasina, yashamasina….. inanmaq olmur. Amma heqiqeten var. Ezizim Melahet, demek sen seherini de, gunduzunu de, geceni de, demek olar ki, butun omrunu bu sevgini dushunerek yashayirsan. Amma hec kim bilmir ki, hec aglina da getirmir ki, hec yatsa yuxusuna girmez ki, sen bele bir sevgini yashayirsan. Ugurlar dileyirem sene.
Əzizim Məhəbbət,sənin üçün çox DARIXMIŞAM.Elə darıxmışam ki,DAŞ olmuşam və siz tərəfə gələ bilmirəm… Səninlə ilk dəfə “Gənclik”jurnalında tanış olduğumuz günü ömrümün ən gözəl günlərindən biri kimi çox sevirəm və məhəbbətlə xatırlayıram… Sevgiyə ,insanlığa dəyər verməyi ancaq Sənin kimi qızlar bacarar.Çünki Sən qəlbinə xəyanət etmədin.SEVGİni gözlədin,hələ də gözləyirsən… “Sevgisiz ərə getmərəm …” deyib ,bəlkə də İÇində özündən də gizlətdiyin,yalnız RUHunun baş-başa qaldığı bir MƏHƏBBƏTİ qorudun… Əziz Məhəbbət, sevilmək gözəldir,amma SEVMƏK ondan da gözəldir…Vay o sevənlərin halına ki, qılıncını sıyırıb sevdiyinin başı üstündə dayanıb “Mən necə sevirəmsə,sən də məni elə sev …” desin.O sevgi deyil,hikkədir,kindir,təmənnadır.faciədir,lənətdir… Heç vaxt SEVGİdən uzaq olmayasan…
Ezizim Melahet, o qeder gozel yazmisan ki, sene boyuk COX SAG OL-dan basgqa sozler yaza bilmirem. Sen de ve hec kim de hec zaman SEVGIden uzaq olmasin!!! Her neye olursa-olsun, her shey sevgi ile olanda daha gozeldir! Onsuz mumkun deyil heyatda. Bizi yashadan da ele budur. En esasi ise ALLAH sevgisidir! Bunu sen de gozel bilirsen! SEVGIden eskik olmayasan!
Qəza baş verəndə xətərsiz ötüşmür. Vaxt ötdükcə yaralar sağalır. Təki ölüm və ayrılıq olmasın.